CHP-li Özkan Yalım tərəfindən “etkin peşmanlıq” çərçivəsində verilən ifadədə səsləndirilən “hotel otağı” iddiaları Türkiyə gündəmində böyük rezonans doğurub.
Musavat.com xəbər verir ki, hadisədə adı keçən Gamze Pamuk Ateşli isə sərt açıqlama verərək ittihamlara reaksiya göstərib və hüquqi mübarizə başlayacağını bildirib.
İddialara görə, 2018-ci ildə CHP-nin şəkər fabrikalarının özəlləşdirilməsinə qarşı yaratdığı komissiyanın işi zamanı şərq bölgəsindəki hotellərdən birində hadisə baş verib. Özkan Yalım ifadəsində bildirib ki, CHP Malatya millət vəkili Veli Ağbaba ondan viski istəyib. Daha sonra isə Bursa Partiya Məclisinin üzvü Gamze Pamuk Ateşli və Muğla Partiya Məclisinin üzvü Gizem Özcanın birlikdə Ağbabanın otağına keçdiyini iddia edib. Yalım əlavə edib ki, bir müddət sonra Ağbaba ona “axşamınız xeyir” deyərək otaqdan çıxmasını istəyib.
Bu iddialardan sonra Gamze Pamuk Ateşli sosial şəbəkə hesabında çox sərt paylaşım edib. O bildirib:
“Alçaqsınız, acizsiniz, şərəfsizsiniz! Sevgilisi ilə hotel otağında yaxalanan keçmiş bələdiyyə sədri öz rüsvayçılığını ört-basdır etmək üçün indi mənim adımı istifadə etməyə çalışır. Amma yalan danışmağın da bir zəka səviyyəsi olar. İfadədə adı keçən şəxs mənim dövrümdən sonra Partiya Məclisinin üzvü olub”.
Ateşli daha sonra qadın siyasətçilərin adının belə məsələlərə qarışdırılmasını sərt şəkildə tənqid edib və böhtan atanlarla məhkəmədə hesablaşacağını açıqlayıb.
Musavat.com
