Rusiya “İskəndər” raketləri və yüzlərlə dronla HÜCUMA KEÇDİ - Ukraynaya DƏHŞƏT YAŞATDI

Rusiya 4 dekabr gecəsi növbəti dəfə Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib. Ölkə 2 “İskəndər-M” ballistik raketi və 138 kamikadze dron tətbiq edib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hava hücumundan müdafiə sistemi PUA-ların böyük hissəsini məhv etməyə nail olub.

Musavat.com "RBK-Ukraina"ya istinadən xəbər verir ki, 3 dekabr saat 18:00-dan 4 dekabr səhər saatlarına kimi Rusiya Rostov vilayətindən və Krımdan 2 “İskəndər-M” ballistik raketi buraxıb.

Eyni zamanda, Oryol, Kursk, Millerovo, Primorsko-Axtarsk, Bryansk və Krım istiqamətlərindən ümumilikdə 138 zərbə dronu - “Şahed”, “Gerbera” və digər tip PUA-lar istifadə olunub. Onların təxminən 85-i “Şahed” olub.

Hava hücumunun qarşısı Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiyası, zenit-raket bölmələri, radio-elektron mübarizə vasitələri, PUA bölmələri və mobil atəş qrupları tərəfindən alınıb. İlkin məlumatlara görə, saat 09:00-a olan vəziyyətə əsasən, şimal, cənub və şərq istiqamətlərində ümumilikdə 114 düşmən dronu vurulub və ya zərərsizləşdirilib.

Bununla yanaşı, ballistik raketlərin və 24 kamikadze dronun 14 müxtəlif ərazidə hədəflərə dəyərək dağıntılara səbəb olduğu qeyd olunur.

Xatırladaq ki, 4 dekabr gecəsi Rusiya ordusu Odessa üzərinə də zərbə dronları ilə hücum edib. Nəticədə inzibati bina və çoxmərtəbəli yaşayış kompleksləri zədələnib, yaralananlar var.

3 dekabr axşamı ruslar Slavyansk şəhərini aviasiya bombaları ilə vurub. Hücum nəticəsində ikisi uşaq olmaqla 8 nəfər xəsarət alıb.

Elə həmin gün Rusiya ordusu Krivoy Roqa “İskəndər-M” ballistik raketi ilə zərbə endirib. Zərbə nəticəsində çoxmərtəbəli yaşayış binaları dağılıb, yaralananlar arasında 3 yaşlı uşaq da var.

Bundan əvvəl, 3 dekabr gecəsi Rusiya Ukraynaya 111 dronla hücum edib. Hava hücumundan müdafiə qüvvələri onların böyük hissəsini məhv edə bilib.

Həmin hücumlar zamanı Dnepropetrovsk vilayəti xüsusilə ağır zərbələr alıb, iki nəfər həlak olub, üç yaralı xəstəxanaya yerləşdirilib.

Musavat.com

04.12.2025 13:57
886