Yaxın Şərqdəki hərbi böhran bütün dünya üçün əsas problemə çevrilməyə başlayıb. Üstəlik, prezident Donald Trampın son açıqlamaları onu göstərir ki, ABŞ-İran savaşının aktiv fazası səngisə də, qarşıduran tərəflər arasındakı geopolitik mübarizə indi yeni, həm də daha mürəkkəb mərhələyə keçir. Belə ki, Ağ Ev sahibi Donald Tramp İranın ABŞ-la danışıqları dayandırması barədə məlumatları təkzib edib və belə bir qərarın qəbul ediləcəyi təqdirdə, bunu ciddi problem hesab etməyəcəyini də vurğulayıb. Və ABŞ prezidenti "indiyə qədər çox danışdıq, artıq səs qalmaq daha yaxşı olardı" ifadələri ilə siyasi-diplomatik prosesin perspektivlərinə hələlik pozitiv yanaşdığını da biruzə verib.
Bununla yanaşı, prezident Donald Trampın ən diqqətçəkən mesajı isə məhz ABŞ-ın İrana qarşı iqtisadi və strateji təzyiq siyasətindən geri çəkilməyəcəyinə dair bəyanatı oldu. Ağ Ev sahibi "blokada polad divardır" ifadəsini işlədərək, ABŞ-ın İrana qarşı iqtisadi imkanların məhdudlaşdırılmasına yönəlik strategiyasının davam edəcəyinə eyham vurub. Ancaq ABŞ prezidenti bu dəfə hərbi əməliyyatların dərhal bərpa ediləcəyi barədə mesaj verməkdən isə yayınıb. Onun fikrincə, "indiki səssizlik bombaların atılacağı anlamına gəlmir". Və bu isə Ağ Evin hazırda hərbi eskalasiyadan daha çox iqtisadi blokadaya, eləcə də, siyasi-diplomatik təzyiq faktorlarına üstünlük verdiyini göstərir.

Məsələ ondadır ki, ABŞ-ın hazırda İrana qarşı yeni strategiyası müharibədən daha təhlükəli olan iqtisadi blokada taktikasına əsaslanır. Hər halda,Tramp administrasiyası İran məsələsində “klassik hərbi müdaxilə modeli”ndən fərqli olaraq, “uzunmüddətli iqtisadi təcridetmə siyasəti”nə üstünlük verir. Ağ Evdə hesab edirlər ki, İran iqtisadiyyatı enerji resurslarının ixracından və regional ticarət marşrutlarından əldə olunan gəlirlərdən ciddi şəkildə asılıdır. Və məhz ona görə də, Hörmüz boğazı üzərində nəzarət uğrunda mübarizə ABŞ strategiyasının əsas istiqamətlərindən birinə çevrilib.
Onu da nəzərə almaq lazımdır ki, Hörmüz boğazı dünya neft ticarətinin təxminən 20 faizinin keçdiyi ən önəmli qlobal enerji arteriyalarından biridir. Bu boğazda yaranan hər hansı böhran yalnız İran və Körfəz ölkələrinə deyil, həm də ABŞ, Avropa, Çin və Hindistan iqtisadiyyatlarına birbaşa təsir göstərir. İranla hərbi qarşıdurmanın ən önəmli hədəflərindən birinin də məhz elə bu geostrateji marşruta birbaşa nəzarətin ələ keçirilməsi olduğu da qətiyyən şübhə doğurmur. ABŞ buna müəyyən qədər nail olduğundan, Tramp administrasiyası artıq əmindir ki, İran qarşı iqtisadi təzyiqlərin artırılması rəsmi Tehranı regional siyasətini dəyişməyə və Ağ Evin şərtləri ilə danışıqlar masasına qayıtmağa məcbur edə bilər. Halbuki, mövcud situasiya ABŞ-ın bu strategiyasının müəyyən əks təsirlərinin olduğunu da göstərir.
Əslində, Yaxın Şərq savaşında ABŞ-ın və onun vətəndaşlarının itirdiyi onmilyardlarla dollar məhz həmin əks təsirlərin sırasına daxildir. Belə ki, ABŞ mediasının və iqtisadi ekspert dairələrinin ilkin hesablamalarına görə, Yaxın Şərqdəki hərbi-siyasi böhran yalnız region ölkələrinə deyil, elə ABŞ iqtisadiyyatına da olduqca ağır maliyyə yükü gətirib. Çünki Hörmüz boğazının qapadılması, neftin qiymətlərindəki dalğalanmalar və beynəlxalq logistika zəncirindəki problemlər ucbatından ABŞ istehlakçıları əlavə olaraq, on milyardlarla dollar vəsait xərcləməli olublar. Və əgər, bu hərbi-siyasi böhran uzanarsa, əlavə enerji xərclərinin daha da arta biləcəyi qətiyyən şübhə doğurmur.

Təbii ki, belə vəziyyət həm də ABŞ iqtisadiyyatının qlobal enerji bazarlarından nə qədər asılı olduğunu növbəti dəfə açıq şəkildə göstərir. Hətta Ağ Ev son illərdə enerji istehsalını artırsa da, dünya bazarlarındakı hər hansı kəskin dəyişiklik yenə də ABŞ daxilində inflyasiya təzyiqlərini gücləndirir. Çünki İran ətrafında yaranmış böhran neft bazarlarında da ciddi dalğalanmalara səbəb olur. Yəni, hər dəfə ABŞ-İran danışıqlarının dayanması və ya yeni hərbi insidentlər barədə məlumatlar yayıldıqda, dünya enerji bazarlarında qiymətlər dərhal yüksəlməyə başlayır.
