“Rasim Balayev qulağıma dedi ki, məktubumu atmayıb” – Firəngiz Mütəllimova ilə MÜSAHİBƏ

Bu gün Xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür. Aktrisa 68 yaşını qeyd edir.

Musavat.com-un əməkdaşı sənətçinin özəl günündə onunla əlaqə saxlayıb və təəssüratlarını öyrənib.

- Firəngiz xanım, adətən qadınlar yaşlarını kompleks edirlər, çox vaxt onu gizlətməyə çalışırlar. Siz necə?

- Mən insanların gözü qarşısında böyüyüb sənətə gəlmişəm. Ona görə də mənim üçün yaş kompleksi yoxdur. Allahdan istəyirəm ki, nə qədər ömür veribsə, sağlıqlı və bərəkətli olsun.

- Bu gün sizi kim təbrik etsə, ürəyinizə yağ-bal kimi yayılar?

- Gözlədiyim insanların hamısı mənə artıq zəng edib təbrik edib. Onlar dostlar, tanışlar, ailə üzvlərimdirlər. Ancaq məxsusi zəngini gözlədiyim insan yoxdur.

firaaa.jpg (134 KB)


- Doğum günlərinizi təmtəraqlı qeyd edirsiniz?

- Mən bu günü ailə üzvlərimlə bir yerdə qeyd etməyi xoşlayıram. Həmişə bacılarım, qardaşımın yoldaşı, uşaqlar, yeznəm süfrə ətrafında toplaşırıq. Yəni kənar şəxs olmur.

- Xüsusi arzuladığınız hədiyyə var?

- Ailə üzvlərim nəyi xoşlayıb xoşlamadığımı bilirlər. Kim nəyi edəcək deyə öz aralarında bölüşdürürlər. Mən də bütün qadınlar kimi gül-çiçəyi xoşlayıram. Mənim üçün əsas diqqətdir, hədiyyə o qədər də önəmli deyil.

- Ən çox hansı illərin xiffətini çəkirsiniz?

- Şuşada yaşadığım uşaqlıq illərimin xiffətini çəkirəm. Onda valideynlərim və qardaşım sağ idi.

- Hələ məktəbli olarkən Rasim Balayevə məktub yazmışdınız. Ona nə demişdiniz?

yaşar.jpg (200 KB)


- Onda 7-ci sinifdə oxuyurdum. Nəsimi roluna sevgimi bildirmişdim. Məktubun sonunda qeyd etmişdim: "Siz bəlkə də bu məktubu oxumadan atacaqsınız". İllər keçəndən və mən tanınandan sonra Rasim Balayev tədbirlərin birində əyilib qulağıma dedi ki, Firəngiz, məktubu atmamışam, məndədir.

- Bəs sizin özünüzə məktub yazan olurdu?

- Mənə qutularla məktub gəlirdi, o qədər çox idi ki, aşıb-daşırdı. Oxuyurdum, xoşuma gəlirdi. Mən bir gecədə məşhur olmuşdum. Ona görə də maraqlı idi. Həmin məktubların çoxunu arxivə vermişəm. Ancaq bəzi məktubları, məsələn, valideynlərimdən, qohumlarımdan gələnləri saxlayıram.

Yaşar (2).jpg (37 KB)


- Bu gün özünüzə nə arzulayırsınız?

- Can sağlığı. Özümə dedim ki, bu gün hər şey əladır və gözəl olacaq.

- Yadınızda qalan doğum günü hansı olub?

- 40 və 50 illik yubileylərimi qeyd etmişəm. Ondan sonra fikirləşdim ki, yubiley ad günümü qeyd etməyim. 50 illik yubiley gecəmi Yaşar Nuri ilə Telman Adıgözəlov aparırdılar. İndi hər ikisi mənim üçün yaşayır. Onları bu dünyadan köçmüş hesab etmirəm.

Şahanə Rəhimli
Musavat.com

01.05.2026 14:40
5445