Qərbdə Putini sıradan çıxartmaq qərarı verilib: Avropa isə Ukrayna savaşının "əsas qurban"ına çevrilir

Qlobal məkanda siyasi-diplomatik metodlar artıq öz yerini təhdidkar hərbi güc faktoruna verir, hüquqi mexanizmlər isə siyasi məqsədlərin kölgəsində qalır... Ona görə də, Qərbdə qlobal müharibə ehtimalı artıq “qeyri-mümkün ssenari” kimi deyil, məhz siyasi planlaşdırmanın tərkib hissəsi kimi müzakirə olunur...

Qlobal məkanda hərbi-siyasi xaos dərinləşməkdə davam edir. Rusiya-Qərb qarşıdurması yeni, həm də olduqca təhlükəli mərhələyə keçid etmək üzrədir. Avropa dövlətləri "böyük savaş" qorxusuna tamamilə təslim olmuş kimi görünürlər. Və bu, yaxın gələcəkdə "qoca qitə"nin qlobal savaş poliqonuna çevrilmə ehtimalına kifayət qədər inandırıcı görüntülər verir.

Onu da qeyd etmək lazımdır ki, Qərbi Avropa ölkələri "qoca qitə" üçün Rusiya təhlükəsini bloklaya biləcək hərbi-siyasi strategiya qurmaqda çətinlik çəkirlər. Çünki Qərb siyasi dairələri Ağ Evin "qoca qitə"ni ABŞ-ın "təhlükəsizlik çətiri"ndən məhrum etməsinə birmənalı şəkildə hazırlıqsız yaxalanıb. Hər halda, Avropa dövlətlərinin orduları hazırda ABŞ və NATO-nun dəstəyi olmadan xarici hərbi təcavüzdən müdafiə potensialına malik deyillər.

ABŞ isə Tramp administrasiyası dönəmində həm Avropadakı ənənəvi müttəfiqlərindən, həm də ümumiyyətlə, NATO-dan tədricən uzaqlaşır. Belə situasiyada bəzi Qərbi Avropa ölkələri "qoca qitə"ni Rusiya təhlükəsindən yayındırmaq üçün müxtəlif strateji variantlar təklif edirlər. Və həmin variantların sırasında Ukraynaya hərbi kontingent yerləşdirilməsi kimi təkliflərlə yanaşı, ən sensasion ssenarilər də yer alır.

0add7af5ec3f4db956dc917676275ec6.jpg (94 KB)

Məsələ ondadır ki, Böyük Britaniyanın müdafiə naziri John Healeyin Rusiya prezidenti Vladimir Putinlə bağlı sərt açıqlaması Qərb-Rusiya qarşıdurmasının artıq diplomatik və hərbi çərçivəsini aşaraq, indi açıq siyasi-psixoloji müstəviyə keçdiyini göstərir. Onun “real imkan olsa, Putini qaçıraraq, müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edərdim” deməsi sadəcə, emosional reaksiya deyil. Bu, Qərbin Ukrayna müharibəsinə baxışında baş verən strateji və normativ dönüşün açıq göstəricisidir.

Digər tərəfdən isə Macarıstanın xarici işlər naziri Peter Siyartonun Böyük Britaniya və Fransanı “Rusiya ilə birbaşa müharibə riskini artırmaqda” ittiham etməsi də Avropa ölkələri arasında dərin parçalanmanın açıq etirafıdır. Bir-birinə həm paralellik, həm də ziddiyyət təşkil edən bu iki açıqlama əslində, Avropa qitəsinin təhlükəsizlik arxitekturasının necə sürətlə sarsıldığını və müharibə ritorikasının tədricən normallaşdığını görmək mümkündür.

Eyni zamanda, britaniyalı nazirin dedikləri formal olaraq, simvolik səslənsə də, əslində, mahiyyət etibarilə beynəlxalq hüququn "siyasi alətə" çevrildiyini göstərir. Belə ki, Qərb siyasi dairələri uzun müddətdir ki, Rusiya liderini Beynəlxalq Cinayət Məhkəməsinin qərarları çərçivəsində məsuliyyətə cəlb etməyə çalışır. Ancaq “qaçırma” kimi ifadələrin açıq mətnlə dilə gətirilməsi artıq hüquqi mexanizmlərdən daha çox, zorakılıq və "presedent siyasəti"nə işarədir.