Təbii ki, bu proses yalnız ABŞ üçün deyil, Avropa Birliyi, Çin və digər böyük iqtisadiyyatlar üçün də olduqca ciddi risklər yaradır. Çünki enerji qiymətlərinin yüksəlməsi öz növbəsində nəqliyyat xərclərini, sənaye və ərzaq məhsullarının maya dəyərini də artırır, nəticədə qlobal inflyasiya dalğası yenidən güclənir. Xüsusilə də Avropa ölkələri üçün vəziyyət daha mürəkkəbdir. Çünki Ukrayna savaşından sonra enerji təhlükəsizliyi problemi ilə üzləşən Avropa dövlətləri indi də Yaxın Şərqdəki hərbi-siyasi böhranın yaratdığı əlavə risklərlə qarşılaşırlar. Və bu baxımdan, Yaxın Şərqdə baş verən hadisələr artıq regional deyil, məhz qlobal iqtisadi təhlükəsizlik probleminə çevrilib.
Bütün bunlara paralel olaraq, hazırda müzakirə olunan əsas mövzulardan biri də ABŞ-ın dövlət borcunun sürətlə artması ilə bağlıdır. Belə ki, rəsmi statistikaya görə, ABŞ-ın dövlət borcu son aylarda yüz milyardlarla dollar artaraq, tarixi rekord səviyyəsinə yüksəlib. Şübhəsiz ki, bu borc artımını yalnız Yaxın Şərqdəki hərbi əməliyyatları ilə əlaqələndirmək düzgün olmazdı. Çünki ABŞ-ın dövlət borcunun yüksəlməsində federal büdcə kəsiri, sosial proqramlar, müdafiə xərcləri və yüksək faiz ödənişlərinin də birbaşa rol oynadığı bildirilir. Ancaq Yaxın Şərq böhranı ABŞ büdcəsinə əlavə maliyyə yükü gətirən amillərdən biri hesab edilir.
Maraqlıdır ki, bəzi amerikalı siyasətçilər və ekspertlər ABŞ-ın xarici hərbi əməliyyatlarının iqtisadi səmərəliliyinə artıq açıq şəkildə şübhə ilə yanaşmağa başlayıblar. Onların fikrincə, geopolitik hədəflər uğrunda hərbi əməliyyatların maliyyə yükü getdikcə, ABŞ vergiödəyicilərinin üzərinə düşür. Ona görə də, İranın danışıqları dayandırmaqla bağlı mesajları bəzi ekspertlər tərəfindən rəsmi Tehranın taktiki gediş kimi qəbul olunur. Çünki İran rəhbərliyi də uzunmüddətli hərbi-siyasi qarşıdurmanın ABŞ üçün ciddi iqtisadi və siyasi problemlər yaratdığını nəzərə alır.
Təbii ki, məhz bu səbəbdən də, rəsmi Tehran zaman faktorundan maksimum istifadə etməyə çalışır. Belə qənaətlər mövcuddur ki, enerji bazarlarındakı qeyri-sabitlik, ABŞ daxilində siyasi mübahisələr və qlobal iqtisadi risklər Ağ Evin mövqeyini zaman keçdikcə, zəiflədə bilər. Halbuki, Tramp administrasiyası bunun tam əksinə ümid bəsləyir. Ağ Evdə hesab edirlər ki, iqtisadi baxımdan, daha zəif vəziyyətdə olan İran uzunmüddətli təzyiqlərə tab gətirməkdə çətinlik çəkəcək. Və bu, o deməkdir ki, hazırda hər iki qarşıduran tərəf zamanın özlərinin xeyrinə işlədiyinə inanır.
Göründüyü kimi, Yaxın Şərqdə hərbi-siyasi qarşıdurma artıq klassik müharibə formatından çıxaraq, geoiqtisadi savaş mərhələsinə keçib. İndi əsas mübarizə məhz qlobal enerji bazarlarında, maliyyə sistemində, sanksiya mexanizmlərində və beynəlxalq ticarət marşrutlarında gedir. Əgər, yaxın vaxtlarda qarşıduran tərəflər arasında yeni razılaşma əldə olunmazsa, Yaxın Şərqdəki gərginliyin qlobal iqtisadiyyata təsiri daha da dərinləşə bilər. Və bu isə yalnız qarşıduran tərəflər deyil, hım də bütün dünya üçün yeni enerji böhranı, inflyasiya təzyiqləri və geopolitik qeyri-müəyyənlik dövrünün başlanğıcı demək olacaq.
Belə anlaşılır ki, prezident Donald Trampın "polad divar" adlandırdığı strategiya İranı blokadaya salmaq məqsədi daşısa da, onun real nəticələri ABŞ da daxil olmaqla, qlobal iqtisadi sistemin bütün iştirakçılarını sınaq qarşısında qoyur. Məhz ona görə də, Yaxın Şərqdəki hərbi-siyasi böhranın gələcək taleyi yaxın illərdə beynəlxalq siyasətin inkişaf istiqamətlərinə birbaşa təsir göstərə bilər. Və bu, həm də dünya iqtisadiyyatının əsas müəyyənedici faktorlarından birinə çevrilmə perspektivinə də malik olan olduqca önəmli prosesdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
