Rusiyada Kremlin “yumşaq Ermənistan siyasətinə” qarşı etirazlar davam edir. ABŞ dövlət katibinin İrəvanda imzaladığı sənədlərdən sonra hakimiyyətə yaxın mediada da Kremlin xarici siyasəti sərt tənqid edilir.
“Gözlərimizin qarşısında Tramp Ermənistanı bizdən "oğurladı", - deyə Geosiyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korovin “Svobodnaya Pressa”ya bildirib. “Əlbəttə ki, bu, keçici, qısa və ya təsadüfən baş verməyib. Biz ardıcıl olaraq Ermənistanı özümüz təslim etdik. Hər dəfə Ermənistanın addımlarına qəti cavab vermək tələb olunsa da, Moskva bundan yayındı. Nəticədə, Rusiya bütün mövqelərdən imtina etdi. Biz heç vaxt Ermənistan uğrunda döyüşə girmədik. Bunu rus çarları, bolşeviklər, Stalin etmişdi. Bu bütün dünyada olduğu kimi, Cənubi Qafqazda da Rusiyanın fəlakətli xarici siyasətinin nəticəsidir”.
Korovin deyib ki, Ermənistanda təəccüblü və ya sensasiyalı heç nə baş verməyib: “Bu gün Ukraynada, Moldovada, Azərbaycanda və ondan əvvəl Gürcüstanda, hətta Avrasiya İqtisadi İttifaqında müttəfiqimiz hesab etdiyimiz Qazaxıstanda da bunu görürük. Bu isə təhlükəsizliyimizi təhdid edir. Çünki dronlar bir istiqamətdən deyil, on istiqamətdən uçacaq. Və gündə 700 deyil, gündə 7000...”
Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Tədqiqatları Mərkəzinin aparıcı tədqiqatçısı Konstantin Bloxin də baş verənlərə təəccüblənmir: “Sürpriz yoxdur. Paşinyan kimi qərbyönümlü siyasətçidən fərqli bir şey gözləmək qəribə olardı. Düşünürəm ki, bu dönüşün səbəbi hətta ABŞ deyil, Ermənistandır. Əgər ölkə özü qapılarını onlara açırsa, onları təsirini genişləndirməyə dəvət edirsə, amerikalılar niyə imtina etməlidirlər? Heç kim imtina etməyəcək.
Qafqaz adətən “Rusiyanın yumşaq qarnı” adlanır. Qərbin Rusiyanı cilovlamaq üçün bütün strategiyaları onu həm NATO, həm də NATO olmayan, məsələn, Amerika bazaları ilə əhatə etməyə əsaslanır. Bundan əlavə, vurğu sərhədlərimizin yaxınlığında daimi hərbi təlimlərə yönəlib. Təsəvvür edin ki, Qafqaz ABŞ-nin təsir dairəsindədir. Aydındır ki, onlar hərbi təlimlər keçirəcəklər. Bunlar hamısı Rusiyanı cilovlama strategiyasının əsaslarıdır. Təhdid göz qabağındadır. Təhdid artıq reallaşıb - demək olar ki, təhlükənin astanasındayıq".
Qeyd edək ki, Rusiyanın xarici siyasətində ciddi uğursuzluğa görə xarici işlər naziri Sergey Lavrov zaman-zaman ciddi tənqid hədəfi olub. Şübhəsiz ki, Rusiyanın Cənubi Qafqazdakı uğursuzluğu da onun adına yazılır. Amma Kremlin uğursuz xarici siyasətinə görə yalnız Lavrovmu günahkardır?

“Yeni Müsavat”ın sualını şərh edən siyasi ekspert Murad Sadəddinovun fikrincə, nəinki Ermənistan, bir çox keçmiş sovet respublikaları Rusiyadan uzaqlaşma siyasətini yürüdür. Onun sözlərinə görə, buna səbəb də Rusiyanın aqressiv addımları, ölkələrlə münasibətlərdə təzyiq metodlarından istifadə etməsidir: “Keçmiş sovet ölkələri isə belə yaşamaq istəmirlər və təhdidlərə qarşı təhlükəsizlik qarantiyaları axtarırlar. Bu da nəticədə Moskvadan uzaqlaşmağa gətirib çıxarır. Ermənistan da hazırda bu siyasəti aktiv həyata keçirən ölkələrdən biridir və seçkilər yaxınlaşdıqca, proseslər daha qabarıq görünməyə başlayır”.
