“Qara əmək” bazarının ağardılması gözləntisi

Aqrar sahədə günəmuzd işləyənlərin əmək münasibətlərini necə rəsmiləşdirmək olar? - Təklif

Gələn ildən Azərbaycan hökuməti qeyri-neft-qaz sektorunda çalışan fiziki şəxslərin əmək haqqından gəlir vergisini bərpa edir. Rəsmi izahatda bunun 2018-ci ildən tətbiq olunan azadolmanın əmək münasibətlərinin ağardılması sahəsində gözlənilən nəticəyə gətirib çıxarması ilə əsaslandırılır.

Doğrudur, vergi əvvəlki kimi 14 faiz dərəcə ilə hesablanmayacaq, lakin bu addım əksər müstəqil ekspertlər tərəfindən tənqid olunmaqdadır. 

Ekspertlər verginin bərpası ilə yanaşı, əmək haqqının vergi hesablanmayan hissəsinin artırılmasını təklif edirlər. Bildirilir ki, bu, əmək münasibətlərinin ağardılması sahəsində nailiyyətlərin qorunub-saxlanması, rəsmiləşmələrin artması ilə nəticələnər. 

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, kiçik istisnalarla Azərbaycanda “qara əmək” bazarının ağardılması üçün real istək görünmür: “Əgər belə istək olsa idi, bunu ilk növbədə aqrar sektordan başlayardılar. Bu sektorda mövsümi, qısamüddətli (bir neçəgünlük) çalışan insanlarla mülki hüquqi xarakterli müqavilələr əsasında müqavilə münasibətlərinin daha effektiv, hər iki tərəfə sərfəli mexanizmlərini yaradırdılar.

Əvvəla, bu gü qüvvədə olan qanunvericiliyə görə (“Nağdsız hesablaşmalar haqqında” Qanun), bu cür işlərə görə işəgötürən hər işləyənə 30 manatək nağd ödəniş edə bilər. Amma elə problem də burdan başlayır: əgər müqavilə rəsmiləşərsə, bu məbləğin 41 faizi qədər, yəni 12,3 manat sığorta və vergi ödəmələri etməlidirlər. Söhbət 25 faizlik sosial sığorta, 14 faizlik gəlir vergisi və 2 faizlik tibbi sığortdan gedir.

Ayrıca aqrar sektora, qeyri-rəsmi məşğulluğun ən yüksək olduğu, reallıqda 100 minlərlə insanın qeyri-formal çalışdığı bir sahəyə bu istiqamət üzrə vergi imtiyazları verməklə bu problemi həll etmək olarmı? Böyük ölçüdə olar. 

Onsuz da indi yuxarıda qeyd edilən ödənişlərin heç biri edilimir, büdcə də heç nə qazanmır, aqrar sektorda, xüsusiən fərdi təsərrüfatlarda hamı ucdantutma qeyri-formal çalışır. 

Mexanizmləri dəyişdirməklə reallıqda istifadə olunan bu imtiyazları leqallaşdırmaqla 100 minlərlə insanın pensiya və tibbi sığortasını da həll etmək, əmək bazarını 100-də 80-85 ağartmaq olar (hazırda ağarma faizi 50 faiz ətrafındadır).

Bunun üçün nə etmək lazımdır? İlk növbədə sırf aqrar sektor üzrə mülki-hüquqi xarakterli müqavilələr üzrə ödəmə mənbəyində 14 faizlik vergini digər vergilər kimi ən azı 10 illiyə sıfırlamaq lazımdır.

Sosial sığortanı maksimum 4 faizə faizə endirib onun 2 faizini, tibbi sığortanın 1 faizini dövlətin üzərinə qoymaq lazımdır. Nəticədə işəgötürən fermerin vergi+sığorta yükü hazırkı xəyali 41 faizdən real 3 faizə enəcək. Yəni 30 manat üçün cəmi 90 qəpik vergi yükü.

