Qardaşlığımızı daşlaşdıran tarixi anlaşma - düz 3 il öncə...

“Göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”

Bu gün - 15 iyun Qurtuluş Günü, eyni zamanda Şuşa Bəyannaməsinin “doğum” günüdür. Düz 3 il öncə Şuşada Azərbaycan və qardaş Türkiyənin liderləri - Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dostlarımızı sevindirən, düşmənlərimizi isə dərindən məyus edən tarixi sənədə imza atdılar. 

Bununla da Azərbaycan-Türkiyə qardaşlığı və tandemi yeni, daha ciddi və daha real məzmun qazandı. Bütün dünyaya bəyan edildi ki, bundan sonra Azərbaycana hücum etmək istəyən iki dəfə düşünməli olacaq, çünki önündə həm də Türkiyəni görəcək. Eləcə də qardaş məmləkətə pis gözlə baxan qarşısında Azərbaycanı görəcək.            

Məlumdur ki, 22 fevral (2022) Moskva Bəyannaməsindən fərqli olaraq, Şuşa Bəyannaməsini həm Azərbaycan, həm də Türkiyə parlamentləri təsdiqləyib. Bəs ratifikasiyanın konkret önəmi nədən ibarətdir?

Mövzu ilə bağlı millət vəkili Elman Nəsirov “Yeni Müsavat”a danışıb:

Elman Nəsirov: “Üçtərəfli görüş regiondakı proseslərə...”

“15 iyun xaosun sonu və tarixi zəfərlərimizin başlanğıc nöqtəsi hesab oluna bilər. Məhz 15 iyun tarixində xalqımızın bütün gələcək inkişafı, dövlətçiliyinin xilasının əsasları qoyuldu. Xalqın təkidi, tələbi və xahişi ilə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın sabitlik, inkişaf dövrü başlandı. 

Eyni zamanda 15 iyun başqa çox mühüm tarixi hadisə ilə bağlı gündür - 2021-ci ilin bu günündə Azərbaycan və Türkiyə prezidentləri Şuşa şəhərində tarixi Şuşa Bəyənnaməsinə imza atdılar. Artıq 3 ildir ki, beynəlxalq siyasətdə məhz strateji və hərbi müttəfiq kimi çıxış edirik. Hər hansı birimizə qarşı təcavüz olarsa, bütün vasitələr ilə bir-birimizə dəstək göstərmək öhdəliyinə malikik. Bu, anti-Azərbaycan dairələr üçün çox ciddi siqnaldır. Onlar bilirlər ki, Azərbaycana qarşı addım atsalar, qarşılarında qardaş Türkiyə dövlətini görəcəklər. O dövlət ki, öz hərbi gücünə görə NATO-da ABŞ-dan sonra ikinci dövlətdir, iqtisadi gücünə görə Avropada 6-7-ci sırada qərarlaşıb. 

Beləliklə, hesab edirəm ki, bu dostluğumuz, qardaşlığımız bizi bu gün və gələcəkdə çox böyük  faciələrdən, təhlükələrdən qoruyan amildir. Və bu dostluğumuz, qardaşlığımız müttəfiqliyimiz regiona sülh və əmin-amanlıq gətirir, heç bir üçüncü dövlətə qarşı yönəlməyib. 

Doğrudur, Şuşa Bəyannaməsindən sonra Azərbaycan 2023-cü ildə Rusiya ilə müttəfiqlik Moskva Bəyannaməsini imzaladı. Amma müqayisə etsək görərik ki, onlar arasında mahiyyət və mənasına görə çox ciddi fərqlər var. Belə ki, Şuşa Bəyannaməsi həm Azərbaycan, həm də Türkiyə parlamentində ratifikasiya olunub, təsdiqlənib. Lakin eyni sözləri Moskva Bəyannaməsi üçün deyə bilmərik. 

Bu gün fəxr və qürur hissi ilə qeyd edirik ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dünya üçün nümunədir".

Çingiz Qənizadə: 2023-cü il Azərbaycan xalqının yaddaşında dövlət  suverenliyimizin bərpası kimi əbədi qalacaq - AZƏRTAC

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə qeyd edib:

“İyunun 15-i ölkəmizdə çox əlamətdar bir gündür. Hər il həmin gün respublikamızda geniş miqyasda təntənə ilə qeyd olunur. Məhz 31 il əvvəl iyunun 15-də Azərbaycanda yeni mərhələnin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri seçilməklə ölkəmiz parçalanmadan, xəritədən birdəfəlik silinməkdən, xaos və anarxiyadan qurtuldu. 

Həmçinin 28 il sonra, 2021-ci il iyunun 15-i yenə də əlamətdar hadisə ilə yaddaşlara əbədi həkk olundu. 30 ilə yaxın bir müddətdə işğal altında olan, lakin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə düşməndən azad edilmiş Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı.

Həmin gün dünya ictimaiyyətinin diqqəti Şuşaya yönəlmişdi. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ailə üzvləri və böyük bir nümayəndə heyəti ilə Şuşaya səfər etdi. Bu tarixi əhəmiyyətli səfər Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olması barədə həm Ermənistana, həm də onun havadarlarına bir mesaj idi. Şuşada iki qardaş ölkə arasında Bəyannamənin imzalanması isə düşmənə göz dağı idi. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik, o cümlədən media sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. 

İlham Əliyev bu sənədi yüksək qiymətləndirərək bildirmişdi: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Müttəfiqlik haqqında Bəyannamə özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.

Beləliklə, Şuşa Bəyannaməsi Azərbaycan - Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır,  yeni regional geosiyasi konfiqurasiyanın qurulmasında, iki dost və qardaş ölkə arasında əlaqələrin ən yeni mərhələyə qədəm qoymasında mühüm əhəmiyyət kəsb edir. 

Sənəddə diqqət çəkən digər məqamlardan biri də beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasıdır. Məlum olduğu kimi, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. 

Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda Şuşa Bəyannaməsinin imzalanması düşmənlərimizə tutarlı cavab oldu.  Həm də Azərbaycanın gücünü, qüdrətini təcəssüm etdirdi. 

Bundan başqa, ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

15.06.2024 10:24
579