Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalda qalması müzakirə edilə bilər. Amma bu epizodu Azərbaycan dövlətini və xalqını təhqir kampaniyasına çevirmək nə qardaşlığa, nə ədalətə, nə də sağlam məntiqə sığır.
BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin baş naziri Benyamin Netanyahu kürsüyə çıxarkən bir çox ölkənin nümayəndəsi zalı tərk etdi. Azərbaycan nümayəndəsinin yerində qalması isə Türkiyənin ənənəvi və sosial mediasında sərt reaksiyaya səbəb oldu. Təəssüf ki, bəzi nüfuzlu hesabların başlatdığı tənqid çox tez siyasi mülahizə sərhədini keçərək Azərbaycan dövlətinə və xalqına qarşı təhqir kampaniyasına çevrildi.
Əvvəlcə mövqeyimizi aydın ifadə edək: Qəzzada dinc insanların, qadınların və uşaqların öldürülməsinə, şəhərlərin dağıdılmasına haqq qazandırmaq olmaz. Netanyahunun siyasəti tənqid edilməli, beynəlxalq hüququ pozan əməllərə hüquqi və siyasi qiymət verilməlidir. Azərbaycan da atəşkəsə, humanitar yardımın maneəsiz çatdırılmasına və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına əsaslanan iki dövlət həllinə tərəfdardır.
Ancaq bir diplomatın zalda qalması avtomatik olaraq Netanyahunun siyasətini dəstəkləmək demək deyil. Diplomatiya küçə aksiyası deyil. Diplomat bəzən etiraz edir, bəzən dinləyir, bəzən də qarşı tərəfin nə dediyini qeydə alır. Zalda oturmaq alqışlamaq, çıxışı dinləmək isə deyilən hər sözə şərik çıxmaq deyil.
Üstəlik, zalda qalan təkcə Azərbaycan nümayəndəsi olmayıb. Anadolu Agentliyinin BMT görüntüləri əsasında hazırladığı siyahıda ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Çin, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və onlarla başqa dövlətlə yanaşı, Qazaxıstanın da nümayəndəsi zalda qalanlar arasında göstərilir. Qardaş Qazaxıstana bir söz deməyənlərin bütün qəzəbini Azərbaycana yönəltməsi hansı ədalətə sığır?
Burada əsas məsələ hansı dövlətin nümayəndəsinin zalda qalması və ya çıxması da deyil. Hər bir nümayəndə heyətinin davranışı onun təmsil etdiyi müstəqil dövlətin xarici siyasətinə, diplomatik taktikasına və milli maraqlarına aiddir. Bu qərarları sosial media fenomenləri vermir.
Azərbaycan Türkiyənin vilayəti deyil. Azərbaycanın xarici siyasəti Ankaradan yox, Bakıdan idarə olunur.
“Bir millət, iki dövlət” düsturu iki bərabərhüquqlu və suveren dövlətin qardaşlığını ifadə edir. Bu düstur “bir mərkəz, bir vilayət” demək deyil. Türkiyə öz milli maraqlarına uyğun qərar verəndə Bakıdan icazə almır. Azərbaycan da regional təhlükəsizliyinə və dövlət maraqlarına uyğun addım atanda hansısa sosial media hesabından razılıq almağa borclu deyil.
Zaman-zaman Türkiyə də Azərbaycanın mövqeyinə tam uyğun gəlməyən, hətta Bakıda sual doğuran addımlar atıb. Türkiyənin dünyada terror təşkilatı kimi tanınan HƏMAS rəhbərliyi ilə davamlı təmasları, onun nümayəndələrini yüksək səviyyədə qəbul etməsi buna nümunədir...

Bu, Ankaranın öz xarici siyasət seçimidir. Azərbaycan həmin seçimlə razılaşmaya, onu öz təhlükəsizlik maraqlarına uyğun saymaya bilər. Amma Bakı buna görə Türkiyəni düşmən elan etməyib, türk xalqını təhqir etməyib və Ankaraya “biz necə istəyiriksə, elə davranmalısınız” ultimatumunu verməyib.
Çünki ciddi dövlətlər bilirlər: hər ölkənin öz maraqları, təhlükəsizlik hesablamaları və diplomatik davranış xətti var. Bu maraqlar bəzən dost və qardaş dövlətləri belə eyni məsələdə fərqli mövqe tutmağa vadar edə bilər. Müttəfiqlik bütün məsələlərdə mexaniki eynilik yox, strateji məsələlərdə qarşılıqlı etimad və hörmət deməkdir.