Məsələ burda da bitmir: aqrar sektorda qısamüddətli və mövsümi işlərğ dair mülki-hüquqi xarakterli müqavilələrin bağlanması üçün asan və çevik mobil tətbiq yaradılmalıdır ki, hər kəs rahatlıqla bu işi görə bilsin. Yəni cəmi 2-3 dəqiqə içərisində fermer əlində tutduğu ağıllı telefonla kimsənin yardımı olmadan bu əməliyyatı yerinə yetirsin".

Şahin Nəcəfov: "Nə baş verir, nə etmək istəyirsiniz?" - "Kənd və  rayonlarımız zatən boşalıb"

Şahin Nəcəfov

Aqrar sahədə çalışan iş adamı Şahin Nəcəfovun “Yeni Müsavat”a dediyinə görə, ekspertin qaldırdığı məsələ yüz minlərlə insanın əmək münasibətlərinin ağardılması üçün ən effektiv yol ola bilər: “Bu gün fermer sahibkarlar üçün ən böyük problemlərdən biridir bu məsələ. Hər gün bir təsərrüfatda 20-30 nəfər işləyir, hər gün də onların tərkibi dəyişir. Bu gün gələn sabah gəlmir, yerinə başqası gəlir. Fermerin onların hamısını mövcud qaydalarla rəsmiləşdirməsi üçün azı 10 nəfər işçi saxlaması, on minlərlə manat əlavə xərc çəkməsi lazımdır. Təəssüf ki, vergi əməkdaşları da bu sahədə sahibkara dəstək ola bilmirlər, çünki belə dəyişkən tərkiblə günəmuzd işçilərin işinin necə rəsmiləşdiriləcəyini özləri də bilmirlər. Amma gedib fermerə, sahibkara 20-30 min manat cərimə yazırlar, ondan sonra da deyirlər, necə istəyrsən işlət insanları”.

İş adamı qeyd edir ki, bir çox hallarda aqrar sahədə günəmuzd çalışan insanlar xəstə, gündəlik işləmək qabiliyyəti olmayan insanlar olur: “Onlar gəlirlər, səhhətlərinin imkan verdiyi qədər işləyib, dərman-filan pulunu çıxarıb gedirlər. Yaxud çoxusu sosial yardım alanlar olur, müqavilə ilə işləmək onları yardımdan məhrum edər deyə ona razılaşmırlar. Dövlət belə adamları nəzərə alaraq davranmalıdır. İndiki vergi-sosial ayırma yükü ilə belə işçilərlə müqavilə tələb etmək ədalətsizlikdir”.

Pambıqçılıq sahəsində çalışan fermerlər də bildirirlər hər gün tərkibi dəyişən günəmuzd işçilərin əmək münasibətlərini rəsmiləşdirmək qeyri-mümkündür. 

Qeyd edək ki, günəmuzd işçilər hazırda aqrar təsərrüfatlarda gündəlik 20-30 manata, ağır işlər olduqda isə 40-45 manata çalışırlar. Bu məbləğin əhəmiyyətli hissəsinin vergi və sosial ödənişə yönəldiləcəyi şəraitdə onların işləmək üçün stimulu olmayacaq. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu il oktyabrın 1-I vəziyyətinə Azəraycanda iqtisadi fəal əhalinin sayı 5375,8 min nəfər olub. Onlardan 5096,5 min nəfərini məşğul əhali təşkil edib. Bu qədər məşğul kimi qeydiyyata alınan əhalinin yalnız 1 milyon 764,9 min nəfəri rəsmi əmək müqaviləsi ilə işləyənlər olub. Sonuncuların isə 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışıb. Bu, 42 357,6 nəfər deməkdir. Halbuki rəsmi statistika kənd təsərrüfatında məşğul kimi 1 milyona yaxın əhalini qeydə alır. İllər boyudur adına pay torpağı olan ailə başçısının evindəki əmək qabiliyyətli hər kəsin məşğul kimi qeydə alınmasına etirazlar bildirilsə də, rəsmi statistika onları nəzərə almır. 

R.Ağayevin irəli sürdüyü təklif bu sahədəki ziddiyyətin də aradan qaldırılmasına şərait yarada bilər. 

Yazını hazırladı: Dünya SAKİT

15.11.2025 09:23
1431