Tehran ABŞ prezidenti Donald Trampın İranın ABŞ-dan qorxduğuna dair görüntü yaratmaq strategiyasını uğursuz hesab edir.
Musavat.com xəbər verir ki, bunu İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf X hesabında yazıb.
O, ABŞ-ı münaqişənin həlli ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb: "Hədə-qorxudan, pozulmuş vədlərdən və saxta xəbərlərdən təsir gücü kimi istifadə etmək uğursuz strategiyadır. Faktlarla üzləşin və öhdəliklərinizi yerinə yetirin. Bizə daha çox teatr lazım deyil".
O xatırladıb ki, son həftələrdə Tramp növbə ilə İran ərazisinə yeni kütləvi zərbələr vəd edib və sonra yenidən Tehranın danışıqlar aparmaq istədiyini bildirib: "Bu, təkrarlanan teatr diplomatiyasıdır".
Qeyd edək ki, dünən Amerika prezidenti yenidən İranla münaqişənin həlli üçün danışıqların gedişatından məmnun olduğunu və tez nəticələrə ümid etdiyini bildirib:
"Düşünürəm ki, bu, tezliklə bitəcək. Düşünmürəm ki, iranlılar bu qarşıdurmanı daha uzun müddət davam etdirə bilərlər".
İki gün əvvəl Fox News-a verdiyi müsahibədə o, Tehranın tezliklə Hörmüz boğazını açacağını, əks halda, ABŞ ordusunun İrana qarşı "çox güclü zərbə" endirəcəyini bildirib.
Musavat.com