Ukrayna müharibəsi beşinci ilinə doğru irəlilədikcə, Avropada və qlobal məkanda qəbul edilən hərbi-siyasi qərarlar artıq taktiki deyil, məhz geostrateji çərçivədə qiymətləndirilir. Belə ki, Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyaların 2027-ci ilə qədər uzadılması, Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı siyasi mesajlar, “qoca qitə” ölkələri arasında maliyyə və enerji mübahisələri, eləcə də BMT səsverməsinin nəticələri onu göstərir ki, 2027-ci il tədricən geopolitik istiqamətin təyin olunma ilinə çevrilə bilər. Və bu baxımdan, Avropanın gələcək təhlükəsizlik arxitekturası, eləcə də post-müharibə dövrü üzün yeni dünya düzəninin formalaşdırılması uğrunda sistemli qarşıdurmanın artıq həlledici mərhələyə yaxınlaşdığını düşünmək olar.
Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi tərəfindən Rusiyaya qarşı məhdudlaşdırıcı sanksiyaların 24 fevral 2027-ci ilə qədər uzadılması Brüsselin Ukrayna savaşının yaxın vaxtlarda bitəcəyinə inanmadığını göstərir. Böyük ehtimalla bu önəmli qərar müharibənin uzunmüddətli xarakter daşıyacağı, Rusiyaya qarşı maliyyə-iqtisadi təzyiq faktorunun bundan sonra da əsas təsir aləti olaraq qalacağı və Ukraynanın Avropa Birliyinə mərhələli inteqrasiya prosesinin paralel şəkildə davam etdiriləcəyinə yönəlik geostrateji qənaətlərdən qaynaqlanır.

Eyni zamanda, Qərb tərəfindən Rusiyaya qarşı insan hüquqları çərçivəsində fərdi sanksiyaların tətbiqi Kremlin beynəlxalq hüquqi və siyasi təcridinin dərinləşdirilməsinə hesablanıb. Bu, artıq sadəcə, enerji və maliyyə məsələsi olmayıb, həm də qlobal legitimlik mübarizəsinin tərkib hissəsi kimi görünür. Və beləliklə, 2027-ci il yalnız sanksiyaların bitmə ehtimalı olan tarixə deyil, həm də Rusiya iqtisadiyyatının davamlılıq testi üçün real qlobal siyasi ölçü mərhələsinə də çevrilə bilər.
Maraqlıdır ki, prezident Volodimir Zelenski də 2027-ci ili Avropa Birliyi üzvlüyü baxımından, önəmli “orientir dövrü” adlandırmaqla, Ukraynanın bu müharibəni artıq geopolitik seçimə bağladığını göstərir. Çünki rəsmi Kiyev üçün əsas risk Ukrayna savaşının “dondurulmuş münaqişə” modelinə keçirilə biləcəyi ilə bağlı təhlükədir. Ancaq Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen konkret tarix açıqlamaqdan yayınaraq, Avropa Birliyinin klassik “şərtli inteqrasiya” modelini ön plana çəkib. Brüssel siyasi dəstəyi maksimum səviyyədə saxlasa da, Ukraynanın Avropa Birliyinə hüquqi üzvlüyünü strukturlaşmış şərtlərlə əlaqələndirir. Yəni, Ukrayna faktiki olaraq, Avropa Birliyi məkanına daxil ola bilər, ancaq hüquqi üzvlük məsələsinin həlli hələ açıq qalacaq.
Məsələ ondadır ki, Brüssel rəsmi Kiyevə 90 milyard avroluq dəstək paketini təqsdiqləməklə, Ukraynanın Avropa Birliyinə maliyyə inteqrasiyasını onun hüquqi üzvlüyündən daha əvvələ çəkmiş oldu. Belə ki, Avropa Parlamentinin elan etdiyi 90 milyard avroluq kredit paketi Ukraynanın dövlət strukturlarının, müdafiə sektorunun və makroiqtisadi sabitliyinin qorunmasına yönəldiləcək. Yəni, Ukraynanın dövlət institutlarının operativ fəaliyyəti təmin olunacaq, müdafiə qabiliyyəti möhkəmləndiriləcək və bu ölkənin Avropa Birliyi standartlarına uyğunlaşdırılması ilə bağlı proses sürətləndiriləcək.

