“Söyüş siyasəti”nin sonu çatır – Bakıdan sərt XƏBƏRDARLIQ

Son illər sosial şəbəkələrdə özünü müxalifət kimi təqdim edən bəzi şəxslərin siyasi polemikanı təhqir, böhtan və şəxsi qarayaxma kampaniyasına çevirməsi cəmiyyətdə ciddi narazılıq doğurur. “Söyüş müxalifəti” kimi tanınan bu çevrələrin fəaliyyətinin hüquqi müstəviyə daşınması isə yeni müzakirələr açıb.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin açıqladığı məlumata görə, Fransada uzun sürən məhkəmə prosesindən sonra həbsdə olan AXCP sədri Əli Kərimlinin “adamı” Qənimət Zahid kompensasiya ödəyib. Bu hadisə internet məkanında təhqir və böhtanın hüquqi məsuliyyət doğurduğunu yenidən gündəmə gətirir.

Bəs siyasi mübarizə ilə təhqir arasındakı sərhəd haradan keçir? “Söz azadlığı” adı altında böhtan və qeyri-etik davranışlar qanun qarşısında hansı nəticələrə səbəb ola bilər?

Deputat: "Söyüş müxalifəti"nə maliyyə və məlumat ötürən məmur, o cümlədən  şəxslərin adları bəlli olacaq, onlar sərt şəkildə cəzalandırılacaqlar"  Pravda.az

“Siyasi mübarizə cəmiyyətə alternativ baxış, yeni ideyalar və sağlam rəqabət təqdim etməlidir. Lakin son illər özünü müxalifət kimi təqdim edən bəzi dairələrin fəaliyyəti göstərir ki, onlar siyasi debat əvəzinə təhqiri, arqument əvəzinə böhtanı, fikir mübadiləsi əvəzinə isə söyüşü əsas fəaliyyət üsuluna çeviriblər”. Bu sözləri Musavat.com-a deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, demokratik cəmiyyətlərdə söz azadlığı fundamental dəyər olsa da, bu azadlıq heç vaxt böhtan atmaq, insanların şərəf və ləyaqətini alçaltmaq hüququ vermir:
“Siyasi polemika faktlara, arqumentlərə və ictimai maraqlara əsaslanmalıdır. Təəssüf ki, bəzi radikal çevrələr sosial şəbəkələrdən siyasi mübarizə platforması kimi deyil, şəxsi hücum, şantaj və qarayaxma kampaniyalarının aparıldığı məkan kimi istifadə edirlər. Bu isə nə demokratiyadır, nə də siyasi fəaliyyət nümunəsidir”.
Deputat qeyd edib ki, cəmiyyət artıq bu yanaşmanı düzgün qiymətləndirir və təsadüfi deyil ki, həmin qruplar ictimai rəydə “söyüş müxalifəti” kimi xarakterizə olunur: Onların fəaliyyətində dövlət idarəçiliyinə alternativ proqram, sosial-iqtisadi inkişafla bağlı konsepsiya və ya ölkənin gələcəyinə dair konkret baxış yoxdur. Əsas məqsəd emosional manipulyasiya yaratmaq, təhqirlə diqqət çəkmək və sosial şəbəkələrdə süni gündəm formalaşdırmaqdır”.

Vüqar İskəndərov vurğulayıb ki, internet məkanı hüquqi məsuliyyətdən kənar zona deyil: “Əgər məhkəmə qərarları ilə böhtan və təhqir faktları təsdiqini tapırsa, bu, hüququn aliliyinin praktik təzahürüdür. Xaricdə yaşamaq, sosial şəbəkələrdə fəaliyyət göstərmək və ya özünü siyasi fəal kimi təqdim etmək heç kəsi qanun qarşısında məsuliyyətdən azad etmir”.

Parlament təmsilçisinin sözlərinə görə, ən vacib məqamlardan biri də gənc nəslə ötürülən davranış modelidir: “Siyasi mədəniyyətin yerini küçə leksikası, arqumentli müzakirələrin yerini isə təhqir tutduqda, bu, bütövlükdə ictimai münasibətlərə mənfi təsir göstərir. Gənclər fikir müxtəlifliyinin normal olduğunu, lakin şəxsi təhqirin və böhtanın heç vaxt siyasi alət sayıla bilməyəcəyini görməlidirlər. Sağlam siyasi mühit yalnız qarşılıqlı hörmət, etik davranış və qanunun aliliyinə əsaslanan müzakirələrlə formalaşa bilər”.

Parlamentari deyib ki, dünya təcrübəsi də sübut edir ki, nifrət ritorikası üzərində qurulan siyasi fəaliyyət uzunömürlü olmur: “Müvəqqəti səs-küy yaratmaq mümkündür, lakin cəmiyyət zaman keçdikcə kimlərin ideya, kimlərin isə yalnız aqressiya üzərində fəaliyyət göstərdiyini aydın şəkildə ayırd edir. Azərbaycanın siyasi mədəniyyəti də məhz konstruktiv tənqidi, məsuliyyətli mövqeni və dövlətçilik maraqlarını üstün tutan yanaşmanı dəstəkləyir”.

Vüqar İskəndərov vurğulayıb ki, hüquq dövləti şəraitində həm söz azadlığı, həm də insanın şərəf və ləyaqəti eyni dərəcədə qorunan konstitusion dəyərlərdir: “Bu iki prinsip bir-birinə qarşı qoyula bilməz. Siyasi rəqabət yalnız ideyalar üzərində qurulduqda cəmiyyət inkişaf edir. Böhtan, təhqir və söyüş isə nə siyasi mübarizədir, nə demokratiyanın göstəricisidir, nə də ictimai etimad qazandıran fəaliyyət formasıdır. Hüququn aliliyi və sağlam siyasi mədəniyyət məhz bu cür yanaşmaların qarşısını almaq üçün mövcuddur. Mənəvi tərəfdən baxsaq isə hamı bu dünyadan gedəcək, hətta o da son deyil, sən getsən də burada çox şey qoyub gedirsən, adın, əməllərin, övladların yaxınların və s. Onlara əmanət qalacaq ən yaxşı olan sənin bu həyatdakı yaxşı adın və əməllərindir. Hüquqi baxımdan isə hamı ali qanun qarşısında etdiklərinin hüqiqi cavabını verməlidir. Alternativ yoxdur”.


Cavanşir Abbaslı
Musavat.com

06.08.2026 14:56
994