Rusiya dronları Zelenskinin izinə düşüb? – Bir həftədə ard-arda 4 hadisə

Son bir həftə ərzində Rusiya dronları ilə bağlı bir neçə hadisənin Ukrayna Prezidenti Volodimir Zelenski və ailəsi ilə əlaqəli məkan və obyektlərin ətrafında baş verməsi diqqət çəkib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sentyabrın 9-dan 16-dək Zelenskinin səfər marşrutu, doğma şəhərində yaşadığı rayon, vaxtilə yaratdığı “Kvartal 95” studiyası və həyat yoldaşı Yelena Zelenskayanın xeyriyyə fondu ilə əlaqəli insidentlər qeydə alınıb.

İlk hadisə sentyabrın 9-da Zelenski Kişinyov üzərindən Norveçə uçarkən baş verib. Moldova hava məkanında iki Rusiya dronunun görünməsindən sonra ölkə hava məkanını müvəqqəti bağlayıb və Zelenskinin uçuşu gecikib.

Sentyabrın 14-də Zelenski geri qayıdarkən Moldova hava məkanına yenidən bir və ya iki Rusiya dronunun daxil olduğu bildirilib. Moldova rəsmilərinin məlumatına görə, iki PUA ölkə ərazisi üzərində təxminən 10 dəqiqə qalıb.

Zelenski CBS-ə müsahibəsində hər iki hadisəni özünü və digər xarici liderləri qorxutmağa yönəlmiş strategiyanın bir hissəsi kimi qiymətləndirib. Rusiya tərəfi isə ilk hadisə zamanı real təhlükənin mövcud olmadığını bildirib.

Həmin gecə Rusiya dronları Zelenskinin doğulduğu Krivoy Roq şəhərinə də hücum edib. Rusiyanın bəzi müharibəyönlü kanalları zərbənin Zelenski ailəsinin vaxtilə yaşadığı 95-ci kvartala endirildiyini yazıblar.

Lakin Ukrayna hakimiyyəti şəhərə hücumu təsdiqləsə də, məhz 95-ci kvartalın vurulduğunu təsdiqləməyib. Rəsmi məlumatda dronların infrastruktur obyektlərini hədəfə aldığı bildirilib.

Sentyabrın 16-da isə Kiyevdə Zelenskinin vaxtilə yaratdığı “Kvartal 95” studiyasının anbarı Rusiya dron hücumu nəticəsində məhv edilib. Studiyanın məlumatına görə, təxminən 20 il ərzində toplanmış dekorasiyalar, kostyumlar və rekvizit yanıb.

Eyni hücum zamanı Yelena Zelenskayanın xeyriyyə fondunun humanitar yardım anbarı da tamamilə yanıb. Orada generatorlar, tibbi avadanlıqlar, məişət texnikası, noutbuk və planşetlərin saxlanıldığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi sentyabrın 16-da Kiyevə hücumun Zelenski ailəsi ilə əlaqəsini açıqlamayıb. Nazirlik hədəfin Ukrayna ordusu üçün xüsusi avtomobillər istehsal etdiyini iddia etdiyi Kiyev avtonəqliyyat müəssisəsi olduğunu bildirib.

Bununla belə, Rusiyanın bir sıra müharibəyönlü media resursları “Kvartal 95” və Yelena Zelenskayanın fondunun vurulmasını açıq şəkildə Zelenski ilə əlaqələndirərək təqdim ediblər.

Beləliklə, hadisələrin Zelenski ilə əlaqəli obyektlərə məqsədli hücum kampaniyası olub-olmadığı rəsmən təsdiqlənməsə də, bir həftə ərzində baş verən insidentlərin ardıcıllığı diqqət çəkir.

Musavat.com

17.09.2026 05:18
1321