Göründüyü kimi, əslində, bu, Ukraynanın Avropa Birliyinə hüquqi üzvlüyündən əvvəl bu dövlətin həmin məkana maliyyə inteqrasiyası ilə bağlı prosesin daha çevik modelidir. Belə ki, Ukrayna Avropa Birliyi sisteminə məhz “maliyyə dövriyyəsi” üzərindən daha sıx bağlanır. Ancaq bu yanaşma Avropa Birliyinə üzv dövlətlər üçün də uzunmüddətli perspektivdə kifayət qədər ciddi geopolitik məsuliyyət də yaradır.
Onu da qeyd etmək lazımdır ki, Macarıstanın baş naziri Viktor Orbán isə Avropa Birliyinin bu maliyyə-siyasi kursuna açıq şəkildə etiraz edir. Baş nazir Viktor Orbán öz sərt əks mövqeyini Ukraynanın Macarıstana problemlər yaradan enerji tranziti siyasəti və rəsmi Kiyevin “Drujba” boru kəmərini bloklaması ilə əlaqələndirir. Onun bu mövqeyi növbəti dəfə təsdiqləyir ki, Avropa məkanında enerji təhlükəsizliyi hələ də ən zəif nöqtədir, konsensus mexanizmi Avropa Birliyinə üzv ölkələrə yüksək təsir imkanları verir və Ukrayna savaşı “qoca qitə”də artıq maliyyə-iqtisadi “yorğunluq sindromu” yaradır.
Macarıstanın yanaşması tərzi həm də onu göstərir ki, Avropa Birliyi daxilində ortaq qərarlar davamlı xarakter daşıyır. Ancaq bu ortaq qərarların qəbulu ilə bağlı proses istənilən halda, mütləq müəyyən şərtlərə bağlı qalır. Ona görə də, Avropa Birliyinin Ukrayna siyasətinin gələcək inkişaf istiqamətləri yalnız Rusiya ilə qarşıdurmanın mümkün nəticələrindən deyil, həm də bu qurumun daxilində yaranacaq siyasi balansın məzmun və keyfiyyətindən asılı olacaq.

Digər tərəfdən, rəsmi Kiyevin Kremllə qarşıdurmasında BMT Baş Assambleyasının qəbul etdiyi son qətnamə də kifayət qədər ciddi önəm daşıyır. Belə ki, həmin sənəd Ukraynanın ərazi bütövlüyünə BMT-nin dəstəyini ifadə etsə də, səsvermədə 51 ölkənin bitərəf qalması qlobal sistemdə balanslı mövqenin gücləndiyini biruzə verir. Xüsusilə də, böyük güclərin bitərəflik mövqeyi geostrateji manevr imkanlarının saxlanılmasına yönəlik cəhd təsiri bağışlayır. Bu isə Ukrayna savaşının artıq sadəcə, Qərb-Rusiya qarşıdurması olmadığını, əksinə, daha mürəkkəb çoxqütblü diplomatik mərhələnin başlandığını da təsdiqləyir.
Bütün bunlardan – Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması, rəsmi Kiyevi dəstəkləmək üçün maliyyə mexanizmlərinin işə salınması, Ukraynanın Avropa Birliyinə üzvlük prosesi ətrafında yaranmış qəliz situasiya və qlobal siyasi-diplomatik dinamikadan belə anlaşılır ki, 2027-ci il qətiyyən təsadüfi tarix deyil. Çünki həmin tarixdə Rusiyadan enerji idxalı da tamamilə dayandırılacağından, böyük ehtimalla bu, “geostrateji hesablaşma” üçün seçilmiş zaman intervalına da çevrilə bilər. Çünki Avropa Birliyi daxilində müharibənin tezliklə bitəcəyinə inananların sayı artıq sürətlə azalmaqdadır. Və bu baxımdan, Qərbin dolayısı ilə Rusiyanın “çökdürülmə tarixi”ni elan etməsinə paralel olaraq, qlobal məkan uzunmüddətli geopolitik yenidənqurma mərhələsinə daxil olmaq üzrədir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()