Rusiya bu əraziləri itirir

Ukraynada cəbhə xəttində diqqətçəkən tendensiya müşahidə olunur: Rusiya ikinci ay ardıcıl olaraq nəzarət etdiyi ərazilərin bir hissəsini itirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu (ISW) belə bir nəticəyə gəlib.

Təhlilə əsasən, may ayında Ukrayna ordusu itirdiyindən daha çox ərazini geri qaytara bilib. Belə ki, mayın 1-dən 31-dək Kiyevin nəzarətində olan ərazi 282 kvadrat kilometr artıb. Apreldə isə Ukrayna təxminən 120 kvadrat kilometr ərazini geri alıb.

Bununla belə, dəyişikliklərin miqyası hələlik məhdud sayılır. Son iki ay ərzində Rusiya işğal etdiyi ərazilərin təxminən 0,4 faizini itirib və hazırda beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazisinin 19 faizindən bir qədər çoxuna nəzarəti saxlayır. Buraya 2014-cü ildə ilhaq edilən Krım, eləcə də Luqansk və Donetsk vilayətlərinin bir hissəsi daxildir.

ISW məlumatlarına görə, bəzi istiqamətlərdə Rusiya ordusu irəliləyişini davam etdirsə də, bu, olduqca ləng templə baş verir. Digər istiqamətlərdə isə Ukrayna qüvvələri rus bölmələrini geri çəkilməyə məcbur edib. Xüsusilə Donetsk və Zaporojye istiqamətlərində Ukrayna ordusunun müəyyən taktiki üstünlük qazandığı bildirilir.

Amerika institutu nəzarət zonalarını müəyyənləşdirərkən tərəflərin bəyanatlarını, döyüş bölgələrindən yayılan geolokasiyalı foto və videoları müqayisəli şəkildə təhlil edir. Analitiklər qeyd edirlər ki, cəbhənin bəzi geniş hissələri tam şəkildə heç bir tərəfin sabit nəzarəti altında deyil.

Eyni zamanda vurğulanır ki, Rusiya ordusu kiçik qruplarla “sızma” taktikasından geniş istifadə edir. Bu səbəbdən formal olaraq Ukraynanın nəzarətində görünən bəzi ərazilərdə də rus hərbçilərinin mövcudluğu istisna edilmir.

Musavat.com

03.06.2026 15:12
592