Müğənni Əminə Şirin Qurban bayramı ilə bağlı səsləndirdiyi fikirlərə görə ünvanına gələn tənqidlərə münasibət bildirib.
Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında etdiyi açıqlamada uzun müddətdir ət məhsulları istehlak etmədiyini və vegetarian həyat tərzi sürdüyünü deyib.
Əminə Şirin bildirib ki, Qurban bayramı ilə bağlı paylaşımında bu bayramı şəxsi baxışına uyğun olaraq qiymətləndirib və ailəsinin də həmin günü qeyd etmədiyini vurğulayıb.
“Din sizə nə buyurursa, onu edin. Mən heç kimin inancına qarışmıram. Sadəcə öz fikrimi bölüşmüşəm. Tanıyanlar bilir ki, dediyimlə etdiyim üst-üstə düşür. Üç ildən artıqdır ki, ət yemirəm və vegetarianam”, - deyə müğənni qeyd edib.
Sənətçi insanların heyvan mənşəli qidalardan istifadə etmədən də qidalana biləcəyini söyləyib. O, eyni zamanda ət istehlak edən şəxsləri qınamadığını, hər kəsin seçimlərinə hörmətlə yanaşdığını bildirib.
Əminə Şirin paylaşımının ardından yazılan bəzi tənqidi rəylərə də toxunaraq, insanların bir-birinin seçimlərinə və baxışlarına daha anlayışla yanaşmasının vacibliyini vurğulayıb.
Könül
Musavat.com