Rəsmi Bakıdan qəti mövqe - Rusiya məsuliyyəti qəbul etməlidir

Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov bir daha AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyinin tamamilə qətiyyətli olduğunu bildirib.

Nazir xatırladıb ki, 2025-ci ilin oktyabr ayında Azərbaycan və Rusiya prezidentləri arasında görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilən tədbirlər görülməlidir: "Təyyarənin vurulması Rusiya müdafiə nazirliyinin səhvi ucbatından baş verib. Gözləntimiz ondan ibarətdir ki, buna dair bütün tədbirlər görüləcək, hüquqi qiymət veriləcək, kompensasiyalar ödəniləcək".

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın bu məsələdə mövqeyi ilk gündən qəti olub: “Qroznı səmasında vurulmuş AZAL təyyarəsinə görə Rusiya məsuliyyət daşıyır. Təyyarə Rusiyanın hərbi hava müdafiə sistemləri tərəfindən atış açılaraq vurulub. Azərbaycanın tələbi ilk gündən olduğu kimi, müvafiq təzminatların ödənilməsi və bu hadisənin baş verməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasıdır. Hətta keçən il Düşənbədə dövlət başçılarımızın görüşü zamanı Rusiyanın prezidenti Vladimir Putin təhqiqat işləri başa çatandan sonra hadisə ilə bağlı bütün müvafiq tədbirlərin görüləcəyi ilə bağlı açıqlama verib. Amma dekabr ayında Bastrıkinin verdiyi açıqlama prezident Putiunin səsləndirdiyi fikilərin tamamilə əksi oldu. Görünən odur ki, Rusiya hələ də təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb müvafiq prosedurların icrasında maraqlı deyil”.

Deputat vurğulayıb ki, Azərbaycan da öz mövqeyinddən çəkinmir və ədalətin bərpasını tələb edir:
“Düzdür, təyyarə qəzasından sonra bu insidentə görə ölkələrimiz arası münasibətlərdə gərginlik yaranıb. Rusiya bu gərginliyi artırmaqla təyyarə qəzası məsələsini unutdurmağa çalışır, amma Azərbaycan hər zaman öz haqqını tələb etməkdə davam edəcək. Çünki, qonşu və müstəqil ölkələr münasibətləri qarşılıqlı hörmət və ədalət üzərində qurub, davam etdirməlidirlər. Biz də Rusiyadan ancaq bunu istəyirik”.

Nigar Həsənli,
Musavat.com

26.02.2026 19:27
600