Qlobal hərbi-siyasi böhran dünyanın nəhəng dövlətlərini tədricən zəiflətməyə başlayıb. Belə ki, Yaxın Şərqdə hər ötən gün daha da dərinləşən hərbi-siyasi gərginlik indi artıq yalnız regional təhlükəsizlik problemi hesab edilmir. Çünki Yaxın Şərq münaqişəsi hazırda qlobal iqtisadi və siyasi sistemə birbaşa təsir göstərən əsas faktorlardan birinə çevrilməyə başlayıb. Və bu proseslər hərbi əməliyyatlara paralel şəkildə həm qlobal enerji bazarlarını silkələyir, həm də nəhəng güclərin daxili siyasi sabitlik sistemini sınağa çəkir.
Mövcud hərbi-siysasi dinamika onu göstərir ki, dünya siyasət məkanı yeni və daha mürəkkəb geopolitik mərhələyə daxil olur. Həm də bu mərhələdə iqtisadi qazanc ilə siyasi sabitlik arasındakı klassik balans getdikcə pozulur. Və üstəlik, bütün bunların nəticəsində həm dünya nəhənglərinin qlobal məkanda nüfuzları sarsıdıcı zərbələr alır, həm də supergücləri idarə edən dövlət liderlərinin reytinqləri üzüaşağı yuvarlanır.
![]()
Məsələ ondadır ki, Böyük Britaniyanın nüfuzlu "The Telegraph" nəşrinin məlumatına görə, prezident Vladimir Putinin lideri olduğu Rusiya gündəlik təxminən 760 milyon dollar həcmində neft gəliri əldə edir. Və bu göstərici, ilk baxışdan, Kremlin mövqelərinin gücləndiyini göstərsə də, məsələnin daha dərin qatları fərqli situasiyanın mövcud olduğuna işarə edir.
Belə ki, "Brend" markalı neftin qiymətlərinin Yaxın Şərq ətrafındakı hərbi eskalasiyadan sonra təxminən 38 faiz artaraq, 100 dollar həddinə yaxınlaşması qlobal enerji bazarlarında risk faktorunun kəskin şəkildə yüksəldiyini göstərir. Ancaq daha diqqətçəkici məqam ondan ibarətdir ki, Rusiya neftinin qiymətində artım daha yüksək templə – təxminən 72% səviyyəsində baş verir. Və bu isə o deməkdir ki, iqtisadi sanksiyalara baxmayaraq, Rusiya qlobal enerji bazarlarındakı qeyri-sabitlikdən maksimum səviyyədə fayda götürməyi bacarır.
Başqa sözlə, qlobal enerji böhranı bir daha onu göstərir ki, geopolitik qarşıdurmalar yalnız risklər deyil, eyni zamanda, böyük oyunçular üçün olduqca ciddi iqtisadi imkanlar da yaradır. Rusiya üçün bu imkanlar, xüsusilə də, hərbi və siyasi strategiyanın maliyyələşdirilməsi baxımından, həyati əhəmiyyət daşıyır. Və bu baxımdan, Yaxın Şərqdə davam edən hərbi böhranın hazırda Rusiyanın maraqlarına uyğun olduğunu da düşünmək olar.
Ancaq daha maraqlı və eyni zamanda, paradoksal məqam ondan ibarətdir ki, artan maliyyə gəlirləri Rusiya daxilində siyasi sabitliyi avtomatik olaraq, təmin etmir. Son açıqlanan məlumatlara görə, prezident Vladimir Putinə yönəlik etimadsızlığın səviyyəsi ilk dəfə olaraq, 20 faizin üzərinə yüksəlib. Və bu göstərici, xüsusilə də, "Vaqner" qiyamı dövrü ilə müqayisədə daha aşağı reytinqlərin qeydə alınması, ölkədaxili narazılığın artıq strukturlaşmış xarakter aldığını biruzə verir.
![]()
Belə vəziyyət onu deməyə əsas verir ki, Rusiya cəmiyyəti artıq müharibə şəraitinə uyğunlaşıb. Üstəlik, uzunmüddətli hərbi qarşıdurmanın sosial-iqtisadi nəticələrini də daha aydın şəkildə hiss etməyə başlayıb. Və ona görə də, indi Rusiyada neftdən gələn yüksək gəlirlər əvvəlki kimi, iqtisadi dayanıqlılığın, eləcə də, siyasi legitimliyin əsas təminatçısı rolunu oynamır.