Ekspertin sözlərinə görə, seçkilərdə favorit olan Paşinyanın partiyası Moskvadan uzaqlaşma xəttini götürüb, uzun illər konflikti olan region ölkələri ilə münasibətlərini isə bərpa etməyə çalışır: “Ermənistan Rusiyanın təsiri altında uzun müddət Türkiyə və Azərbaycanla konfliktin qalmasına xidmət edib. Ermənistanın bugünkü rəhbərliyi isə anlayır ki, belə vəziyyət ölkəni inkişaf etdirə bilməz. Ona görə yeni siyasət yürütməyə çalışır. Sadəcə, Rusiya bununla razılaşmır. Çünki Moskva Ukraynanın, Moldovanın addımlarını indi Ermənistanda müşahidə edir”.
Ekspert yada salıb ki, Rusiya bir müddət Azərbaycana da təzyiq etdi, münasibətlərdə gərginlik yaşandı, amma yeni reallıqlardan nəticə çıxardı: “Dünya dəyişib və ölkələrin seçim etmək imkanları yaranıb. Rusiya da zəifləyib və təhdidlərini həyata keçirmək imkanları məhdudlaşıb. O baxımdan, ətraf ölkələr bunu nəzərə alır. Təbii ki, bütün bunların günahkarı bütövlükdə Rusiya hakimiyyəti və onun siyasətidir. Moskva yanaşmasını dəyişməlidir”.

Siyasi analitik Elxan Şahinoğlu hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin və onun yaxın dostu Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ermənistanın baş naziri Nikol Paşinyana münasibətdə “yaxşı polis” və “pis polis” rolunu oynayırlar: “Putin "İrəvan seçim etməlidir" xəbərdarlığından sonra Paşinyana telefon zəngi edərək ad günü münasibətilə onu təbrik edib, Medvedyev isə eyni gündə “Nikol, sənin sonun pis olacaq” şəkildə təhqiredici status paylaşıb. Putin bircə kəlmə dostuna desə ki, “Paşinyanın ünvanına aşağılayıcı cümlələr yazma”, məsələyə nöqtə qoyar. Ancaq o bunu etmir, hətta Kremlin nəzarətindəki televiziya aparıcılarına və şərhçilərinə imkan yaradıb ki, Paşinyanı təhqirlərinə fasilə verməsinlər. Putinin özü isə Paşinyanı ad günü münasibətilə ona görə təbrik edib ki, Ermənistanda 7 iyun parlament seçkisində onun qələbə qazanacağını özü üçün müəyyənləşdirib. Aşağılar təhqir edəcək, Putinin özü isə növbəti 4 il də Paşinyanla yola davam etmək məcburiyyətində qalacaq".
Onun qənaətinə görə, Avropa İttifaqı sözdə yox, əməldə Ermənistan hökumətinə dəstəyini artırmasa, Kreml Ukrayna “ssenarisini” Ermənistanda təkrarlamaq istəyəcək: “Vaxtilə Ukrayna məhz Avropa İttifaqı ilə assosiativ saziş imzaladığına görə Kreml tərəfindən cəzalandırıldı. İndi Ermənistan hökuməti hədəfdədir. İrəvanda Avropa Siyasi Birliyinin sammitini keçirmək azdır, Brüssel Rusiyanın baş nazir Nikol Paşinyana artan təzyiqlərini neytrallaşdırmaq barədə düşünməlidir. Rusiya Ermənistana qazın qiymətlərini qaldırmağı planlaşdırır, üstəgəl Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına girişi qadağan olunub. Avropa İttifaqı öz bazarını Ermənistan kənd təssərrüfatı məhsullarına aça və bu ölkəni qazla təmin etmənin alternativlərini hərəkətə gətirə bilərmi? Bu baş verməyəcəksə, Brüsselin və Makronun Paşinyana sözdə dəstəkləri bir qara qəpiyə dəyməyəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”