Səudiyyə ABŞ-dan maye qaz alacaq

Səudiyyə Ərəbistanının dövlət şirkəti, dünyanın ən böyük neft ixracatçısı olan Saudi Aramco Amerikanın “NextDecade” şirkətindən ildə 1,2 milyon ton LNG almaq üçün məcburi olmayan müqavilə imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada məlumat yer alıb.

The Financial Times yazır ki, bu, Aramco-nun ilk LNG müqaviləsidir. Müqavilədə nəzərdə tutulan qaz Texasdakı Rio Grande LNG layihəsinin dördüncü mərhələsindən 20 il müddətinə təmin ediləcək.

Tərəflər hazırda Rio Grande-nin dördüncü xətti üçün müsbət Yekun İnvestisiya Qərarının (FID) qəbul edilməsi halında qüvvəyə minəcək məcburi razılaşma üzərində danışıqlar aparırlar.

May ayında məlum olub ki, Abu Dhabi National Oil Co. (ADNOC) şirkəti bu xəttdən ildə 1,9 milyon ton LNG tədarükü üçün 20 illik müqavilə bağlayıb. Həmçinin BƏƏ-nin dövlət neft şirkəti ilk üç mərhələnin hasilatının 11,7 faizini alıb.

Aramco 2023-cü ildə kiçik LNG istehsalçısı MidOcean Energy-yə sərmayə yatırıb və bu sektora investisiya qoymağa davam edəcəyini açıqlayıb.

 

Musavat.com

13.06.2024 22:31
317