1943-cü ilin noyabr ayında Berlindən Şnaydemül şəhərinə gestapo komissiyası gəlib. Onların əlində içərisində xüsusi göstərişlərin olduğu çanta olub. Bir gün sonra sənədlərin əsas məqsədi müəyyən edilib. Nasistlərə şəhər sakinlərinin şəcərəsini aydınlaşdırmaq tapşırılıb. Almanlar öncə qaraçıları “sınaq”dan keçirmək istəyib.
Bunun üçün isə komissiya ailə başçılarını müəyyən yerlərə dəvət ediblər. Onlar əcdadlarından başlayaraq şəcərələrinin müəyyənləşdirilməsi üçün hərtərəfli dindiriliblər. Bir ay sonra qaraçılar yenidən çağırılıb və komissiyanın yekun qərarı onlara təqdim edilib: onlar “yüksək” irqdən olmadıqları üçün konsentrasiya düşərgəsinə göndərilməli və ya axtalanmalı idilər.

Qaraçılar əvvəlcə düşərgəyə getmək barədə qərar qəbul ediblər, lakin sonradan düşərgələrdə qaraçıların məhv edildiyini öyrəndikdə düşərgəyə yalnız üç ailə gedib, uşaqlarına yazığı gələn beş ailə isə yekun qərarla razılaşmalı olub.
Ümumiyyətlə, Şnaydemül (indiki Pila, Polşa) II dünya müharibəsi zamanı krematoriya və qaz kameraları da daxil olmaqla kütləvi qırğın üçün avadanlıqlarla təchiz olunmuş hərbi əsir düşərgəsinin (Stalag II B) yeri olub. 1937-ci ildə qurulan düşərgə, məhbusların qeydiyyata alındığı və məhv edildiyi konsentrasiya düşərgəsi sisteminin bir hissəsi kimi fəaliyyət göstərib.
Ober-refreyter Henrix Annasın ifadəsinə görə, düşərgədə daim “xüsusi” bir qoxu olub və sonradan aşkar olunduğu kimi, bu qoxu qətlə yetirilmiş məhbusların qalıqlarının yandırıldığı krematoriyadan gəlib.

Saxlanılan başqa bir alman İohann Qalonskınin sözlərinə görə, nasistlər məhbusları yuyunmalı olduqları otaqlara aldadıb aparıblar, lakin su əvəzinə kranlardan zəhərli qaz vurulub. “Atam düşərgədə işləyirdi. O, mənə düşərgə haqqında dəhşətli şeylər danışırdı. Deyirlər ki, almanlar yorğun və işə yaramayan əsirləri “tualetlər”ə aparır, "özlərini təzələmək" bəhanəsi ilə soyunmalarını istəyir və sonra tualet kranlarından qaz vururlar. Daha sonra cəsədlər xüsusi sobalarda yandırılır”, - o danışıb.
Tarixə “Reynhard əməliyyatı” adı ilə düşən əməliyyat nəticəsində ümumilikdə Varşava, Lyublin, Radom, Krakov və Qalisiyada təxminən 50 min qaraçı öldürülüb. Nasistlər qaraçıları irqi və sosial problemlərin daşıyıcısı kimi görüblər və alman millətinin onlardan tamamilə təmizlənməli olduğuna inanıblar. Müharibənin əvvəlində Reyxdə yaşayan 44.000 qaraçıdan minlərləsi həbs düşərgələrinə göndərilib. Digərləri isə tranzit düşərgələrində toplanaraq gettolara və ölüm düşərgələrinə sürgün edilib. Müxtəlif hesablamalara görə, 90-150 min arasında Avropa qaraçısı öldürülüb.

Bundan başqa, hərbi əsirlər II dünya müharibəsi zamanı nasistlərin Slovakiya meşələrində qaraçıları vəhşi heyvanlar kimi güllələdiyini bildiriblər. SS bölmələri isə onları tarlalarda “ovlayıblar”. Slovakiyadakı kütləvi məzarlıqlar Çernı Baloq, Detva və Dubnitsa nad Vahomda yerləşir. Kremniçkada 111, Slatinada isə 59 qaraçı edam edilib. 1944-cü il avqustun 2-dən 3-nə keçən gecə, Auşvitz-Brezinkadakı qaraçılar üçün nəzərdə tutulmuş ən böyük həbs düşərgəsinin ləğvi zamanı bir neçə saat ərzində üç mindən çox qadın, kişi və uşaq qaz kameralarında öldürülüb.
Ümumilikdə, II dünya müharibəsi zamanı 250.000 ilə 500.000 arasında qaraçı müxtəlif üsullarla qətlə yetirilib. Lakin bəzi tədqiqatçılar qurbanların sayının daha çox - təxminən 1,5 milyon olduğunu düşünürlər. Dəqiq rəqəmlər hələ də məlum deyil.

Bütövlükdə Almaniyada onlar XIX əsrdən bəri ayrı-seçkiliyə məruz qalıblar. 1906-cı ildən bəri Prussiyada “Roma təhqirlərinə qarşı mübarizə direktivi” adlanan qanun qüvvədə olub. Milli sosialistlər qaraçıları irqi əsaslarla təqib edib və 1935-ci ildə yəhudi əhalisi kimi onlara da “ari”lərlə evlənməyi qadağan ediblər (Nürnberq qanunları). “Reyx vətəndaşlıq qanunu”nun qəbul edilməsindən sonra qaraçılar Almaniya vətəndaşlığından da məhrum ediliblər.

Qısa müddət sonra qaraçı müəssisələri bağlanmağa məcbur edilib və gənclər təhsil hüquqlarını itiriblər. 1938-ci ildə “Reyxdə parazit” əməliyyatı zamanı cinayət polisi minlərlə qaraçı da daxil olmaqla, “antisosial elementlər”i həbs edərək konsentrasiya düşərgələrinə sürgün edilib. Bir çoxu zorla sterilizasiya və ya məhv edilib. 1939-cu ildən başlayaraq qaraçıların evlərindən çıxması qadağan edilib və qısa müddət sonra konsentrasiya düşərgələrinə, əsasən Auşvitzə sistematik sürgünlər başlayıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün