Stalinin uğursuz Sibir proqramı – onun icrası hanniballıq və kütləvi ölümlə nəticələnib...  

 

1930-cu illərin əvvəllərində Sibirdə əhalinin sayını artırmaq, istifadəsiz qalan torpaqları yararlı vəziyyətə gətirmək, yeni qəsəbələr salmaq, istehsal sahələri yaratmaq, bütövlükdə Sibiri canlandırmaq üçün SSRİ Xalq Komissarları Sovetində (Nazirlər Soveti) xüsusi proqram hazırlanıb. Proqramın icrasını sürətləndirmək üçün bütün mümkün variantlardan istifadə edilib. İosif Stalin isə fərqli bir təkliflə Sibiri canlandırmağı qərara alıb...

Məhz həmin ərəfədə SSRİ-də pasport sistemi bərpa olunduqdan sonra pasport rejimini pozanlara qarşı ciddi mübarizə kampaniyası başlanıb və bu, çoxsaylı həbslərlə nəticələnib. Stalinin təşəbbüsü başlanan kampaniyanın əsas məqsədlərindən biri də həbs olunanların hesabına Sibirdə əhalinin sayının 3 milyona çatdırılması olub.

Kampaniya zamanı təkcə 1933-cü ilin may ayında Moskva və Leninqraddan 8144 nəfər Tomsk vilayətinin Aleksandrov rayonuna sürgün edilib. Sürgün edilənlər Nazino adasına yerləşdirilib. Nadir hallarda insan ayağı dəyən, heç bir həyat işartısı, minimum yaşayış şəraiti olmayan adada insanların həyatı sözün əsl mənasında, cəhənnəmə çevrilib.

0f21c284143ca0135ff93125eb8c864b_cropped_666x444.jpg (92 KB)

Adaya göndərilən adamlara özlərinə kiçik bir daxma düzəltmək üçün heç bir alət verilməyib. Sürgünün ilk iki-üç günü hava günəşli keçsə də, sonradan Sibirin sərt təbiəti özünü göstərməyə başlayıb. 

May ayı olmasına baxmayaraq küləkli hava şəraitində yağan yağış qara çevrilib. Əl gücünə düzəldilən komalar sərt küləyə tab gətirməyib. Digər bir tərəfdən isə aclıq elə ilk günlərdən adada olan insanların arasında kütləvi xəstəlik və ölümə səbəb olub.

Ada sakinlərinə gün ərzində bir dəfə bir ovuc kəpək, bir ovuc un verilib. Bəziləri hədsiz aclıqdan verilənləri suya qatmadan yeyərkən boğularaq ölüb. Xəstəlik, halsızlıq o səviyyəyə çatıb ki, çoxları gecələr yandırdıqları tonqalların ətrafında huşlarını itirərək yanıblar. Cəmisi 3-4 gün ərzində dözülməz şəraitdən 300 nəfər həyatını itirib.

Adadan qaçmağa cəhd edənlər də az olmayıb. Ada ilə kənd arasında məsafənin az olması üzüb sahilə keçməyə imkan versə də silahlı mühafizəçilər buna imkan verməyib. Qaçmağa cəhd edənlər dərhal yerindəcə güllələniblər. 

fffuuuuu.jpeg (103 KB)

Adada ot, yarpaq, yosun, çürüyərək yumşalan ağac qabığı yemək adi hala çevrilib. Amma bu da insanların aclığının qarşısını ala bilməyib. İnsanlıq cildindən çıxan adamlar daha dəhşətli vasitələrə əl atıblar, adam ətinə tamah güclənib.

Əvvəllər kimisə öldürüb ətini yemək adanın görünməyən yerlərində baş verib. Çox keçməmiş hanniballıq da adi hala çevrilib. İlk vaxtlarda ölənlərin əti yeyilib. Sonralar isə adamlar bir-birlərini öldürüblər ki, ətinə sahib olsunlar.

Adaya ayda bir-iki dəfə Tomsk vilayətinin rəhbərləri yoxlamalara da gəliblər. Amma bu yoxlamalar formal xarakter daşıyıb, heç nəyi dəyişməyib.

Nazino adasında baş verənlər tam məxfi saxlanılıb. Ada yaxınlığındakı eyniadlı kənddə hadisələrin şahidi olanlara danışmamaları ilə bağlı ciddi xəbərdarlıq olunub. Yalnız 1980-ci illərin sonlarında Nazino dəhşətləri haqqında ictimaiyyətə məlumat verilib.

fuuueeee.jpeg (114 KB)

Nazino kəndinin sakini Mariya Panova sonralar jurnalistlərə adada baş verən dəhşətlər haqqında aşağıdakıları söyləyib:

“Kəndlə adanın arasında məsafə çox az idi. Kəndin mal-qarası orada biçilən otu yemək üçün üzərək adaya keçirdi. Biz orada baş verənləri gündüzlər aydın görürdük. Yaşanan dəhşətlər də artıq bizim üçün adiləşmişdi. Mən çox hadisələrin şahidi olmuşam. O da yadımdadır ki, hərdən qadınlardan birini lüt soyundurub ağaca bağlayırdılar, diri-diri döşünü, yumşaq yerlərini kəsib, tonqalda qızardıb, iştahla yeyirdilər. Çox vaxt “ət” bölgüsündə dava düşürdü. Vəhşilik o dərəcəyə çatmışdı ki, ölü ətindən imtina olunurdu, diri ət uğrunda mübarizə gedirdi. Bu ada insanları insanlıqdan çıxarmışdı...”

Qeyd edək ki, Stalinin Nazino adası ilə bağlı gözləntiləri heç bir nəticə verməyib. Adaya göndərilənlərin işçi qüvvəsi kimi istifadə edilməsi də mümkün olmayıb.  Belə ki, 13 ay ərzində adaya sürgün olunanların yarıdan çoxu  aclıqdan və xəstəlikdən ölüb. 810 nəfəri isə qaçmağa cəhd edərkən güllələnib. Qalanları isə ağır xəstəliklər nəticəsində əlil və şikəst olublar.

İlham Cəmiloğlu, Musavat.com

08.06.2024 13:58
1837