Rusiyanın əzdiyi ölkələrin liderlərinin Moskvapərəstliyi... – Avropa onlara dözür

İkinci dünya müharibəsindən sonra Avropada Rusiyanın (SSRİ) açıq aqressiyasından, təkrar hərbi müdaxiləsindən böyük zərər çəkən üç ölkə olub: Almaniya Demokratik Respublikası, Macarıstan və Çexoslovakiya.

Moskva ADR-də başlanmış antisovet hərəkətlənməsini, xalq üsyanını 17 iyun 1953-cü ildə vəhşicəsinə yatırıb. Berlinə 600 tank, 20 diviziya yeridilib, hərbi vəziyyət elan edilib, 50 insan öldürülüb və təxminən 15 000 adam həbs edilib.

3 il sonra bənzər hərbi müdaxilə Macarıstana qarşı törədilib. 23 oktyabrda başlanan antisovet hərəkatı 4 noyabrda (1956-cı il) sovet-rus tanklarının Budapeştə girməsi ilə 7 gün gün ərzində boğulub. Minlərlə insan həlak olub. İki o qədər yaralanıb və həbs edilib.

1968-ci ildə sovet tankları Çexoslovakiyanın iri şəhərlərini – Praqa və Bratislavanı da “fəth edib”. Moskvanın müstəqil dövlətə qarşı apardığı xüsusi hərbi əməliyyat zamanı (“Dunay” adlanıb) 137 çex və slovak öldürülüb, yüzlərlə insan yaralanıb. Çexoslovakiyanın ram edilməsində SSRİ-nin Varşava müqaviləsi üzrə müttəfiqləri - Polşa, Macarıstan və Bolqarıstan da iştirak edib

Bu hadisələr haqqında çox yazılıb, təfərrüata varmağa lüzum yoxdur. Bu günə baxaq.

Ötən əsrin 50-ci və 60-cı illərində Moskvanın hərbi müdaxiləsinə, zorakılığına məruz qalan həmin ölkələr bu gün bu və ya digər şəkildə SSRİ-nin varisi Rusiyanın tərəfini tuturlar. Macarıstan tam olaraq özünü Moskvanın vassalı kimi aparır. Çexoslovakiyanın Slovakiya hissəsi Kremlin dedikləri ilə oturub-durur. ADR-i öz içində əridən Almaniya isə zaman-zaman Moskvadan çəkindiyini büruzə verir.

Rusiyanın slavyan qardaşları – Serbiya, Polşa, Bolqarıstan, Sloveniya heç adı yuxarıda çəkilən ölkələr qədər ruspərəst siyasət yeritmirlər.

Budur, xəbər var ki, Macarıstan və Slovakiya Ukraynaya dizel yanacağı ixracını dayandırıblar və elektrik enerjisini kəsməklə hədələyirlər. Bu, Moskvanın iradəsinə boyun əymək, onun sifarişlərini yerinə yetirmək, Kremlə yarınmaq aktıdır.

Rusiyanın Ukraynaya müdaxiləsi başlayandan bəri bəlkə də elə bir gün olmayıb ki, Macarıstanın baş naziri Viktor Orban Ukraynaya qarşı yeni bir açıqlama, bəyanat verməsin, onun Avropa İttifaqından, NATO-dan siyasi-maddi-hərbi yardım almasına qarşı çıxmasın.

Slovakiyanın baş naziri Robert Fiko bu cür hərəkətləri daha ehtiyatla və ara-sıra edib, amma indi o da açıq danışır. O, Zelenskinin açıqlamalarından yapışaraq özü üçün intriqa mövzusu tapıb və bildirib ki, Ukrayna lideri “Drujba” boru kəməri vasitəsilə neft tədarükünün heç bir dəyəri olmadığına və lazımsız olduğuna inanırsa, Bratislava da öz növbəsində fərqli bir qərar verə, elektrik təchizatı sahəsində əməkdaşlıqdan imtina edə bilər.

Ancaq Slovakiya lideri hələ macarıstanlı həmkarı kimi Ukraynanı “düşmən ölkə” adlandırmayıb.

Macarıstanın və Slovakiyanın Rusiya qarşısında reveransları “tarixi sınmışlıq” üzündən deyil. Bu ölkələr Moskvaya loyallıqları ilə həm Rusiyadan ucuz enerji resursları əldə edir, eyni zamanda Avropanı şantaj edərək dividentlər qazanmağa çalışırlar.

Ayrıca baş nazir Orban uzun illərdir hakimiyyət min bir fitnə-fellə əlində saxlayan avtoritar lider olaraq Putini özünə nümunə sayır, ona rəğbət bəslədiyini gizlətmir. Elə Avropadan fərqli olaraq Rusiya da Orbandan demokratik prinsiplərə və insan haqlarına riayət tələb etmir.

Macarıstanın sabotajçı hərəkətləri digər Avropa ölkələrində sərt şəkildə qınanır. Məsələn, sovet dövründə Kremlin təzyiqinə, sovet DTK-sının təqibinə məruz qalan Polşa və Çexiya keçmiş günləri unutmayıblar və Moskvaya loyallıq edən, Ukraynaya badalaq vuran Budapeştin siyasətindən çox narazıdırlar.

Hətta ötən il Polşa Macarıstana təklif etmişdi ki, bu ölkə sürəkli anti-Avropa xətti tutduğu üçün Aİ-dən və NATO-dan çıxsın.

Macarıstanda yaxınlaşan parlament seçkiləri ərəfəsində baş nazir Orbanın anti-Ukrayna çıxışlarının daha da sərtləşəcəyi gözlənilir. Hesab olunur ki, o, bu mövzuda populistlik edəcək, özünü yalnız öz xalqının mənafeyini düşünən, lazım gələndə Avropaya meydan oxuyan fədakar biri kimi təqdim edərək macar xalqından növbəti dəfə səs almağa çalışacaq.

Ara yerdə isə hərbi təcavüzə məruz qalmış Ukrayna xalqının bir hissəsi Avropa ölkələrinə səpələnmiş halda yaşamaqda, yerdə qalanı isə rus raketlərinin zərbələri altında elektriksiz, yanacaqsız, yüz bir sıxıntı, iztirab içində gün keçirməkdədir.

Qüdrətli Avropa dövlətlərinin bu cür, hərbi aqressora dəstək verən, minlərlə günahsız insanı qətlə yetirən dövləti dəstəkləyən ölkələrə qarşı nədən bu qədər dözümlüdürlər, anlaşılmır.

Araz Altaylı, Musavat.com

19.02.2026 10:48
1529