Qərb diplomatları ilə görüşdə Azərbaycan qeybəti

Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı mübarizə artıq beynəlxalq diplomatik müstəviyə çıxarılır.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, parlamentdəki “Ermənistan” fraksiyası ABŞ, Böyük Britaniya, Niderland, İspaniya, Çexiya, Estoniya və Avropa İttifaqının nümayəndələri ilə qapalı görüş keçirməsi İrəvanda siyasi qarşıdurmanın yeni mərhələyə daxil olduğuna dair ciddi siqnal kimi qiymətləndirilə bilər.

Fraksiyanın rəhbəri Anna Qriqoryanın verdiyi məlumata görə, görüşdə Böyük Britaniya və Şimali İrlandiya, ABŞ, Niderland Krallığı, İspaniya Krallığı, Çexiya Respublikası, Estoniya Respublikası səfirliklərinin, həmçinin Avropa İttifaqının nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Müxalifət siyasətçilərinin qiymətləndirməsinə görə, Ermənistanda demokratik institutların böhranı sürətlə dərinləşir. Diplomatlara insan hüquqlarının kobud şəkildə pozulması və hakimiyyətin bir şəxsin əlində məhdudiyyətsiz cəmləşməsi ilə bağlı faktlar təqdim edilib ki, bu da faktiki olaraq respublikada avtoritar idarəçilik sisteminin formalaşmasına gətirib çıxarıb.

“Ermənistan” fraksiyasının nümayəndələri beynəlxalq tərəfdaşların diqqətini sistemli siyasi təqiblərə yönəldiblər. Dövlətin repressiv mexanizminə əyani nümunə kimi Ermənistanın ikinci prezidenti Robert Köçəryana və onun ailə üzvlərinə qarşı son dövrlərdə davam edən təqib prosesi göstərilib.

Müxalifətin ən sərsəm iddiası isə hakimiyyətin daxili siyasi rəqiblərini guya “Azərbaycana yeni güzəştlər verməyə hazırlaşdığı bir vaxtda” neytrallaşdırmağa çalışmasıdır. Onların fikrincə, Paşinyan hökuməti Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində yeni ərazi və siyasi güzəştlərə getməyə hazırlaşır və bu səbəbdən potensial müqavimət mərkəzlərini əvvəlcədən zəiflətmək istəyir.

Ermənistan müxalifəti Paşinyanın Azərbaycan siyasətini artıq yalnız daxili auditoriyada deyil, Qərb diplomatik dairələri qarşısında da müzakirəyə çıxarır. Əgər bu proses genişlənərsə, Paşinyanın Azərbaycanla razılaşmaları Ermənistan daxilində daha ciddi siyasi qarşıdurmanın əsas mövzularından birinə çevrilə bilər.

Musavat.com

10.09.2026 14:45
1001