Keçmiş imperiyaların, indiki böyük dövlətlərin xüsusi bir ümumi ambisiyası var, hesab edirlər ki, dünyanın hər tərəfində onların regional maraqları var və bu maraqlar nəyin bahasına olursa-olsun, təmin olunmalıdır.
Hansısa regional dövlət öz maraqlarından çıxış edərsə, böyük dövlətlər dərhal bunu öz mənafelərinə qarşı hərəkət, düşmənçilik hesab edir və həmin kiçik dövlətləri cəzalandırmaq fikrinə düşürlər.
Onlar özləri üçün eksklüziv hüquq icad ediblər və əllərində dəyişməz bir bəhanələri var: “Bizim bu regionda maraqlarımız mövcuddur”.
ABŞ-nin İranla 47 ildir davam edən, hərdən açıq intriqa, hərdən qatı düşmənçilik səciyyəsi alan münasibətlərinin mayasında həmin ambisiya və həmin “eksklüziv hüquq” durur. Ona görə ki, 47 il öncə bu günlərdə İranda baş verən islam inqilabının nəticəsində hakimiyyətə gələn teokratik qüvvələr ABŞ-ni İrandan qovublar və onun bu “regiondakı maraqlar”ına zərbə dəyib.
İranda isə kasıbçılığa və hüquqsuzluğa görə etiraza qalxanları 50 il öncə də küçələrdə gülləboran edib qırır, edam edirdilər, indi də qırır, edam edirlər. O vaxt bu işi şahın təsis etdiyi SAVAK edirdi, indi ali dini rəhbərin sərəncamındakı SEPAH edir. ABŞ isə 50 il öncə SAVAK-ı dəstəkləyir və lazımi avadanlıqlarla təchiz edirdi, indi SEPAH-ı “terrorçu təşkilatlar” siyahısına salır.
Hazırda Vaşinqtonun Venesuela dövlətinə münasibəti də sırf “regiondakı maraqlar”a görə formalaşıb. Tramp siyasətdə qırmızı, beynindəkini diplomatik cümləpərdazlığa yol vermədən birbaşa deyən adam olduğundan Venesuelaya marağının neftə görə olduğunu gizlətmir, amma o biri rəsmi şəxslər onun dediklərini malalaylr, ortaya “demokratiya və insan haqları” söhbəti də əlavə edirlər.
Bu yanda da Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin ölkəsinin “regiondakı maraqlar”ından danışır.
Özünü çar dönəmində imperatorun Qafqazdakı canişini olmuş Vorontsov-Daşkovun xələfi kimi aparan Zatulin deyib ki, “Ermənistanla ABŞ arasında mülki nüvə energetikası sahəsində imzalanan və 9 milyard dollarlıq Amerika investisiyasını nəzərdə tutan saziş Rusiyanın regiondakı maraqlarına və təsirinə zərbədir”.
Beynəlxalq mediada belə başlıqlara da rast gəlmək olar: “ABŞ və Azərbaycan Rusiyanın regiondakı mövqeyini zəiflədə biləcək razılaşma imzalayıblar”. “Röyters” agentliyinin verdiyi bu xəbər bir çox ölkələrin mediasında o cür də yer alıb və açıq-aşkar “arı yuvasına çubuq uzatmaqdır”.
Yenə də elə çıxır ki, nə Ermənistan, nə də Azərbaycan müstəqil siyasi-iqtisadi siyasət yeridə bilməzlər, onların hər hansı bir dövlətlə nəsə bir saziş imzalaması mütləq başqa bir dövlətin “regiondakı maraqlar”ına zərbədir.
Sanki dünya böyük dövlətlərin təsir zonalarına bölünüb. Konkret olaraq, Rusiyanın maraqları şimaldakı Ağ dənizdən Qırmızı dənizə, Qara dənizdən Sarı dənizə, mavi Xəzərə qədər uzanır. Orta Asiyadakı Tyan-Şan və Pamir dağlarından Avropadakı Karpat dağlarına qədər geniş bir areal da bu dövlətin maraqlı olduğu regiondur.
Fransa Afrika ölkələrini hələ də “öz regionu” sayır. ABŞ-nin dünyadakı bütün regionlarda marağı var, nərdtaxta oyunçuları boşalan xanaları dərhal öz daşları ilə tutduqları kimi, ABŞ də dünyanın harasında bir ölkə köhnə metropoliyasından xilas olaraq müstəqil siyasət yeritməyə başlayan kimi dərhal həmlə edir, oranı tutmağa çalışır.
“Regiondakı maraqlar” dedikdə hər şey nəzərdə tutulur. Böyük dövlətlər kiçik dövlətlərin karbohidrogen resurslarına, faydalı qazıntılarına, ucuz işçi qüvvəsinə, tranzit yollarına şərik olmaq, onlardan faydalanmaq istəyirlər. Keçmiş dönəmlərdə bunun adı “xərac almaq” olub, indi “regiondakı maraqları təmin etmək”dir.
Bir sözlə, qədim dövrlərdə, orta əsrlərdə olduğu kimi, indi də böyük dövlətlərin əhatəsində yaşamaq, inkişaf etmək çətindir. Onların “regional maraqları” mürtəce xarakterlidir və bizim kimi dövlətlər onları uzlaşdırmaq, azzərərli etmək üçün əziyyət çəkirlər.
Prinsipcə, böyük dövlətlər vaxtilə işğal etdikləri, əsrlər boyunca istismara məruz qoyduqları ölkələrə təzminat verməlidirlər. O cür tələblər yavaş-yavaş səslənir, bir gün kütləviləcək.
İndilikdə isə böyük dövlətlər “regiondakı maraqlar” uğrunda boğuşurlar. Hələ “Çin əjdahası” da başını yeni-yeni qaldırır.
Araz Altaylı, Musavat.com