Qarabağ azərbaycanlıları ilə ermənilərin görüş TƏKLİFİ – REAKSİYA

13–14 fevral 2026-cı il tarixində Ermənistanda, Tsaxkadzor şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Musavat.com xəbər verir ki, təşəbbüsün əsas üzvləri ilə yanaşı, görüşdə hər iki tərəfdən daha geniş iştirakçı dairəsi təmsil olunub, inklüziv və davamlı dialoq platformasına sadiqlik bir daha təsdiqlənib.

Yada salaq ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları tamamlayaraq Azərbaycanın Aşağı Əskipara kəndi və Ermənistanın Voskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsindən keçməklə ölkəyə daxil olub. Bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım və iki ölkə arasında normallaşma prosesinin mərhələli şəkildə irəliləməsinin aydın göstəricisi kimi qiymətləndirilib.  İlk dəfə quru yolla Ermənistana keçid növbəti addımların olacağına əminlik yaradır. Artıq, sərhəddə döyüş yox, görüş var.

Bəs bunun ardınca hansı formatda görüşlər ola bilər? Qarabağdan könüllü gedən ermənilərin sivil nümayəndələri ilə öz yurduna qayıdan azərbaycanlılarla canlı təmaslar mümkünmü? Görüşün Bakıda, İrəvanda, hətta Xankəndidə keçirilməsi ideyası necə qarşılana bilər?

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, dövlət səviyyəsində münasibətlərin normallaşması prosesi gedir və Azərbaycan dünya qarşısında, beynəlxalq hüquq normaları qarşısında öz öhdəliklərini yerinə yetirir:

“İqtisadi əlaqələr yaranır. Vətəndaş cəmiyyətləri səviyyəsində müəyyən münasibətlərin yaranması da prosesin tərkib hissəsidir. Delimitasiya olunmuş ərazidən quru yolla Azərbaycan vətəndaş cəmiyyətin nümayəndələrinin Ermənistana səfəri ilk idi. Bunu yəqin ki, ardı da olacaq. Müharibə qurbanlarının görüşlərinin gələcəkdə təşkil olunması məsələsinə gəlincə, qurbanlar Azərbaycan tərəfindədir. Ermənistanda müharibənin qurbanları adlanan təbəqə Azərbaycandan olan qurbanlarla eyni statusda deyillər. Azərbaycana qarşı Ermənistan və Qarabağ separatçıları tərəfindən işğalçılıq müharibəsi aparılıb, azərbaycanlılara qarşı müharibə cinayətləri həyata keçirilib. Nəticədə yüz minlərlə azərbaycanlı bu işğalçılıq müharibəsinin qurbanına çevrilib. Müharibə daim Azərbaycan ərazilərində gedib, Azərbaycan Ermənistana hücum etməyib. Bu mövzunu kifayət qədər uzatmaq mümkündür. Konkret desək, hesab edirəm ki, müharibə qurbanlarının nümayəndələri ilə ermənilərin görüşlərinin keçirilməsi hələ tezdir, bu qədər tezliklə onların görüşlərinin keçirilməsinə ehtiyac yoxdur”.

Ermənistanda "Sülh körpüsü" – “Dəyirmi masa” keçirilir - Ayna.az

30 il erməni işğalında olan öz doğma yurdlarına qayıdan azərbaycanlılarla Qarabağı könüllü tərk edən ermənilərin görüşməsinə gəlincə, A.Nağı hesab edir ki, indi belə bir görüşün keçirilməsi aktual deyil:

“Çünki bu cür görüşlərin müsbət nəticəsinin olacağı barədə optimist deyiləm. Ermənistan cəmiyyəti hələ də revanşist hisslərlə yaşayır, hələ də zəhərlənmiş beyinləri təmizlənməyib. Ona görə də onlarla keçirilən görüşlərin ciddi müsbət əhəmiyyəti olmayacaq. Vətəndaşlar arasında dialoqun ciddi nəticələrinin olacağına inanmıram. Ermənilərin böyük əksəriyyəti bu gün də azərbaycanlıları düşmən hesab edirlər və qisas hissi ilə yaşayırlar”.

Etibar Seyidağa,
Musavat.com

17.02.2026 08:00
1841