SSRİ tarixində baş verən ən dəhşətli epidemiyalar haqqında məlumatlar onilliklər ərzində gizlədilib. Həm həkimlərə, həm sağ qalanlara və həm də milyonlarla ölən şəxsin qohumlarına xəstəliklər haqqında danışmaq qadağan edilib.
Qrip
1918-1919-cu illərdə bolşeviklərin dövlət çevrilişi edərək hakmiyyətə gəldiyi dövrdə ölkəyə “ispan qripi” gəlib. Bu, indiyə qədər də ən ölümcül qrip epidemiyası hesab olunur. Həmin dövrdə ölkə əhalisinin 3,4%-i, yəni 3 milyon vətəndaşı xəstəlikdən dünyasını dəyişib.

1950-ci illərin sonlarında SSRİ “Asiya qripi”ndən əziyyət çəkib. Xəstəliyin ilk dalğası 1957-ci ilin mayında qeydə alınıb. Həmin ilin sonunda ən azı 21 milyon sovet vətəndaşına qrip diaqnozu qoyulub. 1970-ci illərin sonunda ölkəni yenidən epidemiya bürüyüb. Onun qlobal yayılmasının Sovet İttifaqında başladığı üçün xəstəliyə “rus qripi” adı verilib. Gənclər - 20 yaşdan kiçiklər infeksiyaya daha çox həssas olublar. Dünyada “rus qripi”ndən azı 300 min insan ölsə də, SSRİ-də yoluxma və ölüm statistikası gizlədilib.
Meningit
Ən ölümcül xəstəliklərdən biri hesab edilən meningitin yayılmasına insanların çoxluğu və pis mənzil şəraiti səbəb olub. Dünyada menengit epidemiyaları həmişə gözlənilmədən başlayıb və anidən bitib. Epidemioloqlar həmin dövrdə meningitin sirlərini açmağa çalışsalar da, heç bir irəliləyiş əldə edilməyib. Sonradan müəyyən edilib ki, patogen insan populyasiyasında daim yaşayır. Tipik olaraq, infeksiya asemptomatikdir və zaman keçdikcə bədənin immun hüceyrələri onu məhv edir. İlk meningit epidemiyası SSRİ-də 1930-1940-cı illərdə qeydə alınıb.

Qabriçevski adına Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun meningokok infeksiyası laboratoriyasının müdiri Tatyana Çernışova qeyd edib ki, o illərdə meningitin yayılma ərazisi çox böyük olub. Menengit müharibə illərində kazarmalarda və nasistlər tərəfindən dağıdılmış şəhərlərin sakinlərinin məskunlaşmaq məcburiyyətində qaldığı yerlərdə geniş yayılıb.
Müharibədən sonra SSRİ-nin əhalisi əhəmiyyətli dərəcədə azalıb və xəstəliyə yoluxma halları azalmağa başlayıb, lakin 1960-cı illərdə meningit yenidən qayıdıb. O vaxta qədər təcrübələrində bu xəstəliyə rast gəlməmiş və onun simptomları ilə belə tanış olmayan həkimlər nəsli yetişib. Yalnız 1997-ci ilə qədər epidemioloqlar epidemiyanın səbəbini müəyyən edə biliblər.
Taun
Sovet dövründə taun keçmişin qalığı hesab olunub - əhalinin kütləvi peyvəndlənməsi həqiqətən də təsirli olub. Yalnız kiçik bir mütəxəssis dairəsi bildirib ki, taun epidemiyaları vaxtaşırı ölkənin geniş ərazisində, daha çox Cənubi Qafqazda, Qazaxıstanda və Orta Asiya regionlarında baş verib.

Mənbələrdə qeyd olunan ilk epidemiya 1921-ci ildə Primorsk diyarında baş verib. Xəstəliyin pnevmonik forması Çindən gəlib. Oxşar hallar sonradan digər bölgələrdə - 1939-cu ildə Moskvada, 1945-də Volqa-Ural bölgəsinin cənubunda, Orta Asiyada, 1946 -ci ildə Xəzər regionunda, Türkmənistanda, 1947-1948 -ci illər Həştərxan vilayətində, Qazaxıstanda, 1949 -da yenidən Türkmənistanda, 1970 -də Elbrus rayonunda, 1972 -də Kalmıkiyada, 1975-də Dağıstanda, 1980-də Xəzər regionunda, 1981-ci ildə isə Özbəkistan və Qazaxıstanda olub. Bu da öz növbəsində tam siyahıdan uzaqdır. Statistik məlumatlar ancaq SSRİ dağılandan sonra açıqlanıb. 1940-cı illərin ortalarından taunla əvvəlcə sulfidin və metilen mavisi, sonra streptomisinlə uğurla mübarizə aparılıb.
Xəstəliyin müəyyən edilməsi və insanların müalicəsi ilə məşğul olan həkimlərdən susmaq tələb olunub və onların fəaliyyətləri təsnifləşdirilib. Taun əleyhinə xidmətdə çalışanlara hətta ailə üzvləri ilə belə işlərini müzakirə etməyə icazə verilməyib.
Vəba

Rusiya imperiyasının süqutu, vətəndaş müharibəsi, dağıntılar və aclıq - bütün bunlar vəba xəstəliyinin yayılması üçün əlverişli şərait yaradıb. Lakin xəstəliyin qarşısı alınıb və sonra yatırılıb. Xəstəlik 1960-cı illərin ortalarında vəba yenidən gündəmə gəlib. 1961-ci ildə İndoneziyadan gələn vəba digər ölkələrə yayılmağa başlayıb. “El Tor” ştammı Əfqanıstandan olan narkotik alverçiləri vasitəsilə SSRİ-yə çatıb. İlk yoluxma halları isə Özbəkistanda qeydə alınıb.
Karantin zonası doqquz min əsgər tərəfindən qorunub. 1970-ci ildə qorxulu xəstəlik yenidən tüğyan edib və iyulun 11-də Orta Asiyadan Batumiyə gələn iki tələbəyə vəba diaqnozu qoyulub.
O vaxta qədər onlar artıq infeksiyanı bir çox insana ötürüblər. Ayın sonunda xəstəlik artıq Həştərxana çatıb. İnsanlar ölməyə başlayıb və vəba çox sürətlə yayılıb. Böyük epidemiyalar Odessa, Xerson və Naxçıvanda baş verib. Yoluxmuş və ölənlərin dəqiq sayı təsnif edilib. Amma yoluxmuşların 1%-dən çoxunun öldüyü bildirilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün