Simonyana vəzifə verilmədi - Ermənistanda hakimiyyət savaşı...

Xəbər verildiyi kimi, Ermənistanda hökumətin istefasından sonra yeni Nazirlər Kabineti formalaşdırılıb. Hökumətin açıqlanan tərkibindən görünür ki, ciddi kadr islahatları yaşanmadı. Bu proses fonunda siyasi dairələrdə ən çox müzakirə olunan məqamlardan biri parlamentin sabiq sədri Alen Simonyanın yeni hökumətdə yer almaması olub.

Nikol Paşinyanın bu qərarı təsadüfi hesab qəbul edilmir. Ehtimal olunur ki, seçki kampaniyası dövründə Alen Simonyanın artan siyasi ambisiyaları və gələcək planları baş nazirin onu hökumət komandasından kənarda saxlamaq qərarına təsir göstərib.


Paşinyan: Bunun sayəsində “peraşki” yeyirəm

Bununla yanaşı, Simonyanın siyasi karyerasının başa çatdığı qənaətinə gəlmək üçün əsas yoxdur. Əksinə, Ermənistan parlamenti tam formalaşdıqdan sonra ölkədə prezident seçkisinin keçirilməsi gündəmə gələ bilər. Belə olan halda Alen Simonyanın prezident postuna əsas namizədlərdən biri kimi irəli sürülməsi ehtimalı da istisna deyil. İstənilən halda Simonyan hələ də hakim komanda daxilində və ictimai-siyasi müstəvidə müəyyən nüfuza malik fiqurlardan biri olaraq qalır. Bu baxımdan onun yaxın dövrdə Ermənistan siyasətində yenidən ön plana çıxması mümkündür.

Onu da qeyd edək ki, Alen Simonyan son illərdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə müsbət yanaşması ilə seçilən erməni siyasətçilərindən biri kimi tanınır. O, müxtəlif çıxışlarında regionda davamlı sülhün və kommunikasiyaların açılmasının Ermənistan üçün də mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Paşinyanın Alen Simonyanı hökumətdən kənarda saxlaması siyasi rəqibin zəiflədilməsi cəhdidir, yoxsa yeni vəzifəyə hazırlıqdır? Simonyan Ermənistanın növbəti prezidenti ola bilərmi? Onun hakimiyyətə yüksəlişi Azərbaycan-Ermənistan münasibətlərinə və regiondakı sülh prosesinə hansı təsirləri göstərə bilər?

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirdi ki, Ermənistan hökumətində ciddi kadr islahatlarının aparılmaması Nikol Paşinyanın öz komandasına olan etimadının göstəricisidir: “Onun komandası yeni siyasi reallıqlara uyğun fəaliyyət göstərməyə çalışır, Avrointeqrasiya kursunu davam etdirir və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində siyasət yürüdür. Bununla yanaşı, Ermənistanın baş naziri ilə müdafiə naziri Suren Papikyan arasında münasibətlərin gərginləşdiyi müşahidə olunur. Orduda mövcud problemlər, əsgər ölümləri, silahlanma sahəsində çatışmazlıqlar və şəxsi heyət arasında ölüm hallarının artması Nikol Paşinyanın siyasi nüfuzuna da mənfi təsir göstərir. Bu səbəbdən növbəti mərhələdə Suren Papikyanın istefaya göndərilməsi ehtimalı istisna edilmir”.

Politoloq onu da diqqətə çatdırdı ki, yeni hökumətin qarşısında duran əsas vəzifələr Ermənistan iqtisadiyyatının inkişafı, Avrointeqrasiya prosesinin davam etdirilməsi və Azərbaycanla sülh münasibətlərinin qurulmasıdır: “Paşinyan hökumətini çətin və məsuliyyətli dövr gözləyir. Bu proseslərin mərkəzində isə Nikol Paşinyan dayanır. Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsinin vacibliyi müzakirə olunur. Bunun üçün yeni hökumət və parlament hüquqi baza formalaşdırmalı, zəruri mexanizmlər hazırlamalı və konstitusiya referendumu keçirməlidir”.

M.Əsədullazadənin sözlərinə görə, Nikol Paşinyanın qarşısında duran əsas siyasi məsələlərdən biri də Ermənistan Apostol Kilsəsinin rəhbəri II Qareginlə münasibətlərdir: “Tərəflər arasında gərginlik davam edir. II Qaregin Paşinyanın siyasətini tənqid edir, kilsə ətrafında etiraz aksiyaları və yürüşlər təşkil olunur. Nikol Paşinyan isə onu artıq Ermənistan Apostol Kilsəsinin rəhbəri kimi qəbul etmədiyini nümayiş etdirir. Buna görə də II Qareginin vəzifədən uzaqlaşdırılması istiqamətində addımların atılması ehtimalı müzakirə olunur. Bir sözlə, yeni hökumətin qarşısında həm daxili siyasi sabitliyin qorunması, həm diaspora ilə münasibətlər, həm də Azərbaycanla sülh prosesinin irəlilədilməsi kimi mürəkkəb vəzifələr dayanır”.

Cavanşir Abbaslı
Musavat.com

05.08.2026 13:37
912