2022-ci ildən bəri davam edən Rusiya–Ukrayna müharibəsi təkcə Şərqi Avropanın deyil, bütün Avrasiya məkanının durumunu sarsıdıb. Bu müharibə qlobal güc balanslarını yenidən formalaşdırmaqla yanaşı, uzun illər “ikinci dərəcəli region” kimi qiymətləndirilən Cənubi Qafqazı da böyük dövlətlərin maraq toqquşmasının mərkəzinə gətirib.
Əslində, bu qarşıdurma Cənubi Qafqaz üçün yalnız kənardan izlənilən bir savaş deyil, regionun təhlükəsizlik, enerji və siyasi gələcəyini birbaşa müəyyən edən əsas faktora çevrilib.
Politoloq Rəşad Bayramov Musavat.com-a bildirdiyinə görə, 2022-ci ilin fevralında başlayan Rusiya–Ukrayna müharibəsi Avropa ilə yanaşı, ümumilikdə postsovet məkanına, o cümlədən də Cənubi Qafqaz regionuna dərindən təsir edib: " Azərbaycan, Ermənistan və Gürcüstan hər biri bu böyük geosiyasi sarsıntının fərqli tərəflərini yaşayır, iqtisadi, hərbi və diplomatik dinamikanı yenidən formalaşdırırlar.
Məlumdur ki, Azərbaycan müharibə başlanandan etibarən strateji balans siyasəti aparır və eyni zamanda regionda öz rolunu gücləndirmək imkanlarını inkişaf etdirir. Enerji və nəqliyyat infrastrukturu vasitəsilə Avropa üçün alternativ tədarük marşrutları təmin edərək, ölkə həm iqtisadi, həm də diplomatik mövqeyini möhkəmləndirib. Xüsusilə enerji qiymətlərinin yüksəlməsi fonunda Azərbaycan qaz və neft ixracını artırmaqla həm dövlət büdcəsini gücləndirə, həm də beynəlxalq nüfuzunu yüksəldə bilib".
Politoloq deyir ki, hərbi-siyasi sahədə isə Qarabağ probleminin həlli istiqamətində qəti addımlar atılıb, antiterror əməliyyatı ilə separatçı rejimin varlığına son qoyulub: "Hazırda isə Rusiya ilə Ermənistan arasındakı gərginlik, eləcə də Ukraynadakı müharibə, Azərbaycanın həm sərhəd təhlükəsizliyini artırmaq, həm də diplomatik manevrlərlə tərəflər arasında balansı qorumaq üçün strateji addımlar atmasını tələb edir ki, Azərbaycan da məhz bunu edir. Azərbaycanın xarici siyasətindəki çeviklik, həm Avropa və ABŞ ilə əməkdaşlığın genişləndirilməsi, həm də Rusiya ilə iqtisadi münasibətlərin saxlanması şəklində ortaya çıxır.
Başqa sözlə desək müharibə nəticəsində yaranan regional qeyri-sabitlik Azərbaycan üçün həm risk, həm də fürsət yaradıb. Siyasi və iqtisadi balansın düzgün idarə olunması ölkəyə Avropa bazarına daha böyük inteqrasiya, investisiya cəlbi və strateji tərəfdaşlıqlar üçün imkanlar açır.
Ermənistan müharibə səbəbilə Rusiyanın təsir dairəsində daha həssas vəziyyətdədir. Seçkiöncəsi dövr və Rusiyanın regiondakı maraqları İrəvan üçün daxili siyasi və diplomatik təzyiq mənbəyi yaradır. Rusiya tərəfdən enerji və iqtisadi rıçaqların tətbiqi, həmçinin informasiya və hibrid təsirlər Ermənistanın daxili sabitliyinə və strateji qərarlarına təzyiq edə bilər. Bu, həm regiondakı balansı, həm də Ermənistanın Qərb ilə əlaqələrini çətinləşdirir.
Gürcüstan da müharibənin yaratdığı iqtisadi və təhlükəsizlik dalğalanmalarından təsirlənir. Avropaya qaz və nəqliyyat marşrutları baxımından Azərbaycanın mövqeyini müdafiə edir, eyni zamanda, həm Qərbdən, həm də Rusiyadan gələn təzyiqləri və potensial riskləri dəf edə bilmək üçün təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməyə cəhd edir.
Ümumiləşdirərək deyə bilərik ki, Rusiya–Ukrayna müharibəsi Cənubi Qafqaz regionunu həm iqtisadi, həm təhlükəsizlik, həm də diplomatik baxımdan təsirləndirib, lakin hər ölkənin fərqli imkan və strategiyaları nəticəsində təsirlər dəyişir. Azərbaycan bu müharibədən maksimum strateji və iqtisadi fayda götürərək enerji və nəqliyyat resurslarını Avropa bazarına yönəltmək, diplomatik manevrlərlə balans siyasətini qorumaq və regionda nüfuzunu artırmaq imkanlarını dəyərləndirir. Ermənistan və Gürcüstan isə daha çox təhlükəsizlik və təzyiq riskləri ilə üzləşir, regiondakı qeyri-sabitlik onların siyasi və diplomatik strategiyalarını formalaşdırır.
Beləliklə, Cənubi Qafqaz müharibənin dolayı təsirlərini yaşasa da, Azərbaycanın çevik və balanslaşdırılmış siyasəti ölkəni regionun əsas aktorlarından birinə çevirib, digər ölkələr isə daha həssas və riskli mövqedə qalır".
Cavanşir Abbaslı
Musavat.com