2ff77f90d1530965f8cd8f30543f4f62.jpg (62 KB)

Əslində, bəzi avropalı siyasətçilərin bu ritorikası qətiyyən təsadüfi deyil. Qərbdə getdikcə, daha çox belə qənaətə gəlirlər ki, Rusiya prezidenti Vladimir Putin hakimiyyətdə qaldığı müddətdə Ukrayna müharibəsinin bitməsi real deyil. Çünki Kremlə qarşı siyasi-diplomatik təzyiq alətləri artıq tükənib, Rusiya ilə münasibətlər isə böyük ölçüdə “normal beynəlxalq münasibətlər” çərçivəsindən çıxıb. Bu baxımdan, britaniyalı nazirin açıqlaması Qərb siyasi dairələrinin bir hissəsində formalaşan “lideri hədəfə alan strategiya"nın açıq təqdimatı kimi görünür. Və bu, vaxtilə keçmiş Yuqoslaviya lideri Miloşeviç, daha sonra isə Qəddafi və Saddam Hüseynlə bağlı yanaşmaları böyük ölçüdə təkrarlayır.

Ona görə də, Venesuela diktatoru Nikolas Maduronun ABŞ tərəfindən oğurlanması ilə yaranmaqda olan yeni presedent indi daha çox diqqəti çəkir. Belə ki, Kreml üçün bu, sadəcə, bir Latın Amerikası hadisəsi deyil, nə vaxtsa Rusiyanı da hədəfə alan biləcək təhlükəli siqnaldır. Yəni, ABŞ və Qərb lazım bildiyi halda, istənilən suveren dövlətin liderini analoji metodla sıradan çıxara bilər. Ona görə də, Ukraynada hərbi cinayətlər törətmiş Kreml belə açıqlamaları və presedentləri Rusiya dövlətçiliyinə birbaşa təhdid, ölkədə siyasi rejim dəyişikliyinə yönəldilə biləcək Qərb strategiyasının örnəyi kimi qəbul edir. Və bu isə Qərblə qarşıdurmanın daha təhlükəli mərhələyə keçməsinə zəmin yaradır.

Macarıstanın xarici işlər naziri Peter Siyartonun son bəyanatı isə Avropa siyasi dairələrində formalaşan iki əsas geopolitik xətti açıq şəkildə üzə çıxarır. Birinci xətti dəstəkləyən dövlətlər Böyük Britaniya, Almaniya və Fransanın avanqard mövqeyi ilə Ukraynaya hərbi dəstəyin artırılmasını, bu ölkədə Qərb hərbi kontingentinin yerləşdirilməsini, eləcə də, Rusiyanin “strateji məğlubiyyət” durumuna salınmasını prioritet hesab edir.

1777922.jpg (42 KB)

Macarıstan və qismən də bəzi Şərqi və Cənubi Avropa ölkələrinin timsalında ikinci xəttin təmsilçiləri Rusiya ilə savaş riskindən yayınmağa daha çox üstünlük verirlər. Onların əsas prioritet hədəfləri birbaşa Rusiya-NATO toqquşmasından qaçmağa, Ukrayna savaşının Avropaya yayılmamasına, eləcə də, nüvə eskalasiyası riskinin azaldılmasına bağlıdır. Bu baxımdan, macar nazirin əsas arqumenti də məhz nüvə dövlətləri olan Böyük Britaniya və Fransanın Ukrayna savaşında birbaşa iştirakının bu müharibəni avtomatik olaraq, qlobal səviyyəyə daşıya biləcəyi üzərində qurulub.

Əslində, bütün bunlar həm də onu göstərir ki, Ukrayna savaşı artıq yalnız regional münaqişə deyil. Bu müharibə indi NATO-nun gələcək taleyini, Avropanın strateji muxtariyyətini, beynəlxalq hüququn tətbiq mexanizmlərini və nüvə qarşıdurmasının sərhədlərini müəyyən edəcək qlobal sınaq poliqonuna çevrilib. İndi Qərb siyasi dairələri üçün Rusiya ilə qarşıdurmanın hansı həddə qədər mümkün olduğu, eləcə də Avropa məkanında savaş riski ilə bağlı suallara cavab axtarılması daha aktualdır. Və bu baxımdan, Ukrayna savaşının tədricən məhz Avropaya aid müharibəyə çevrildiyi də artıq inkaredilməz reallıqdır.

Göründüyü kimi, siyasi-diplomatik metodlar artıq öz yerini açıq şəkildə təhdidkar hərbi güc faktoruna verir, hüquqi mexanizmlər isə siyasi məqsədlərin kölgəsində qalır. Ona görə də, əgər, bundan sonra Avropa Rusiya ilə qarşıdurmanı idarə edən aktor olmağı bacarmazsa, onda "qoca qitə" Ukrayna savaşının əsas qurbanlarından birinə çevrilə bilər. Və elə indidən Qərbdə qlobal müharibə ehtimalı artıq “qeyri-mümkün ssenari” kimi yox, məhz siyasi planlaşdırmanın tərkib hissəsi kimi müzakirə olunur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

11.01.2026 20:02
2000