Skripallar Stercesin ölüm işi üzrə məhkəmədə iştirak etmək istəmirlər

Rusiya hərbi kəşfiyyatının keçmiş zabiti, ölkəsində dövlətə xəyanətdə təqsirli bilinən Sergey Skripal və qızı Yuliya britaniyalı Don Stercesin işi üzrə dinləmələrdə şahid qismində şəxsən iştirak etmək istəmirlər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Skripalların nümayəndəsi Cek Holborn ilkin dinləmə zamanı bildirib.

Vəkilin sözlərinə görə, onun müvəkkilləri təhlükəsizliklərindən qorxurlar. Onlar həmçinin hesab edirlər ki, artıq Britaniya polisinə təqdim etdikləri dəlillər 2018-ci ilin yayında İngiltərənin Eymsberi şəhərində Stercesin ölümü ilə bağlı təfərrüatlı araşdırma aparmaq üçün kifayət etməlidir. "Heç bir təhlükəsizlik tədbiri mükəmməl deyil", -Holborn deyib.

Bununla yanaşı, Sterces ailəsinin üzvləri onların narahatlığını başa düşsələr də, hələ də Skripalların mümkün şahidlər siyahısında olmasını istəyirlər. Onlar bu istəyi onunla əsaslandırırlar ki, özlərinin Skripalların yazılı ifadəsi ilə tanış olmaq imkanları yoxdur.

“Mən ifadələrin və digər materialların məzmunu açıqlanana qədər gözləməyə və yalnız bundan sonra Skripallarla bağlı yekun qərar verməyə meylliyəm. Mən onların hansı riskə məruz qalacağını aydın başa düşürəm, lakin ehtiyac yaranarsa, biz bu barədə düşünəcəyik”, - Britaniya Ali Məhkəməsinin keçmiş hakimi Entoni Hyuz, hadisənin halları ilə bağlı ictimai araşdırmanın rəhbəri bildirib.

Qeyd edək ki, Sergey Skripal və onun qızı Yuliya Londonda ağır toksiki maddə ilə zəhərləndikdən sonra yarıgizli şəkildə yaşayırlar və Rusiya kəşfiyyatı tərəfindən yeni bir sui-qəsdə məruz qalacaqlarından qorxurlar.

Musavat.com

22.06.2024 10:55
448