Qurbanlıq heyvanın qanı - Hacı Şahin bu barədə nə demişdi...

İyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Hər il olduğu kimi, məscidlərdə Qurban bayramının namazı qılınacaq. 

Qurban kəsilən zaman bir çox insan heyvanın qanını özlərinin, əsasən də uşaqların alnına sürtür. 

Bəs bu adət nə ilə bağlıdır? Bunun İslam dini ilə hər hansı əlaqəsi varmı? 

Sağlığında bu suala cavab verən mərhim ilahiyyatçı Hacı Şahin Həsənli bildirmişdi ki, qurban kəsilən heyvanın qanını alnımıza sürtməyin dinlə heç bir əlaqəsi yoxdur:

“Bu adətin dinlə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, xalq içində mövhumatdan yaranan bəzi adətlər mövcuddur. Qurbanlıq heyvanın qanını alına (xüsusilə, uşaqların alnına) sürtmək adəti də mövhumat və xurafatdır. Üstəlik, şəriətimizə görə, qan - istər insan qanı olsun, istərsə də qanı fışqıraraq çıxan bütün heyvanların qanı olsun - murdar sayılır. Bu qan hara dəysə, yuyub pak etmək lazımdır. Necə ola bilər ki, murdar sayılan qanın bədənə sürtülməsinə dinimiz icazə vermiş olsun?!” 

Bəs bu adətin kökü haradan gəlir? 

Qədim dövrlərdə qurban kəsmək ibadət edən insan və ya insanların Tanrıya nəyisə təqdim etmək, həsr etmək mənasına gəlirdi. Qurban dualarla edilən dini bir ayindir. Qurbanlar ya hədiyyələrlə qanlı, ya da qansız olaraq iki yerə bölünüb. 

Qanlı qurbanlar canlı olanlardır. Qurbanlıq heyvanlar çiçəkdən hazırlanan çələnglərlə bəzədilir, üzlərinə və gözlərinə çiçək suyu, gülab kimi müqəddəs sular sürtülür, kürsüdə rahib və köməkçisi tərəfindən kəsilirdi. Kəsilən heyvanın qanı bir qaba toplanır, kürsüyə və inanclı insanların üzərinə tökülürdü. Məhz Anadoluda, Azərbaycanda uşaqların alnına qurban qanı sürtmək adəti buradan qalıb. Adətə əsasən, Tanrının gücü alına sürtülən qanla birlikdə o insana keçir. /Yeni Sabah

11.06.2024 12:55
486