“Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub”.
Bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin son plenar iclasında deyib.
O bildirib ki, 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5-1,6 milyon uşaq təhsil alırdısa, bu temp davam etsə, bir neçə ildən sonra bizim məktəblərimizdə oxuyanların sayı təxminən 1 milyon olacaqdır. Bu isə 50 minə yaxın müəllimin ixtisarı risklərini yaradır:
“Bir neçə on ildən sonra isə, yəqin ki, pensiyada olan əhali ilə işləmə qabiliyyətində olan əhali arasında nisbətdə ciddi dəyişikliklər baş verəcək. Bu da həm iqtisadiyyatımıza, həm də sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və ondan sonrakı illərdə hökumətimizin demoqrafik məsələlərə diqqəti artırılacaq”.

Bəs çıxış yolu? Hökumət qarşıdakı illərdə ilk növbədə hansı tədbirlərə diqqət yönəltməlidir?
Sosioloq Elçin Bayramlı mövzu ilə bağlı Musavat.com-a bildirib ki, bu tendensiya əksər ölkələrdə müşahidə olunur:
“Əhalinin qocalması, doğumun azalması, gənc nəslin sayının azalması əsasən evliliklərin azalması və yeni uşaqların az doğulması ilə bağlıdır. Boşanmaların sayı da artıb. Mövcud ailələrdə isə uşaq sayı ya bir, ya da ikidir. Əslində minimum 3 uşaq olmalıdır. Bir çox ölkələrdə sosial dəstək layihələri mövcuddur. Ailələrə sosial güzəştlər edilir, gənc ailələrin evlə təminatına dəstək verilir. Hətta bəzi ölkələrdə yeni ailə quranlara 20-30 min məbləğində vəsait də verilir. Bir sıra ölkələrdə isə uşaq pulu məsələsi gündəmdədir. 3 və ya 4 uşaqlı ailələrə müxtəlif məbləğlər təklif edilir ki, bu da onların uşaq saxlama qayğısını azaldır. Azərbaycanda da bəzi güzəştlər var. 6 və daha çox uşağı olan ailələrə vəsait verilir. Lakin bu çox yüksək rəqəmdir, çünki indi 6 uşaqlı ailəyə rast gəlmək demək olar ki, mümkün deyil. Artıq 3 uşaqlı ailə çoxuşaqlı sayılmalıdır. Ona görə də 3 uşaqlı ailənin çoxuşaqlı kimi qəbul edilməsi məsələsi parlamentdə də müzakirə edilir. Heç olmasa ayda 100 manat məbləğində dəstək tətbiq olunsa, bu problemin həllinə ciddi təsir göstərə bilər. Biz əhali olaraq çoxuşaqlı ailə ənənələrinə malikik və bunu qorumaq lazımdır. Bir uşaqlı ailə modelinə keçməməliyik. Bu, sosial problemdir və gələcəkdə iqtisadi problemlər yarada bilər”.

Sosioloq, pedaqoq Malvina Amirova da Musavat.com-a deyib ki, qarşıdakı illərdə demoqrafik problemləri həll etmək üçün hökumət bir neçə istiqamətə diqqət yetirməlidir:
“İlk növbədə, ailələrin dəstəklənməsi əsas olmalıdır. Uşaq pulları bərpa olunmalı və artırılmalı, uşağın dünyaya gəlməsi ilə bağlı digər maddi yardımlar genişləndirilməli, uşaq baxımı, sağlamlıq və təhsil xərcləri üçün güzəştlər tətbiq olunmalıdır. İnsanlar yalnız maliyyə baxımından deyil, həm də sosial baxımdan təhlükəsizlik hiss etməli, gələcəyə inamla yanaşmalıdırlar. Eyni zamanda, gənc ailələr üçün həm ev, həm də iş təminatı mütləqdir. Maaşlar real yaşayış xərclərinə uyğun artırılmalı, qiymətlər yüksək, maaşlar isə aşağı olduğu üçün ailələr ciddi çətinliklər yaşayır. Bir çox gənc ailələr uşaq dünyaya gətirməkdən çəkinir, xüsusilə kirayədə yaşayanlar vəziyyətin nə qədər çətin olduğunu yaxşı bilirlər.

Ona görə də ev təminatı, maaşlı imkanları və uşaq pulunun bərpası ən vacib prioritet olmalıdır. İkinci vacib istiqamət təhsil və iş imkanlarının əlaqələndirilməsidir. Müəllimlərin iş yerləri qorunmalı, məktəblərin keyfiyyətli təhsili təmin olunmalı və gənc nəsil üçün iş yerləri artırılmalıdır. İş və sosial təminatlar yaxşılaşdıqca, insanlar uşaq dünyaya gətirməkdə daha cəsarətli ola bilər. Üçüncü strateji məsələ isə ana və uşaq sağlamlığı ilə bağlıdır. Ana və uşaqların sağlamlığı üçün müasir səhiyyə xidmətləri əlçatan olmalı, ana hüquqları qorunmalı və tibbi maarifləndirmə proqramları genişləndirilməlidir. Ümumilikdə, demoqrafik siyasət yalnız uşaqların sayını artırmaq üçün deyil, cəmiyyətin gələcəkdə sabit və dayanıqlı olması üçün kompleks tədbirləri əhatə etməlidir. Bunun mərkəzində isə uşaq pulunun artırılması və gənc ailələrə real dəstəyin verilməsi olmalıdır”.
Afaq Mirayiq,
Musavat.com