Maraqlıdır ki, Rusiyada baş verənlərə oxşar tendensiyalar elə ABŞ daxilində də müşahidə olunur. Ağ Evin üzləşdiyi ölkədaxili problemləri də nəzərə almaq məcburiyyətində olan ABŞ-ın dövlət katibi Marko Rubio Rusiyanın Yaxın Şərqdə baş verənlərə hər hansı formada təsir göstərdiyini inkar edir. Halbuki, onun bu açıqlaması daha çox geopolitik eskalasiyanın nəzarətdə saxlanmasına yönəlmiş siyasi-diplomatik manevrlərdən biri kimi də qiymətləndirilə bilər.
Məsələ ondadır ki, Rusiya lideri Vladimir Putində olduğu kimi, ABŞ prezidenti Donald Trampın da ölkədaxili siyasi mövqeləri ciddi şəkildə zəifləməyə başlayıb. ABŞ vətəndaşları arasında keçirilən son ictimai rəy sorğuları onu göstərir ki, Ağ Ev sahibinin reytinqi 36 faizə qədər azalıb. Bu azalmasa, əsasən, Yaxın Şərqdə yaranmış hərbi gərginlik ucbatından enerji qiymətlərinin artmasından qaynaqlanır. Və ABŞ cəmiyyətində yeni müharibə perspektivinə qarşı formalaşan tam neqativ münasibətlə bağlıdır.
Maraqlıdır ki, ABŞ-da keçirilmiş ictimai rəy sorğularının nəticələrinə görə, amerikalıların cəmisi 35 faizi Tramp administrasiyasının Yaxın Şərqdə apardığı hərbi əməliyyatları dəstəkləyir və 61 faizi isə buna birmənalı şəkildə qarşı çıxır. Bu isə açıq şəkildə onu göstərir ki, ABŞ cəmiyyəti artıq xarici ölkələrə hərbi müdaxilələrə əvvəlki kimi dəstək vermir. Və bu, həm də o deməkdir ki, amerikalılar Tramp administrasiyasının ilk növbədə daha çox ölkədaxili problemlərin həllinə fokuslanmasını istəyir.
![]()
Bütün bunları nəzərə aldıqda, prezident Donald Trampın gözlənilmədən xüsusi əsəbiliklə dilə gətirdiyi “Ukrayna savaşı bizim müharibəmiz deyil” bəyanatı böyük maraq doğurur. Çünki Ağ Ev sahibinin bu açıqlaması qətiyyən təsadüfi siyasi ritorika deyil. Əksinə, prezident Donald Trampın bu bəyanatı ABŞ-ın qlobal hərbi-siyasi strategiyasında müəyyən dəyişikliklərin ola biləcəyinin dolayısı verilmiş xəbərdarlıq mesajı kimi də qiymətləndirilə bilər.
Bəzi ehtimallara görə, yaxın gələcəkdə ABŞ NATO üzrə müttəfiqlərindən, xüsusilə də Almaniya kimi ölkələrdən daha böyük hərbi-siyasi məsuliyyət tələb etməyə hazırlaşır. Yəni, indiki proseslər qlobal sistemdə ciddi siyasi-strateji transformasiyaların baş verməkdə olduğunu göstərir. Çünki bir tərəfdən, enerji resurslarına malik ölkələr öz qlobal mövqelərini gücləndirirlər. Digər tərəfdən isə məhz uzunmüddətli hərbi münaqişələr bu ölkələrin daxili sabitlik sistemini ciddi şəkildə zəiflədir.
Göründüyü kimi, müasir dünya tədricən daha qeyri-sabit, daha kəskin rəqabətli və çoxqütblü qlobal sistemə doğru hərəkət edir. Böyük ehtimalla bu yeni sistemdə hər bir dövlət artıq daha çox öz milli maraqlarına əsaslanan xarici siyasət yürütməyə məcbur olacaq. Və nəticədə müasir dünyanın qlobal kollektivçilikdən güclü dövlətlərin maraqlarının daha keçərli olduğu düzənə yönələ biləcəyi qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
![]()