Rusiyada qalmaqallı çıxışları və aqressiv davranışları ilə tanınan keçmiş deputat Sergey Abeltsev dələduzluq işi üzrə 5 il müddətinə ümumi rejimli koloniyaya məhkum edilib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Moskvanın Tverskoy məhkəməsi keçmiş RLDP (LDPR) deputatını xüsusilə külli miqdarda dələduzluq və dələduzluğa cəhd maddələri ilə təqsirli bilib. Məhkəmə ona əlavə olaraq 700 min rubl cərimə də təyin edib.
İstintaqın versiyasına görə, Abeltsev pensiyaçı Sergey Alyuşnikova məhkumluğunu “sildirmək” və onu Dövlət Dumasında deputat köməkçisi kimi işə düzəltmək vədi verib. Bunun müqabilində keçmiş deputatın 1,2 milyon rubl dəyərində “Apple” texnikası aldığı, “işə düzəltmək” üçün isə əlavə 10 milyon rubl tələb etdiyi bildirilir. Pulun ötürülməsi zamanı, məbləğin bir hissəsinin saxta əskinazlardan ibarət olduğu əməliyyat çərçivəsində Abeltsev “Natsional” hotelinin yaxınlığındakı parkinqdə saxlanılıb. Məqalədə qeyd olunur ki, Abeltsev əvvəlcə ittihamı qismən qəbul etsə də, sonradan ifadəsindən imtina edib və əvvəlki vəkillərinin onu çaşdırdığını bildirib. O, məhkəmədə özünü “təxribat qurbanı” adlandırıb. Müdafiə tərəfi hökmə apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Sergey Abeltsev uzun illər Vladimir Jirinovskinin ən yaxın adamlarından biri sayılıb, Dövlət Dumasının dörd çağırışının deputatı olub və LDPR-də sərt ritorikası ilə seçilib. 2024-cü ilin iyulundan etibarən isə Moskvanın “Medved” istintaq təcridxanasında saxlanılıb. “Kommersant” ın məlumatına görə, istintaq təcridxanasında keçirdiyi müddət “bir günə bir gün yarım” prinsipi ilə hesablandığından, o artıq cəzasının təxminən yarısını çəkmiş sayılır və vaxtından əvvəl azadlığa çıxmaq şansı əldə edə bilər. Məqalədə diqqət çəkən başqa detal da xatırladılır. Rusiyalı mühacir jurnalist Viktor Şenderoviç Abeltsevin hələ 2009-cu ildə onu məhkəməyə verdiyini söyləyib. Səbəb Şenderoviçin “Exo Moskvı” efirində deputatı “yexu heyvanı” adlandırması olmuşdu. Bu qalmaqalın kökündə isə 2008-ci ildə hüquq müdafiəçiləri Lyudmila Alexeyeva və Lev Ponomaryova qarşı yumurta hücumu dayanıb. Ponomaryov hücumdan əvvəl Abeltsevin hücum edən şəxslərə təlimat verdiyini gördüyünü iddia etmişdi. Abeltsev həmin vaxt Şenderoviçin sözlərini təhqir hesab edib məhkəməyə müraciət etsə də, ilkin instansiya jurnalistin ifadəsində deputatın şərəf və ləyaqətini alçaldan məqam görməyib. Sonradan qərar ləğv olunsa da, Abeltsev şikayətini davam etdirmədiyi üçün iş bağlanmışdı.
Musavat.com