Burada mütləq qeyd etməliyik: Azərbaycanı söyən sosial media çevrələri bu dəfə dövlətdən ideoloji dəstək almış kimi görünür. Ən azı, dövlət yetkililərindən kimsə çıxıb demir ki, qardaşlarınızı bunca və düşməncə söyməyin, təhqir etməyin, durun! Önlar ortaya mövqe qoymayınca bu kampaniyanın dövlət binalarından yönləndirildiyi iddiası aktual olacaq.

Azərbaycanın Fələstin siyasəti BMT zalındakı bir kreslo ilə başlamayıb:
* Azərbaycanla Fələstin arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub;
* Bakı paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətini və iki dövlət həllini ardıcıl müdafiə edib;
* Azərbaycan BMT-də Fələstinin lehinə olan qətnamələri, o cümlədən Qəzzada humanitar atəşkəs çağırışlarını dəstəkləyib;
* 2013-cü ildə Bakı Fələstinə yardım və Qüdsün inkişafı üzrə donor konfranslarına ev sahibliyi edib, Fələstinə 5 milyon dollar ayırıb;
* Azərbaycan UNRWA vasitəsilə humanitar yardım göstərib;
* 2023-cü ildə Azərbaycanın Ramallahda Təmsilçilik Ofisi fəaliyyətə başlayıb;
* son gərginlikdən sonra Fələstinə 2 milyon dollar humanitar yardım verilib;
* 15 fələstinli gəncə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” ayrılıb;
* Azərbaycan Nablusda 600 şagirdlik məktəb tikməyi öhdəsinə götürüb;
* 2026-cı ildə Fələstinin Bakıdakı səfirliyinə maliyyə yardımı haqqında protokol təsdiqlənib.
Prezident İlham Əliyev də açıq bildirib ki, Azərbaycan Fələstin dövlətini uzun illərdir siyasi, mənəvi və maddi cəhətdən dəstəkləyir.
İndi sual olunur: bir dövlətin Fələstinə münasibətini nə müəyyən edir – nümayəndənin bir neçə saniyə ərzində zalı tərk edib-etməməsi, yoxsa onillərlə davam edən siyasi mövqe, BMT-də verilən səslər, milyonlarla dollarlıq yardım, məktəb tikintisi və tələbələrə təqaüd?
Azərbaycanı və onun xalqını söymək Fələstinə bir tikə çörək, bir qutu dərman və ya bir gün sülh qazandırmır.
Bu kampaniya başqa bir acı həqiqəti də göstərir: görünür, Türkiyəni idarə edənlərin və onlara dəstək verənlərin müəyyən hissəsi üçün Azərbaycan–Türkiyə münasibətlərinin romantika dövrü bitir. “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan Türkiyənin bütün qərarlarını qeyd-şərtsiz təkrarlayanda xatırlanacaqsa, Bakı fərqli addım atan kimi təhqirlər başlayacaqsa, bu artıq qardaşlıq deyil.
Ümid edirik ki, Azərbaycan üçün bu münasibətlərin səmimiyyət dövrü bitməyəcək. Azərbaycan xalqı Türkiyənin sevincini öz sevinci, ağrısını öz ağrısı saymağa davam edəcək. Amma bu səmimiyyət qarşılıqlı hörmət tələb edir.
Ona görə də Türkiyə ictimaiyyətini, mediasını, nüfuzlu rəy liderlərini və dövlət rəsmilərini bu təhlükəli tendensiyaya qarşı açıq mövqe tutmağa, öz sıralarına çəki-düzən verməyə çağırırıq. Azərbaycanı hər fürsətdə aşağılamaq iki dövlətin münasibətlərinə xidmət etmir; əksinə, araya etimadsızlıq toxumu səpir.
Azərbaycanı tənqid etmək olar. Onun diplomatının zalda qalmasını yanlış saymaq da olar. Amma Azərbaycanı təhqir etmək, suverenliyini kiçiltmək və qardaşlığı birtərəfli itaət münasibəti kimi təqdim etmək olmaz.
Azərbaycan Fələstinin haqqını müdafiə edir, eyni zamanda öz dövlət siyasətini özü müəyyənləşdirir. Bunu qəbul etməyənlərin problemi BMT zalında qalan bir nümayəndə ilə deyil, müstəqil Azərbaycan həqiqəti ilədir.
Sonda isə qardaş Türkiyəyə qardaş sözü ilə səslənirik:
Ey türk, silkələn və özünə gəl! Qardaşını söymə və itirmə!
Musavat.com