Qusar rayonunda həyata keçirilən rabitə infrastruktur layihəsinə yaradılan maneələr barədə yazmışdıq.
Söhbət rayonun Həsənqala kəndi istiqamətində mobil rabitənin gücləndirilməsi məqsədilə çəkilən fiber-optik rabitə xəttinin çəkilməsi zamanı ortaya çıxan problemlərdən gedirdi. Bu barədə “Ultranet” şirkəti redaksiyamıza şikayətlə müraciət etmişdi.
Qusar Rayon İcra Hakimiyyətindən Həsənqala kəndində rabitə infrastrukturu ilə bağlı dərc olunmuş xəbərə rəsmi münasibət bildirilib.
Musavat.com-a göndərilən açıqlamanı olduğu kimi təqdim edirik:
“Qusar rayonunda əhalinin fasiləsiz və keyfiyyətli kommunal xidmətlərlə təminatı Rayon İcra Hakimiyyətinin diqqətdə saxladığı əsas məsələlərdəndir. Qaz, elektrik enerjisi, içməli su və rabitə infrastrukturu mərhələli şəkildə yenilənir, mövcud şəbəkələrin dayanıqlılığı gücləndirilir. Vətəndaşların gündəlik həyatının rahatlığı və təhlükəsizliyi üçün müvafiq qurumlarla əlaqəli iş aparılır.
Son günlər rayonun Həsənqala kəndi istiqamətində fiber-optik rabitə xəttinin çəkilməsinə razılıq verilməməsi ilə bağlı xəbərlər dərc olunub. İctimaiyyəti obyektiv məlumatlandırmaq məqsədilə bildiririk ki, Həsənqala kəndində 2023–2024-cü illərdə çəkilmiş fiber-optik kabel xətləri 290 abonentin internet və mobil rabitə xidmətlərinə olan ehtiyacını ödəyəcək səviyyədədir. Mövcud xətlər texniki cəhətdən saz vəziyyətdədir və fasiləsiz xidmət göstərir.
Məlumat üçün bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qusar Rayon İcra Hakimiyyətinə ünvanladığı rəsmi məktubda bəzi ərazilərdə telekommunikasiya operatorları tərəfindən ayrıca dirəklərdən və qurğulardan istifadə nəticəsində infrastrukturun təkrarlanması hallarının tez-tez müşahidə olunduğu və şirkətlər tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrdə səki boyunca əlavə dirəklərin quraşdırılmasının ərazinin texniki yüklənməsinə, şəhərin memarlıq-estetik görünüşünün pozulmasına və sakinlərin hərəkətinə maneələrin yaranmasına səbəb olduğu qeyd edilir. Nazirliyin mövqeyinə uyğun olaraq, bunun qarşısının alınması üçün bütün işlər qabaqcadan müvafiq qurumlarla əlaqələndirilməlidir. Eyni zamanda, işi aparacaq şirkətin müvafiq fəaliyyət növü üzrə qüvvədə olan lisenziyasının mövcudluğu da vacib şərtdir.
Layihəni həyata keçirən şirkətin iddia etdiyinin əksinə, fiber-optik xəttin çəkilməsi ilə bağlı nə Qusar Rayon İcra Hakimiyyətinə, nə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə rəsmi müraciət edilib. Layihə müvafiq qaydada razılaşdırılmadan işlərə başlanılıb və icra başçısı ilə görüşə təşəbbüs göstərilməyib. Qüvvədə olan normativ hüquqi aktlara əsasən, telekommunikasiya şəbəkələrinin tikinti-quraşdırma işlərinə başlanmazdan əvvəl aidiyyəti icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır. Razılaşdırılmamış işlərin görülməsi qanunaziddir və bu səbəbdən İcra Hakimiyyəti tərəfindən haqlı mövqe ortaya qoyulub.
Əgər şirkət həqiqətən xidmətin genişləndirilməsində maraqlıdırsa, xətləri mövcud dirəklər üzərindən çəkməklə həm texniki tələblərə, həm də şəhərsalma normalarına riayət edə bilər. Bu, dövlətin rəqəmsallaşma siyasətinə də zidd deyil, əksinə, resurslardan səmərəli istifadə prinsipinə uyğundur.
Qusar Rayon İcra Hakimiyyəti dövlətin rəqəmsallaşma siyasətini və texnoloji yenilikləri tam dəstəkləyir və bu prosesdə özü də nümunə göstərir. Belə ki, 2025-ci ildə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının bütün əməkdaşları yeni kompüter texnikası ilə təchiz edilib. Eyni zamanda, rayonun bütün kəndlərində icra nümayəndəlikləri də müasir kompüter avadanlığı və zəruri texnika ilə təchiz edilib, internetə qoşulma təmin edilib. Bunun üçün 2025-ci ildə 14 ədəd yeni kompüter və digər zəruri texniki avadanlıqlar alınıb. Texniki təminatın gücləndirilməsi məqsədilə bu sahədə tədbirlər 2026-cı ildə də davam etdiriləcək.
Rayon İcra Hakimiyyəti tərəfindən alınmış müasir kompüter avadanlıqları hesabına rayon icra hakimiyyəti başçısının hər həftə onlayn vətəndaş qəbulları keçirilir. Onlayn vətəndaş qəbulları sakinlərin kəndlərdən şəhər mərkəzinə gəlmədən, vaxt və maliyyə itkisi olmadan müraciətlərinin dinlənilməsini təmin edir. Bizim məqsədimiz əngəl yaratmaq deyil, əksinə, vətəndaşları daha keyfiyyətli, fasiləsiz və səmərəli kommunal xidmətlərlə təmin etməkdir. Əsas şərt dövlət resurslarının səmərəli istifadəsi, şəhərsalma normalarına riayət edilməsi və sakinlərin rahatlığının təmin edilməsidir. Bu prinsiplərə əməl olunduğu halda, istənilən innovativ layihə İcra Hakimiyyətinin dəstəyini qazanır. Yuxarıda deyilənləri nəzərə alaraq, bəzi xəbər saytlarında yayılmış məlumatların natamam və reallığı əks etdirmədiyini bildirir, ictimaiyyəti yalnız rəsmi mənbələrdən verilmiş məlumatlara istinad etməyə çağırırıq. Qusar Rayon İcra Hakimiyyəti dövlətin rəqəmsallaşma strategiyasını tam dəstəkləyir və bu istiqamətdə həyata keçirilən bütün qanuni layihələrə şərait yaratmağa hazırdır”.
E. Məmmədəliyev,
Musavat.com