Rusiya Ermənistan mallarını buraxmır – Papoyandan qəzəbli çıxış

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsinin Rusiya bazarına məhsul ixracında üzləşdiyi problemlər fonunda Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəaliyyətindən narazılığını açıq şəkildə ifadə edib.

Musavat.com xəbər verir ki, Papoyan jurnalistlərə açıqlamasında Aİİ daxilində malların, xidmətlərin, işçi qüvvəsinin və kapitalın sərbəst hərəkətinin təmin edilməli olduğunu xatırladıb.

“Əgər bunlar təmin edilmirsə, deməli, Aİİ-nin yaradılmasının əsas prinsipləri işləmir”, - deyə erməni nazir bildirib.

Papoyan Ermənistanın ittifaqın gələcəyində maraqlı olduğunu desə də, qurumun mövcud mexanizmlərinin işləməməsindən şikayətlənib. O, bu məsələdə hətta KTMT ilə paralel aparıb:

“Biz istəyirik ki, Aİİ mövcud olsun, işləsin və fəaliyyət göstərsin, məsələn, KTMT kimi işləyib-işləməmək vəziyyətində qalmasın”.

Erməni nazirin sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri, Avropa İttifaqı və Çin bazarlarında satılan Ermənistan məhsullarının obyektiv səbəb olmadığı halda Rusiya bazarına buraxılmaması qəbuledilməzdir.

Papoyan problemin yalnız Ermənistana aid olmadığını da vurğulayıb:

“İşləməyən mexanizmə münasibətdə neytral və passiv mövqe tuta bilmərik. Bu, məncə, bütün Aİİ-nin problemidir”.

Musavat.com

29.07.2026 17:54
744