Revanşistlər Naxçıvanı HƏDƏF aldı – Bakıdan SƏRT cavab

İkinci Qarabağ müharibəsindəki məğlubiyyət erməni revanşist düşərgəsindəki bəzi şəxslərin Azərbaycana qarşı ərazi iddialarına son qoymadı. Əksinə, Qarabağ üzərində nəzarəti itirdikdən sonra bu qrup getdikcə revanşist gündəliyini digər ərazilərə yönəltməyə və SSRİ-nin dağılmasından sonra yaradılmış ərazi qaydalarını yenidən şübhə altına almağa çalışır. İndi Naxçıvan diqqət mərkəzinə çevrilib.

Əhəmiyyətli olan odur ki, bu, artıq təsadüfi tarixi mübahisə deyil. 5 sentyabrda Ermənistanın Milli Demokrat Qütbü Azərbaycanın Naxçıvana ərazi mülkiyyətini şübhə altına alan bir bəyanat yayaraq, onun statusunun tam tarixi və hüquqi nəzərdən keçirilməsinə ehtiyac olduğunu bildirib. Və Naxçıvanı "tarixi Ermənistan"ın bir hissəsi adlandırıb. Eyni zamanda, MDQ Ermənistanın bu əraziyə olan hüquqlarını itirmədiyini iddia edib. Beləliklə, bu, sadəcə bir əsr əvvəl baş verən hadisələrin yenidən şərhi deyil, ərazi məsələsinə yenidən baxmaq üçün siyasi və hüquqi arqument formalaşdırmaq cəhdidir.

Bu kontekstdə erməni revanşistlərinin əsas arqumentinə toxunmaq lazımdır: Naxçıvanın hazırkı statusunun guya yalnız 16 mart 1921-ci il tarixli Moskva müqaviləsinə əsaslandığı və buna görə də yenidən nəzərdən keçirilə biləcəyi iddiasına. Bu yanaşma qəsdən bir sənədi daha mürəkkəb tarixi və hüquqi kontekstdən təcrid edir.

Niyə Naxçıvan revanşistlərin gündəliyinin növbəti mərkəzinə çevrilib?

Münaqişənin genişlənməsi qaçılmaz ola bilər - Rəşad Bayramov | Hafta.az

AMİP Ali Məclisinin sədri Rəşad Bayramov Musavat.com-a dedi ki, Naxçıvanın son dövrdə erməni revanşist dairələrinin ritorikasında yenidən ön plana çıxması təsadüfi hadisə kimi qiymətləndirilə bilməz: “Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünün faktiki bərpasından sonra radikal millətçi çevrələrin diqqətini Azərbaycanın digər strateji ərazilərinə yönəltməsi revanşist gündəliyin mahiyyətini göstərir. Ermənistanın Milli Demokrat Qütbünün Naxçıvanın statusunun yenidən nəzərdən keçirilməsi barədə bəyanatı da bu baxımdan ayrıca diqqət çəkir. Məlumdur ki, adı çəkilən təşkilat 2021-ci il parlament seçkilərində cəmi 1,47 faiz, 2026 seçkilərində isə 1 faizin də altında səs toplayıb. Bu da o anlama gəlir ki, Milli Demokrat Qütb Ermənistan siyasətində dominant qüvvə deyil və heç bir siyasi çəkisi yoxdur. Lakin burada məsələ təbii ki, siyasi çəkidən daha çox səsləndirilən iddianın mahiyyəti ilə bağlıdır. Naxçıvanın hədəfə çevrilməsinin ilk səbəbi onun Azərbaycanın ərazi bütövlüyü baxımından xüsusi əhəmiyyətidir. Naxçıvan Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrı düşsə də, beynəlxalq hüquqi baxımdan Azərbaycanın ayrılmaz hissəsidir. Onun statusu barədə 1921-ci il Moskva və Qars müqavilələrində konkret müddəalar mövcuddur. Xüsusilə Qars müqaviləsinin 5-ci maddəsi Naxçıvanı Azərbaycanın himayəsi altında muxtar ərazi kimi müəyyənləşdirib. Buna görə Naxçıvanın yalnız Moskva müqaviləsinə əsaslanan ərazi kimi təqdim edilməsi hüquqi mənzərəni bilərəkdən sadələşdirir”.

Politoloq hesab edir ki, burada ikinci mühüm amil SSRİ-nin dağılmasından sonrakı hüquqi-siyasi reallıqdır: “1991-ci il Alma-Ata Bəyannaməsində Azərbaycan və Ermənistan da daxil olmaqla keçmiş sovet respublikaları bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanıdıqlarını bəyan etmişdilər. Bu çərçivə keçmiş sovet məkanında dövlətlərarası sabitliyi qorumaq məqsədi daşıyırdı. Deməli, tarixi xəritələrə istinad etməklə müasir dövlət sərhədlərini birtərəfli şəkildə şübhə altına almaq beynəlxalq hüququn əsas məntiqi ilə ziddiyyət təşkil edir. Digər səbəb Naxçıvanın dəyişən geosiyasi əhəmiyyətidir. Regionda yeni nəqliyyat bağlantılarının formalaşması Naxçıvanı Azərbaycan, Türkiyə və daha geniş Türk dünyası arasında mühüm qovşağa çevirir. Azərbaycan üçün Naxçıvanla quru əlaqələrinin bərpası yalnız regional nəqliyyat layihəsi deyil, həm də ölkənin iqtisadi və strateji inteqrasiyasının mühüm elementidir. Buna görə Naxçıvan üzərində siyasi və hüquqi iddiaların səsləndirilməsi Azərbaycanın regional layihələrinə təzyiq göstərmək cəhdi kimi də oxuna bilər”.

Cavanşir Abbaslı
Musavat.com

14.09.2026 12:55
2346