Rubionun mübhəm səfərinin kodları

ABŞ dövlət katibinin gəlişi regionda həssas geosiyasi balansı daha da mürəkkəbləşdirə bilər - Ermənistandakı seçkilərə müdaxilə, yoxsa...

ABŞ dövlət katibi Marko Rubionun Ermənistana planlaşdırılan səfərinin yalnız 24 saat əvvəl elan olunmasının təhlükəsizlik məqsədilə olub-olmaması bilinmir. Ermənistan XİN-in məlumatına görə, İrəvanda   ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu bildirib. Rubionun səfəri Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri ilə əlaqəli deyil. “ABŞ dövlət katibi Marko Rubionun səfəri seçkilərlə necə əlaqəli ola bilər? Bunun seçkilərlə nə əlaqəsi var?”,  - deyə Mirzoyan soruşub.

Günün sonunda bəlli olub ki, Rubio və erməni həmkarı arasında  anlaşma memorandumu imzalanıb.

“Yeni Müsavat” qeyd edir ki, Ermənistanda seçki kampaniyasının qızışdığı bir vaxtda ABŞ-nin nüvə mütəxəssisləri İrəvana gəliblər. Erməni mediası yazır ki, səfərdə məqsəd Ermənistanda kiçik modul reaktor (SMR) tikilməsi imkanları və texniki perspektivləri müzakirə olunub. Qeyd etmək lazımdır ki, səfər Ermənistanın yeni nüvə enerji bloku üçün texnologiya seçimi ilə bağlı vacib bir qərarla üzləşdiyi bir vaxtda baş tutur. Maraqlıdır ki, hakim Mülki Müqavilə Partiyasının seçki proqramında 2027-ci ilin sonuna qədər yeni nüvə enerji bloku üçün texnologiyanın son seçimini dəqiqləşdirmək və həyata keçirmək planlaşdırılır. Bildirilir ki, Paşinyan hakimiyyəti və seçkilərdə iştirak edən qərbyönümlü qüvvələr bu mövzunu yenidən fəal şəkildə istismar etməyə çalışır və Ermənistanın artıq Amerika variantını seçməyə meylli olduğu tezisini yayırlar.

Xatırladaq ki, 9 fevral 2026-cı ildə İrəvada Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti C.D.Vens nüvə enerjisi sektorunda əməkdaşlıq üzrə “1, 2, 3 Sazişi” üzrə danışıqların başa çatması ilə bağlı birgə bəyanat imzalayıblar. Vens əmin edib ki, sənəd tam təsdiqləndikdən sonra Amerika və Ermənistan şirkətlərinin mülki nüvə layihələri üzrə müqavilələr imzalamasına yol açacaq.

ABŞ dövlət katibinin anlaşma memorandumu imzalamaq  üçün qısamüddətli səfəri Cənubi Qafqazda onsuz da həssas olan geosiyasi balansı daha da mürəkkəbləşdirə bilər. İlk növbədə, Kreml bu səfəri ABŞ-nin regionda fəallaşmasının göstəricisi kimi qəbul edir. Son illərdə Ermənistanın Qərblə siyasi və təhlükəsizlik sahəsində əlaqələri genişləndirməyə çalışması Rusiyada narahatlıq doğurur. Bu baxımdan Rubionun səfəri simvolik olsa belə, Moskva üçün siyasi mesaj xarakteri daşıyır: Vaşinqton İrəvan üzərində təsirini artırmağa çalışır.

Rusiya- Ermənistan münasibətləri hazırda çox gərgindir. Amma Ukrayna müharibəsi fonunda Moskva Cənubi Qafqazda kəskin eskalasiyadan qaçmağa çalışır. Bu səbəbdən Rubionun səfərinə veriləcək reaksiya daha çox diplomatik narazılıq siqnallar səviyyəsində ola bilər.  Bununla belə, bu səfərin Moskva ilə razılaşdırılması və ya ən azından xəbərdar edilməsi ehtimalı yüksəkdir. 

