Türkiyədə Qurban bayramından sonra heyvan satışından əldə etdiyi gəliri nümayiş etdirən bir maldarın paylaşdığı video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, bayram ərzində satdığı qurbanlıqlardan əldə etdiyi bütün nağd pulu evində xalçanın üzərinə sıra ilə düzən maldar həmin görüntüləri mobil telefonla lentə alaraq sosial media hesabında paylaşıb.
Videoda böyük məbləğdə pul dəstələrinin yer aldığı görünür. Paylaşımına isə "Yeganə dərdimiz pul saymaq olsun, zəhmətsiz çörək olmaz" sözlərini əlavə edib.
Qısa müddətdə viral olan görüntülər sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər bunun uzunmüddətli əməyin nəticəsi olduğunu qeyd etsələr də, digərləri nümayişkaranə paylaşımı tənqid ediblər.
Məlumata görə, video qurban bazarlarından qayıdan satıcıların bayramdan sonrakı paylaşımları arasında ən çox izlənilən görüntülərdən birinə çevrilib.
Musavat.com