Vüsalə Babayeva məhkəməyə təqdim etdiyi iddiasında yazır ki, xəstəliyi ilə bağlı işə çıxmadığı haqda arayış olsa da, Asif Nəsibov qanunsuz olaraq onu işdən azad edib
Şabran Rayon Məhkəməsində hakim Könül Mirzəfərovanın sədrliyi ilə Gigiyena və Epidemiologiya Mərkəzinin yerli şöbəsinin müdir əvəzi Asif Nəsibova qarşı iddiaya baxılır.
Musavat.com xəbər verir ki, müdir əvəzini məhkəməyə çəkən isə şöbənin dezinfeksiya-sanitar xidmətində 13 il çalışmış Vüsalə Balayevadır. Vüsalə Balayeva müdir əvəzi Asif Nəsibovun ona qarşı qanunsuz əməllərinin araşdırılmasını, hüquqi qiymət verilməsini, işə qaytarılmasını istəyir.
Məhkəməyə təqdim etdiyi iddiasında yazır ki, əlində xəstəliyi ilə bağlı işə çıxmadığı haqda arayış ola-ola Asif Nəsibov tam qanunsuz olaraq onu işdən azad edib. Bülletendə ola-ola işdən çıxarılmazdan əvvəl şöbənin müdiri ondan maaş kartını tələb edib, o, qanunsuz tələbi yerinə yetirməkdən imtina etdikdən sonra təzyiqlərlə üzləşib. O, məhkəməyə müraciət etməzdən əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etməklə müdir əvəzinin qanunsuz əməllərinin araşdırılmasını istəyib. İddiaçı bildirir ki, səhhətində ciddi problemlər yarandığı üçün həkimə müraciət edib, həkim ona rəsmi xəstəlik vərəqi (bülleten – E.M) açıb.
O da mərkəzə yazılı şəkildə izahat təqdim edib: “Xəstə olduğumu yazdım, bülletenə çıxacağımı bildirdim. Müdir Asif müəllim izahatı qəbul etdi. Amma bülletenlə evdə olduğum gün məni işdən çıxarıb. Həkimə də irad bildirib ki, niyə mənə bülleten açıb. Daha sonra rəhbərlik sistemdən bülleten məlumatlarımı silib.”
Məhkəmə iclasında Vüsalə Balayeva iddianı müdafiə edib, deyib ki, ailəsinin yeganə gəlir mənbəyi onun iş yerindən əldə etdiyi vəsait olub: “Məndən başqa işləyən yoxdur, yeganə gəlir gətirən şəxs mənəm. Məni Asif müəllim səbəbsiz yerə işdən çıxarıb. Çünki onun qanunsuz tələblərini yerinə yetirməmişəm. Uzun müddət idi ki, məni izləyirdi, nəsə bəhanə tapıb işdən çıxarmaq istəyirdi. Anam xəstə olan ərəfələrdə Asif müəllimin qəbuluna gedib icazə aldım və izahat yazdım ki, anam xəstədir, onu həkimə aparmalıyam. Anamın xəstəliyini təsdiq edən tibbi sənədləri və müayinələrin cavablarını təqdim etdim. Həmçinin bildirdim ki, özüm də xəstəyəm, bronxial astma xəstəliyim var. Asif müəllim icazə verdi və dedi ki, bülletenə çıxım, sənədləri gətirim. Yəni bülletenə çıxanda da Asif müəllimlə məsləhətləşmişəm. Bir müddət sonra xəstəxanaya gedib sənədləri götürəndə xəstəxananın direktoru Səxavət Cəbrayılov mənə bildirdi ki, sizi işdən azad ediblər. Buna etiraz etdim və dedim ki, mənim xəbərim olmadan bu necə baş verə bilər? Bununla bağlı Asif müəllimin qəbuluna getdim. O isə dedi ki, sizi işdən azad etmişik. Cavabında bildirdim ki, sizinlə məsləhətləşib icazə almışam, bu da xəstəlik sənədləridir. Sənədləri qaytarıb üstümə atdı və dedi: “Çıxın buradan, gedin hara istəyirsiniz şikayət edin”. Beləliklə, bildim ki, məni xəbərim olmadan işdən azad ediblər. Mənə heç bir xəbərdarlıq edilməyib, nəinki şiddətli, heç adi töhmət verilməyib. Birbaşa Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışam. Bu maddə ilə işdən çıxarılan şəxs heç yerdə iş tapa bilmir. Mən bunu bildirdim, lakin qulaq asmadı və məni otaqdan çıxardı”.İddiaçı qardaşının da iflic xəstəsi olması haqda sənədləri də məhkəməyə təqdim edib.
Bundan sonra Asif Nəsibov çıxış edib. Müdir əvəzi hakimin “niyə bu xanımı ağır maddə ilə işdən azad etmisiniz” sualına cavab verə bilməyib.
Növbəti məhkəmə iclası fevralın 27-nə təyin olunub.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com