SON DƏQİQƏ: Məşhur teleaparıcı VƏFAT ETDİ

Türkiyə televiziya məkanının ən parlaq simalarından biri, tanınmış proqram rəhbəri və xəbər aparıcısı Reha Muhtar müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, bir müddət əvvəl ürək çatışmazlığı diaqnozu qoyulan 66 yaşlı telejurnalist Muğlanın Bodrum rayonunda həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

İlkin məlumatlara görə, onun ölümünə məhz xroniki ürək çatışmazlığı səbəb olub.

Reha Muhtar Kimdir? 

21 iyul 1959-cu ildə İstanbulda anadan olan Reha Muhtar əslən İraq türkmənlərindəndir (Kərküklü).

Atasının Ankara Universitetində ərəb dili və ədəbiyyatı üzrə müəllim işləməsi səbəbindən uşaqlığı Ankara və İstanbul şəhərlərində keçib. O, ilk və orta təhsilini TED Ankara Kollecində tamamladıqdan sonra Ankara Universiteti Siyasi Bilgilər Fakültəsinin Mətbuat və Yayım Yüksək Məktəbindən məzun olub.

O, karyerasına 1983-cü ildə "Milliyet" qəzetində müxbir kimi başlayıb. 1985-1993-cü illərdə TRT-nin Afina müxbiri və proqram rəhbəri olaraq çalışıb. 1990-cı illərdə xəbərçilikdə inqilab edərək, xüsusilə "Show TV Ana Haber Bülteni"ndəki özünəməxsus aparıcılıq üslubu, verdiyi reaksiyalar və suallarla Türkiyə mediasının ən yaddaqalan simasına çevrilib.

Uğurlu karyerası ərzində "Kanal D", "Star TV", "atv", "FOX TV", "CNN Türk" və "Kanaltürk" kimi nəhəng kanallarda rəhbər vəzifələrdə və aparıcı olaraq çalışan Muhtar, eyni zamanda "Akşam", "Sabah", "Star" və "Vatan" qəzetlərində kəskin redaktor yazıları ilə çıxış edib.

Şəxsi həyatı ilə də hər zaman gündəmdə olan Reha Muhtar məşhur müğənni Nilüferin qızı Ayşə Nazlının mənəvi atası idi. Eyni zamanda onun aktrisa Dəniz Uğur ilə olan münasibətindən Mina və Poyraz adında əkiz övladları var.

Musavat.com

03.06.2026 11:13
901