Stalinin əfv etdiyi əsir general – o, haqqı olduğu qəhrəman adını 1993-cü ildə alıb  

 

2020-ci ilin son araşdırmalarına görə sovet-alman müharibəsi zamanı SSRI silahlı qüvvələrinin 80 generalı almanlara əsir düşüb. Onlardan üçünün taleyi bu günə qədər məlum deyil. Generallardan 6 nəfəri əsir düşərgələrindən qaçmağa müvəffəq olub. 27 əsir general düşərgələrdə ölüb. 22 nəfər əsir general isə SSRİ Hərbi Kollegiyasının qərarı ilə müxtəlif cəzalara məhkum ediliblər, 5 nəfəri asılmaqla edam edilib, 13 nəfəri güllələnib, 2 nəfəri həbsxanada ölüb, 2 nəfəri isə cəzalarını başa vurduqdan sonra SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciət edərək bəraət alıblar Əsir düşən generallardan 22 nəfəri isə müharibə ərəfəsində və müharibədən sonrakı illərdə yenidən xidmətlərini davam etdiriblər. Onlardan biri də general-leytenanat Mixail Lukin olub.

Qeyd edək ki, 16 avqust 1941-ci ildə Dövlət Müdafiə Komitəsində əsirlərlə bağlı 270 nömrəli əmr imzalanıb. Əsir düşən və müharibədən sonra əsirlikdən qayıdan sovet generallarının hansı statusda qalacaqlarını isə xüsusi olaraq “NKVD” və “SMERŞ” müəyyənləşdirib. Bu məsələ ilə bağlı hər iki qurumun rəhbərliyi mütəmadi olaraq İosif Stalinə məruzə ediblər və müzakirələr aparıblar.

Növbəti müzakirələrin birində “SMERŞ” rəhbəri Viktor Abakumov Stalinə müharibə zamanı əsir düşmüş və 1945-ci ilin aprelində azad olunmuş general Lukin haqqında məruzə edərək onun antisovet fəaliyyətini diqqətə çatdırıb. Stalin Lukinlə bağlı toplanmış sənədləri nəzərdən keçirdikdən sonra soruşub:

1494393242186875824.jpg (65 KB)

-Yoldaş Abakumov, siz belə düşünürsünüz ki, general Lukin almanlarla əməkdaşlıq edib?

-Bəli, yoldaş Stalin.

-Yanılırsınız. Əməkdaşlıq başqa bir məsələdir, dövlət əleyhinə danışmaq başqa məsələ. Lukinlə bağlı məsələdə mən sizdən daha çox, “NKVD”-nin agenturasının təqdim etdiyi materiallara inanıram. Lukin almanlara işləməyib, onlarla əməkdaşlığa getməyib. Odur ki, Lukininin rütbəsinin bərpa edilməsi və silahlı qüvvələrin sərəncamına götürülməsi üçün sənədlər hazırlayın, sonrasına baxarıq. O, təhlükəli adam deyil.

Maraqlıdır, agentura Lukinlə bağlı Stalinə hansı materialları təqdim edib? Bu materiallarda Lukinin əsirlikdə olduğu illərdə hansı faktlar öz əksini tapıb?

Sovet-alman müharibəsi başlanana qədər Lukin 23-cü motoatıcı diviziyanın komandiri, Moskvanın hərbi komendantı, Sibir hərbi dairəsində qərargah rəisinin müavini, həmin hərbi dairənin komandan müavini, daha sonra həmin dairənin tabeliyində olan 16-cı ordunun komandanı vəzifələrində xidmət edib.

1941-ci ildə müharibə başlananda 16-cı ordunun dislokasiya yeri Ukraynaya köçürülüb. Qısa bir müddət Ukrayna cəbhəsində xidmət etdikdən sonra Lukin Smolensk istiqamətinə göndərilib. Smolensk döyüşlərində o, uğurlu hərbi əməliyyatları ilə fərqlənib.

1941-ci ilin avqust ayında Lukini Qərb cəbhəsindəki 20-ci orduya komandan təyin ediblər. Onun üzərinə düşən əsas vəzifə Moskvaya istiqamət alan alman qoşunlarının qarşısını kəsmək, hücumlarla düşmən qüvvələrinin gücünü parçalamaq və yayındırmaq olub. Lukin ona həvalə olunan vəzifəni lazımınca icra edib. 15 oktyabr 1941-ci ildə, növbəti hərbi əməliyyat zamanı general döyüşlərdə yaralanıb. Huşsuz vəziyyətdə olan Lukin almanlar tərəfindən əsir götürülüb.

