Avropa İttifaqı Şurası 2027-ci il yanvarın 1-dən etibarən Aİ-yə Rusiya mayeləşdirilmiş təbii qazının, 2027-ci il sentyabrın 30-dan isə boru kəməri qazının tədarükünə tam qadağa qoyub.
Musavat.com xəbər verir ki, məlumat Aİ Şurasının bəyanatında yer alıb:
"Bundan sonra Aİ-yə Rusiya boru kəməri qazının və mayeləşdirilmiş təbii qazın idxalı qadağan olunacaq".
Məlumata görə, Rusiya mayeləşdirilmiş təbii qazının tədarükünə tam qadağa 2027-ci ilin əvvəlindən, boru kəməri qazının tədarükünə isə 2027-ci il sentyabrın 30-dan qüvvəyə minəcək.
"Reuters" agentliyinin məlumatına görə, sənəd Slovakiya və Macarıstanın etirazlarına baxmayaraq, bu gün nazirlər səviyyəsində keçirilən iclasda razılaşdırılıb.
Qeyd edək ki, qərar layihəsi 2025-ci il dekabrın əvvəlində təqdim edilib. Sənədə əsasən, istisna hallarda, Aİ üzvləri, anbarları tələb olunan doldurma səviyyəsindən aşağı olduqda, Rusiya qazından istifadə müddətini 2027-ci il oktyabrın 31-dək uzada biləcəklər.
Aİ Şurasının məlumatına görə, 2027-ci ildən etibarən Rusiya qazının idxalına qoyulan qadağanı pozan Avropa şirkətləri müqavilə dəyərinin 300 faizədək Avropa Komissiyasına cərimə ödəyəcəklər.
Aİ-nin bu addımı 13 faizə qədər payı olan Rusiya qazının Avropa bazarından tam çıxmasına səbəb olacaq. Bu isə bazarın digər təchizatçıları, o cümlədən Azərbaycan üçün əlverişli şərtlər formalaşdırır. Azərbaycan qazını Avropaya çatdıran TAP boru kəmərinin illik ötürmə gücü bu ilin 1 yanvarından 13 milyard kubmetrə çatdırılıb. Üstəlik, Azərbaycanın Transbalkan kəməri ilə də Avropaya qaz nəqli imkanlarına sahibdir.
Azərbaycanın ikinci böyük qaz yatağı olan "Abşeron"da ikinci mərhələnin maliyyələşmə qərarının bu il verilməsi gözlənilir. Hökumətin proqnozlarına əsasən, ikinci mərhələ çərçivəsində yataqdan ildə 5 milyard kubmetr qaz əldə olunacaq. Bu həcmin yarısını Türkiyənin BOTAŞ şirkəti alacaq. Qalan hissənin isə digər istiqamətlərdə ixraca yönəldilməsi nəzərdə tutulur.
Avropa bazarında qaza tələbatın artması Azərbaycan qazının ixrac qiymətinin yüksək olmasına gətirib çıxaracaq. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2025-ci ildə Azərbaycanın ixrac etdiyi qazın 1000 kubmetrinin orta qiyməti 350,23 dollar təşkil edib. 2025-ci il dövlət büdcəsində qazın ixrac qiyməti 242 dollar proqnozlaşdırılmışdı.
Azərbaycanın 2026-cı il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən təbii qazın 1 000 kubmetrinin qiyməti BP şirkətinin təqdim etdiyi məlumata əsasən, 440 dollar götürülüb. Bu, 2025-ci illə müqayisədə 198 dollar və yaxud 81,8 faiz çoxdur.
Hazırda son on ilin ən sərt qışını yaşayan Avropa gündə anbarlardan 1 milyard kubmetrə yaxın qaz götürür. "Gas Infrastructure Europe"nin (GIE) məlumatına əsasən, 24 yanvar 2026-cı il tarixinə Aİ-də yeraltı qaz anbarları 45,59 faiz dolu olub, onlarda qalan qaz 49,15 milyard kubmetr təşkil edib. İsveç, İspaniya və Portuqaliya istisna olmaqla bütün Aİ ölkələri anbarlardan qaz götürürlər. Almaniyada anbarlar 37,49 faiz, Fransada 36,38 faiz, Avstriyada 49,49 faiz və İtaliyada 60,84 faiz dolu olub. Bu ölkələr vaxtilə Qazprom-un ən böyük alıcıları olub.
İtaliya Azərbaycan qazının daimi alıcısıdır, Almaniya və Avstriya isə yanvar ayından ölkəmizdən qaz almağa başlayır.
Dünya,
Musavat.com