"Rusiyanın təzyiqi o dərəcədədir ki, Rusiya əslində itirə-itirə gidərək Moldovanı faktiki olaraq itirib. Amma Ukrayna kimi Moldovaya hələ müharibə elan eləməyib. Dnestryanı ilə bağlı Rusiya vətəndaşlarına hər hansı bir təzyiq və ya təqib olarsa, Putinə ordu yeritmək icazəsinin verilməsi haqqındakı son qərarın birbaşa Moldova və Ermənistanla bağlı olduğunu hesab edirəm."
Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
Onun sözlərinə görə, Kremlin əsas ruporlarından olan Solovyovun bir televiziya verilişində Paşinyanın qalib gələcəyini etiraf etməsi, lakin buna baxmayaraq açıq şəkildə təhqir və hədə-qorxu dilindən istifadə etməsi Kremlin Ermənistandakı sivil hakimiyyət mübarizəsinə yanaşmasını nümayiş etdirir: "Hazırda Ermənistanı ən çox həm idxal, həm də ixrac məsələlərindəki iqtisadi asılılıq vəziyyəti ilə sıxırlar. Ermənistan ixracının 20 faizindən çoxu birbaşa Rusiyaya yönəlir. Rusiya sanksiya altında olduğu üçün Ermənistan onun üçün brilliant, almaz və digər məhsulları alıb re-eksport edən bir növ nəfəslik rolunu oynayır. Qazaxıstandakı Avrasiya İqtisadi İttifaqının toplantısı fonunda da bu açıq təhdidlər davam edəcək".
O, qeyd edib ki, regional təzyiqlərə rəğmən Paşinyanın özünü olduqca inamlı aparması mühüm siyasi faktorlarla bağlıdır: "Ermənistandakı seçkilərə 11 gün qalmış ABŞ senatoru Marko Rubionun Yerevana gəlişi mühüm hadisə oldu. Rubionun gəlişinə qədər hər kəs seçkiyə qədər Rusiya tərəfindən çoxlu sayda təxribatların olacağını açıq şəkildə proqnozlaşdırırdı. Hesab edirəm ki, senatorun bu səfəri seçki öncəsi Rusiya tərəfindən qaynaqlanan açıq ixtişaş və təxribat cəhdlərinin qarşısını aldı, daha doğrusu, ciddi bir çəkindirici faktor rolunu oynadı".
Musavat.com