Stalin_in_March_1935.jpg (85 KB)

Almanlar ilk növbədə Lukini dərhal səhra hospitalına çatdırıblar. Berlindən gələn ilk tapşırıq o olub ki, “qiymətli qəniməti” - generalı sağaltmaq lazımdır. Alman həkimlər sovet generalının həyatını xilas ediblər, amma onun bir ayağını kəsmək məcburiyyətində də qalıblar. Sonra Lukin Almaniyaya aparılıb.

Lukinlə sorğu-sualı Almaniyanın yüksəkçinli dövlət məmurları və hərbçilər aparıb. Onu dindirənlərdən biri isə feldmarşal Vilhelm Keytel olub. İki peşəkar hərbiçinin söhbəti protokollaşdırılıb. Məhz həmin protokol sonralar sovet agenturasının əlinə keçib və onu yuxarıda qeyd etdiyimiz kimi Stalinə çatdırıblar.

Lukin Keytelin kabinetinə daxil olan kimi heç bir giriş gözləmədən ona müraciət edib:

-Mən hərbi mövzuda heç nə danışmayacağam. Təklif edəcəyiniz əməkdaşlığı da qəbul etməyəcəm.

Sovet generalının bu cəsarəti alman feldmarşalının xoşuna gəlib:

-Sizin zabit qürurunuza qibtə etmək olar. Əsl zabitlər bütün vəziyyətlərdə öz şərəfini qorumalıdır. Təəssüf ki, qırmızı hökumət (SSRİ-ni nəzərdə tutub) sizin qədrinizi bilmir.

Bu ifadə sanki Lukinə danışmaq üçün bir imkan yaradıb və o, heç bir məcburetmə olmadan kommunist rejiminin əleyhinə “ürəkdolusu” danışmağa başlayıb:

-Qırmızı hökumət təkcə hərbçilərin yox, heç kimin qədrini bilmədi. Kommunistlər kəndlilərə torpaq, fəhlələrə zavod və fabriklər vəd etdilər. Buna görə də xalq onları dəstəklədi. Bu sovet xalqının ən dəhşətli səhvi idi. Əvvəlki Rusiya dövrü ilə müqayisədə bu gün kəndlilərin heç bir şeyi yoxdur. Ən yaxşı halda Sibirdə kolxozçu günə 4 kiloqram çörək qazanır, onun qazancı yalnız budur. Fəhlənin aylıq qazancı isə 300-500 rubl arasındadır. Bu məbləğə heç nə almaq mümkün deyil. Yeməyə heç nə tapılmayanda və bununla yanaşı qorxu içində yaşayanda əlbəttə ki, ruslar Stalin rejimindən qurtulmağa çalışacaqlar...

Feldmarşalla generalın söhbəti təxminən iki saata yaxın davam edib. Sonda Lukin fikrini belə yekunlaşdırıb:

-Danışdıqlarımız adi həyati söhbətlərdir. Mənim söylədiklərim heç də sizə əsas verməsin ki, mən almanlarla əməkdaşlıq edəcəyəm. Mənə başqa sualınız yosdursa, göstəriş verin, məni aparsınlar.

Lukindən hərbi sirrləri almaq, əməkdaşlığa cəlb etmək üçün almanlar çox cəhd göstəriblər. Hətta nasist Almaniyasının tərəfinə keçən general Andrey Vlasovu da onunla söhbətə göndəriblər. Bütün bu cəhdlərin heç biri nəticə verməyib.

scale_1200-1.png (122 KB)

Almaniyada əsirlikdə olduğu illərdə Lukinə fərqli yanaşıblar, onunla normal davranıblar.

1945-ci ilin aprel ayının sonlarında Lukin ABŞ qoşunları tərəfindən əsirlikdən azad olunub. Kommunistlərin əleyhinə danışmasına baxmayaraq Stalin onun almanlarla əməkdaşlıqdan imtina etməsini yüksək qiymətləndirərək Lukinin general rütbələrini bərpa edib və onu yenidən silahlı qüvvələrin sərəncamına götürüb. 1946-cı ildə səhhətinə görə Lukin general-leytenant rütbəsində istefaya göndərilib.

1966-cı ildə bir qrup marşal, o cümlədən İvan Konyev, Konstantin Rokossovski, Semyon Timoşenko Leonid Brejnevə Smolensk uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Lukinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı müraciət ediblər. Mərkəzi Kommitə müraciətə müsbər cavab verməyib.

Mixail Lukin 1970-ci ildə, 77 yaşında vəfat edib. O, Moskvada Novodeviçye qəbiristanlığında dəfn edilib.

General haqqı olduğu qəhrəman adına isə ölümündən 23 il sonra layiq görülüb. Rusiya Federasiyası prezidentinin 1 oktyabr 1993-cü il 1553 nömrəli fərmanı ilə Mixail Lukin (ölümündən sonra) Rusiya Federasiyasının qəhrəmanı adı ilə təltif olunub.

İlham Cəmiloğlu, Musavat.com

15.06.2024 14:17
1656