Rəşt-Astara ilə bağlı mühüm qərar: rusiyalı nazir açıqladı

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm hissəsi olan Rəşt-Astara dəmir yolu layihəsinin praktiki icrasına 1 aprel 2026-cı ildə başlanacaq.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın energetika naziri Sergey Tsivilev Rusiya və İran arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, ölkələr arasında layihə üzrə yekun razılaşma da həmin vaxt imzalanacaq.

Energetika Nazirliyi rəhbərinin sözlərinə görə, tərəflər layihənin istifadəyə verilməsinə mane olan bütün mübahisəli məsələləri həll edə biliblər:

"Şimal-Cənub Dəhlizi təkcə enerji dəhlizi deyil, həm də nəqliyyat dəhlizidir. Rəşt-Astara dəmir yolu xəttinin tikintisi onunla bağlıdır. Biz torpaq qeydiyyatı və təşviqlərin alınması da daxil olmaqla, əvvəllər həll olunmamış demək olar ki, bütün məsələləri həll etmişik. Bu gün elan etdik ki, bu layihənin istifadəyə verilməsi ilə bağlı yekun razılaşma 1 apreldə, Rusiyada Nəqliyyat Həftəsi zamanı imzalanacaq".

Nazir qeyd edib ki, layihə üzərində iş eyni vaxtda başlayacaq:

"Biz dərhal paralel olaraq bu genişmiqyaslı layihənin layihələndirilməsinə və tikintisinə keçəcəyik".

Tsivilev tikintiyə hazırlıq işlərində iştirak edən mütəxəssislərin işini yüksək qiymətləndirib:

"Bu layihə üzərində işləyən bütün komandalarımıza təşəkkür etmək istəyirəm. Bu, çox mürəkkəb işdir, amma biz bütün icra məsələlərini həll edə bildik. Əminliklə deyə bilərik ki, 1 aprel tarixindən etibarən bu genişmiqyaslı infrastruktur layihəsinin icra mərhələsinə başlayacağıq".

Qeyd edək ki, Rəşt-Astara İran dəmiryol sistemini Azərbaycan dəmioryolları ilə əlaqələndirəcək 162 km-lik xətdir. Onun tikintisinin 1,6 milyard avroya başa gələcəyi gözlənilir. Bu xərcin 1.3 milyard avrosunu Rusiya dövlətlərarası kredit kimi İrana ayırır.

Layihənin baş podratçısı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir hissəsi olan "Xatəm əl-Ənbiya" tikinti şirkətidir. Tikintini Rusiya Dəmir Yolları həyata keçirəcək.

Musavat.com

18.02.2026 15:25
599