Yəməndə cəmi 36 saat ərzində baş verən hadisələr Yaxın Şərqdə qüvvələr nisbətini yenidən dəyişə biləcək təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İranın dəstəklədiyi hüsilərin strateji Muxa liman şəhərini və ardınca Bab əl-Məndəb boğazının girişində yerləşən Perim adasını ələ keçirməsi Qırmızı dənizdə ən mühüm gəmiçilik marşrutlarından birinin təhlükəsizliyi ilə bağlı sualları artırıb.
Daha diqqətçəkən məqam isə hücumun sürəti və Yəmən hökumət qüvvələrinin müqavimətinin gözləniləndən zəif olmasıdır. Məlumatlara görə, Səudiyyə Ərəbistanından gözlənilən hava dəstəyinin vaxtında gəlməməsi həlledici amillərdən biri olub. CNN-in məlumatına əsaslanan xəbərlərdə Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın Donald Trampla iki dəfə əlaqə saxlayaraq hüsilərə qarşı ABŞ zərbəsi istədiyi, lakin Trampın bunu qəbul etmədiyi bildirilir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, husilərin mövqeyinin güclənməsi Səudiyyə Ərəbistanının hadisələrə vaxtında və düzgün müdaxilə edə bilməməsinin nəticəsidir:
"Husilərin mövqeyinin güclənməsi Səudiyyə Ərəbistanının hadisələrə düzgün şəkildə müdaxilə etməməsinin nəticəsidir. Yəni, Səudiyyə Ərəbistanı lazım olan anda reaksiya verə bilmədi və nəticə etibarilə bu, husilərin Qırmızı dənizdə mövqelərinin güclənməsinə gətirib çıxardı.
Bu, həm Ərəbistan yarımadasında gərginliyi artıra bilər, eyni zamanda, əlbəttə ki, neftin qiymətinə də təsir göstərəcək. Çünki bu ərazidən — Bab əl-Məndəb boğazından — müəyyən dərəcədə neft məhsullarının keçidi təmin edilir. Bu, həm Ərəbistan yarımadası üçün çox mənfi hadisədir, həm də ümumilikdə dünyada dəniz ticarətinə çox mənfi təsir göstərəcək".
Politoloq hesab edir ki, proses Yaxın Şərqdə İranın mövqelərinin yenidən güclənməsinə də gətirib çıxara bilər:
"Çünki məlum olduğu kimi, husilər zeydi şiələridir və İran tərəfindən ciddi şəkildə dəstəklənirlər. Onların əsas niyyəti məhz İranın örnək götürüldüyü teokratik bir rejimin Ərəbistan yarımadasında yayılmasıdır.
Eyni zamanda, nəzərə alsaq ki, Səudiyyə Ərəbistanı da ideoloji cəhətdən çox gərgin münaqişə şəraitindədir və İsraillə yola getmir, bu, onların mövqeyinin güclənməsi ilə birlikdə, əlbəttə ki, ümumi regionda vəziyyətə çox mənfi təsir göstərəcək hadisədir".
Politoloq vurğulayıb ki, yaranmış vəziyyət təkcə neftin qiymətinə deyil, bütövlükdə qlobal ticarətə ciddi maneələr yarada bilər:
"Vəziyyətin normallaşdırılması üçün Səudiyyə Ərəbistanı Yəməndəki mərkəzi hökumətə ciddi şəkildə dəstək verməlidir.
İndi mərkəzi hökumət ABŞ və Səudiyyə Ərəbistanının dəstəyi ilə husilərə qarşı müəyyən əməliyyatlar həyata keçirməyə çalışır. Bunun üçün ən əvvəl güclü silah təminatı olmalıdır ki, bu prosesi həyata keçirə bilsin. Yoxsa belə gecikmiş əməliyyatların, xüsusilə də hava hücumundan müdafiə qüvvələrinin gecikməsinin ciddi nəticələri olur. Məsələn, hava dəstəyi gecikmişdi və buna görə də Yəmən hökuməti döyüşlərdə uduzdu".
Xalidə Gəray
Musavat.com