Rus ordusu geri çəkildi, Dmitri Donskoy cəbhədə qaldı – “Müqəddəs” sümüklər itkin düşüb

Rusiya ordusunun Ukraynadakı döyüş bölgəsinə apardığı qeyri-adi “mənəvi dəstək” vasitəsinin taleyi müəmmalı qalıb. Rus Pravoslav Kilsəsinin hərbçilərə verdiyi knyaz Dmitri Donskoya aid müqəddəs sayılan relikviyanın Rusiya bölmələrinin geri çəkilməsi zamanı cəbhə xəttində qaldığı iddia olunur.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Rus Pravoslav Kilsəsi sentyabr ayında Dmitri Donskoya aid olduğu bildirilən müqəddəs qalıqların saxlanıldığı xüsusi sandığı Rusiya ordusunun bölmələrinə təhvil verib.

Bir sıra “Telegram” kanallarının məlumatına görə, relikviya Liman istiqamətində Rusiya qüvvələrinin mövqelərini tərk etməsi zamanı itirilmiş ola bilər.

Bildirilir ki, ərazi artilleriya atəşinə məruz qaldıqdan sonra Rusiya hərbçiləri geri çəkilib və Dmitri Donskoyun qalıqlarının saxlanıldığı sandıq döyüş mövqelərində qalıb.

Beləliklə, rus ordusuna mənəvi dəstək məqsədilə cəbhəyə aparıldığı bildirilən tarixi-dini relikviyanın hazırda harada olduğu məlum deyil.

Rusiya hakimiyyəti yayılan məlumatlara hələlik münasibət bildirməyib. Relikviyanın həqiqətən itirildiyinə dair rəsmi təsdiq də yoxdur.

Musavat.com

01.10.2026 02:32
1166