Nəticə etibarilə, belə bir səfər böyük böhran yaratmasa da, regionda ABŞ-Rusiya rəqabətinin növbəti epizodu kimi tarixə düşə bilər. Əsas sual isə Ermənistanın bu rəqabət şəraitində necə balanslı siyasət yürüdə biləcəyidir. Bu balansın pozulması isə Cənubi Qafqazda yeni gərginlik mərhələsinin başlanmasına gətirib çıxara bilər.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında deyib ki, Rubionun səfərinin Paşinyana dəstək məqsədi daşıdığına əmindir. Onun sözlərinə görə, mayın əvvəlində Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində Fransa prezidenti Makronun Gümrüdə keçirilən konsert aksiyasında iştirakı, İrəvanda küçələri gəzib vətəndaşlarla görüşü Paşinyana necə seçki dəstəyi idisə, dövlət katibinin Ermənistana gəlişi də bu qəbildəndir. Hüquq müdafiəçisi Paşinyanın favorit olduğunu düşünür və qalib gələcəyini gözləyir: “Belə bir kritik ərəfədə Rubionun səfəri Rusiyaya ciddi bir cavabdır. Bu, o zamandır ki, dövlət katibi ölkəsinin Ukrayna böhranı üzrə danışıqlarda vasitəçilikdən çəkildiyini açıqladı. Yəni Tramp hakimiyyəti Rusiya ilə məsafə yaratdı. Bu situasiyada isə Moskvanın Cənubi Qafqazda ən ciddi təsiri olan ölkəyə səfər etməklə bir demarş nümayiş etdirir”.

Ç.Qənizadə ABŞ-nin Ermənistanda ciddi planları olduğunu bildirib: “Bura "Tramp yolu", AES tikilməsi, müxtəlif humanitar proqramlar və layihələr vasitəsi ilə təsir gücün artırmaq daxildir. Baydendən sonra belə gözləntilər var idi ki, ABŞ Ermənistandan əlini çəkəcək. Amma belə olmadı, əksinə, Vaşinqton Cənubi Qafqazda təsirlərini daha da artırmağı hədəfləyib. O baxımdan, Rubionun gəlişi təkcə seçkilərlə bağlı deyil, bütövlükdə Ermənistanla bağlı strateji məsələlər gündəlikdədir".

Asif Nərimanlı xəbərləri - Globalinfo.az - Azərbaycan və Dünya xəbərləri.

Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlı da belə hesab edir ki, Rubionun Ermənistana səfərinin “ikitərəfli tərəfdaşlığı gücləndirmək və bir sıra sazişlər imzalamaq” məqsədi daşıdığı bildirilsə də, bunun 7 iyunda keçiriləcək parlament seçkilərindən öncə baş verməsi “gizli missiya”ya diqqət çəkir. Onun qənaətinə görə, söhbət Vaşinqtonun Ermənistanın baş naziri Nikol Paşinyana seçki dəstəyindən gedir və bu planı “diplomatik müzakirələr” adı altında gizlətmək uğursuz cəhddən başqa bir şey deyil. Siyasi təhlilçi hesab edir ki, hər şey ortadadır: “Rubionun İrəvan səfəri ABŞ-nin seçkidə Paşinyan komandasının yanında olduğunu nümayiş etdirməyə hesablanıb. Bu nümayişin erməni seçicilərin seçiminə nə qədər təsir edəcəyi müəmmalı olsa da, başda Rusiya olmaqla prosesə müdaxilə etmək istəyən tərəflərə açıq mesaj xarakteri daşıdığı bəllidir”.

A.Nərimanlının fikrincə, əslində Rubionun seçkiyə sayılı günlər qalmış Ermənistana səfəri də elə prosesə müdaxilə kimi qiymətləndirilə bilər: “Rusiyanı seçkilərə müdaxilədə ittiham edən Qərb analoji siyasəti özünə rəva görür. Avropa Birliyi Moskvanın seçkiyə mümkün müdaxiləsinə qarşı Ermənistana "xüsusi missiya" göndərdi, daha sonra İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində hakimiyyətə dəstək verdilər. İndi Rubionun timsalında ABŞ növbəti dəstək addımı atır. Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqton-Brüssel xəttində müşahidə olunan uzaqlaşma fonunda hesab etmək olar ki, ABŞ Avropa Birliyindən geri qalmaq istəmir. Hərçənd ABŞ və AB-nin Paşinyana seçki dəstəyinin hədəfi eynidir: İrəvanda Moskvanın mövqelərinə zərbə vurmaq, Ermənistanla Qərb arasında yaxınlaşma körpüsünü gücləndirmək, ümumilikdə Rusiyanın regionda təsirini zəiflətmək".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

27.05.2026 08:30
961