Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin müsahibi “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Politoloq ABŞ vitse-prezidenti Ceyms Devid Vensin regiona səfəri ilə bağlı suallarımızı cavablandırıb. Müsahibəni təqdim edirik:
- Elxan bəy, Vens İrəvanda qondarma genosid abidəni ziyarət edib. Bu, bizi narahat etməlidirmi, yoxsa ondan da vacib narahatedici məsələlər var?
- Əslində, Ermənistana rəsmi şəxslərdən kim gedirsə, o abidəni ziyarət edir. Bunu gərginliyə çevirmək olmaz. Təbii ki, bizi narahat etməlidir. Amma tək Vens deyil, kim İrəvana gedirsə o abidəni ziyarət edir. Biz imzalanan sənədlərə baxmalıyıq. Əsas məsələ budur. Ermənistan kimi kasıb ölkə üçün 9 milyard böyük rəqəmdir. Azərbaycan “Metsamor” Atom Elektrik Stansiyasından çox əziyyət çəkib. Ona görə biz də Birləşmiş Ştatlarla müzakirələr apara bilərik, modul tipli atom elektrik stansiyaları ölkəmizə lazımdırmı? Çünki biz Avropaya alternativ enerji ixrac etmək istəyirik. İmzalanan sənədlər sırasında ikinci məsələ Ermənistana dronlar verilməsidir. Düzdür, indi Ermənistanla sülh prosesindəyik, müharibə ehtimalı yoxdur, amma onlar torpaqlarımızı 30 il işğalda saxlayan, iki dəfə müharibə edən ölkədir. Bütün hallarda Vensin səfərinin yekunlarına Bakıda imzalanan sənədlərdən sonra müqayisə aparıb qiymət verə bilərik. Gözləyək Bakıda hansı sənədlər imzalanacaq, nə təkliflər edəcək...
- Vaşinqtonun regionda bu cür güclənməsi Rusiyanın bölgəni həmişəlik itirməsi deməkdirmi, yoxsa yenidən qayıda bilər? Çünki Saakaşvili 8 il prezident oldu, sonra ruslar yenə Tiflisdə dəyişiklik etdilər...
- Amerikanın Cənubi Qafqazda möhkəmlənməsi Rusiyanın zəifləməsinə gətirib çıxarıb. Bu bizim üçün faydalıdır. Məncə, Rusiya üçün qatar gedib. Moskva özünü tükəndirib, resurslarını müharibədə xərcləyib, artıq resurslar da yoxdur. Bundan əlavə, Cənubi Qafqazda geosiyasi təsir köklü dəyişib. İlk növbədə Türkiyə bölgəyə yerləşib. Həmçinin, Vensin İrəvanda imzaladığı sənədlər Rusiyanın Ermənistandan tamamilə sıxışdırıb çıxarmağa hesablanıb. Tutaq ki, Paşinyan hakimiyyətdən getdi, Sərkisyan gəlib modul tipli AES-ləri Ermənistandan çıxara bilərmi? Yəni bunu ABŞ-a qarşı edə bilməz. Sadəcə, bu prosesləri sürətləndirmək lazımdır. Rusiya özünə gələnə kimi bütün rıçaqlar əlindən alınmalıdır.
- Vensin səfərində diqqət çəkən bir detal da separatçıların vitse-prezidentdən Araik və digərlərinin məsələsini qaldırmağı xahiş etməsi oldu. Bakıda bu məsələ müzakirə oluna bilərmi?
- Ola bilsin ki, Vens bu məsələyə toxunsun. Amma mövqeyimiz bəllidir, bizim qırmızı cizgilər var. Onlardan biri də həbsdə olan hərbi canilərdir. Onların məsələsinə yekun sülh müqaviləsindən sonra bəlkə baxıla bilər. Ancaq indi bu məsələdə Azərbaycana təzyiq göstərmək doğru olmaz. Əgər təzyiq olarsa, hazırda yaxşılaşmaqda olan Azərbaycan-ABŞ münasibətlərinə təsir edə bilər. Əlbəttə, Vensin qapalı görüşdə bu məsələni qaldıracağını istisna etmirəm, lakin cavab da bəllidir. Hətta vitse-prezident cavabdan məmnun qalmaya bilər, amma o, Bakı-Vaşinqton münasibətlərinin korlanmasını istəməz.
Emil Salamoğlu
Musavat.com