“SSRİ-2”yə qarşı Azərbaycan SSENARİSİ – Ukraynada müharibə BUNA GÖRƏ bitmir

ABŞ-dakı Müharibə Tədqiqatları İnstitutu (ISW) Rusiya-Ukrayna müharibəsi ilə bağlı növbəti təhlilini açıqlayıb. Orda deyilir ki, prezident Vladimir Putin Ukraynanı 2027-ci ilin yazınadək kapitulyasiyaya məcbur etmək istəyir.

Mümkünmü? Kapitulyasiya xülyası qırağa, Rusiya gələn bahara qədər heç Donbası tam işğal edə biləcəkmi? Ukrayna xalqının iradəsi sındırılmadan buna necə nail olmaq olar?

Məsələ bundadır. Artıq aydındır ki, ABŞ lideri belə, Zelenskini torpaq güzəştinə məcbur edə bilməyəcək. Tramp bunu bacarsaydı, indiyədək edərdi. Yaxud istəməyib. Yəqin o səbəbə ki, ona Kreml yiyəsinin əsas hədəfinin yalnız Donbas olmadığını anlada biliblər...

“Atlantik Kounkil” nəşri də elə bu xüsusda yazıb ki, Putin üçün müharibə yalnız ərazi mübahisəsi deyil və ona görə də Ukraynanın məhdud ərazi güzəştləri sülhə zəmanət verə bilməz. Qeyd olunur ki, Kreml rəhbəri yalnız iki variant görür: tam qələbə və ya sonsuz müharibə.

Nəşr ardınca xatırladıb: “Ötən həftə prezident Volodimir Zelenski BMT-də çıxışı zamanı torpaq güzəştlərinin işğala son qoyacağı ilə bağlı ehtimalları rədd edib. Ukrayna lideri bildirib ki, hətta Donbası Putinə güzəşt edilsə belə, o, dayanmayacaq”.

Bildirilir ki, Putin üçün Ukraynaya qarşı müharibə, sadəcə, ərazi ələ keçirilməsi deyil: “Bu, Ukrayna dövlətçiliyini məhv etmək və Rusiya imperiyasını yenidən dirçəltmək məqsədi daşıyan tarixi missiyadır” (Axar.az).

Nəşrə görə, Kreml rəhbərinin Ukrayna dövlətçiliyinə qarşı kəskin mövqeyi onun Sovet İttifaqının dağılmasına qarşı dərin və uzunmüddətli narazılığını əks etdirir. “Putin SSRİ-nin dağılmasını “tarixi Rusiyanın məhvi” adlandırmışdı. Genişmiqyaslı işğaldan hələ əvvəl Putin dəfələrlə ruslar və ukraynalıların guya bir xalq olduğunu iddia edib. İşğaldan bir gün əvvəl isə o, hətta Ukrayna dövlətinin legitimliyini şübhə altına alıb”, – məqalədə vurğulanır...

Müharibəyədək Rusiya prezidenti bəzi başqa diqqətçəkən fikirlər də söyləyib. Məsələn, deyib ki, “SSRİ-nin dağılmasına sevinənlərin ürəyi, onun bərpasına ümid edənlərin isə ağlı yoxdur”.

Razılaşaq ki, həm də ziddiyyətli və ikibaşlı ifadədir. Demək ki, cənab Putin şər imperiyasının çöküşü, xalqların müstəqillik qazanması və yaxud Azərbaycan xalqı kimi öz müstəqilliyini bərpa eləməsi ilə barışmayıb. Ukraynaya qarşı 5 ildir davam edən işğalçı müharibə bunun bariz sübutudur. Bundan da güclü dəlil-sübut?..

Rusiya prezidentinin bəzi digər “qanadlı ifadələri” də var. Misal üçün, bildirmişdi ki, “Bizim ən etibarlı müttəfiqimiz ordumuzdur”, yaxud “harda ruslar yaşayır, Rusiyanın sərhədi ordan keçir”. Ayrı sözlə, “haqlı həmişə güclüdür” yox, “güclü həmişə haqlıdır” imperiya məntiqi! Təbii ki, bu məqamda beynəlxalq hüquqdan danışmağa dəymir.

Attachment

Yeri gəlmişkən, BMT, ATƏT nə qədər tənqid olunsa da, beynəlxalq hüquq pis-yaxşı gözlənilir. Bunun nəticəsidir ki, 5 ildə Ukraynanın ərazi bütövlüyü və suverenliyi əleyhinə (Rusiyanın xeyrinə) bir beynəlxalq sənəd belə qəbul olunmayıb. Bircə ölkə, hətta Moskvanın KTMT üzrə ən yaxın müttəfiqləri – Belarus, Ermənistan, Qazaxıstan belə, işğal olunan torpaqları Rusiyanınkı elan eləməyib. Moskvaya kifayət qədər güclü siqnaldır.

Yenə məhz beynəlxalq hüquqa pis-yaxşı hörmətin nəticəsidir ki, Azərbaycan gec də olsa, öz ərazi bütövlüyünü bərpa edə bilib. Eyni dözümü, eyni təmkin və qətiyyəti, eyni ssenarini (Azərbaycan ssenarisi -2) Ukrayna xalına arzu edirik. Kreml kabinetlərində çox planlar qurula bilər, həlledici SÖZ yenə təcavüzlə üzləşən xalqa məxsusdur...

Z.SƏFƏROĞLU

30.09.2026 12:53
1686