Rusiya sərnişin avtobusunu VURDU: Çoxlu sayda ölən və yaralanan var

Sentyabrın 16-da səhər saatlarında Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonunda Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) mülki marşrut avtobusuna zərbə endirib.

Musavat.com xəbər verir ki, Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın verdiyi məlumata görə, hücum nəticəsində 5 nəfər hadisə yerində həlak olub, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib və onlara zəruri tibbi yardım göstərilir.

Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk sosial şəbəkə hesabında hücum yerindən fotolar paylaşıb. Kadrlarda Pokrovdan Dneprə istiqamətlənən marşrut avtobusunun yan şüşələrinin sındığı, gövdəsində qan izləri və başı sarınmış yaralı sərnişin görünür.

"Rusiya hərbçiləri sərnişin avtobusunu həyasızcasına hədəf alıblar. İnsanların öz işinə getdiyi adi bir avtobusu vurublar", - deyə Lukaşuk qeyd edib.

Ukrayna Baş Prokurorluğundan bildirilib ki, hücum magistral yolla hərəkət edən avtobusa kamikadze (FPV) dronu yönəltməklə həyata keçirilib. Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsi (Müharibə qanunlarını və adətlərini pozma / Hərbi cinayət) ilə cinayət işi başlanıb.

Musavat.com

16.09.2026 11:37
820