Türkiyə Böyük Millət Məclisində yeni qanunvericilik ilinin açılışı siyasi gərginliklə yadda qalıb.
Musavat.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan çıxış üçün tribunaya qalxarkən Yeni Partiya Qrupunun deputatları zalı tərk edib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran baş verənlərə sərt münasibət bildirib.
Duran Yeni Partiya Qrupunun bu addımını təkcə prezidentlik institutuna qarşı siyasi mövqe kimi deyil, milli iradəyə, dövlət ənənələrinə və parlament qaydalarına qarşı ciddi hörmətsizlik kimi qiymətləndirib.
O bildirib ki, bu davranış Türkiyə Böyük Millət Məclisinin nüfuzuna uyğun olmayan, nəzakətsiz və yaraşmayan münasibətdir.
Duranın sözlərinə görə, demokratik siyasət yalnız öz fikrini söyləməyi deyil, fərqli baxışlara dözümlü yanaşmağı və xalqın seçdiyi prezidenti parlamentdə dinləmək siyasi yetkinliyini də tələb edir.
Kommunikasiya İdarəsinin rəhbəri siyasi fikir ayrılıqlarının dövlət ənənələrindən və parlament qaydalarından üstün tutulmasının demokratik siyasət anlayışı ilə uzlaşmadığını vurğulayıb.
Yeni Partiyanın sədri Özgür Özəl isə deputatların zalı niyə tərk etdiklərini açıqlayıb. O bildirib ki, partiyası parlamentin açılışında iştirak edib, TBMM sədrinin çıxışını dinləyib və İstiqlal Marşını oxuyub. Özəl bundan sonra Ərdoğanın çıxışını dinləməmək qərarını hakimiyyətin partiyasına qarşı məhkəmə vasitəsilə təzyiq göstərməsi, prezidentliyə namizədlərinin həbs edilməsi və bələdiyyələrə qarşı aparılan əməliyyatlarla əsaslandırıb. Özəl Ərdoğanı dinləməyə sərf edəcək vaxtlarının olmadığını bildirib.
Musavat.com