Putinin superagent adlandırdığı kəşfiyyatçı qadın – o, hələ 1939-cu ildə Hitlerə sui-qəsd hazırlayıb...


Uzun illər sovet kəşfiyyatına xidmət edən Rut Verner ötən əsrin ortalarında SSRİ-də Baş Kəşfiyyat İdarəsinin ən məhsuldar əməkdaşlarından biri sayılıb. Onun əsas xidmət ərazisi Avropa ölkələri olub. Polşa, İsveçrə, Almaniya kimi ölkələrdə Verner Baş Kəşfiyyat İdarəsinin ən məxfi tapşırıqlarını yerinə yetirib...

1907-ci ildə Berlində yəhudi ailəsində anadan olan Verner orta təhsilini başa vurduqdan sonra ticarət təmayüllü kollecdə oxuyub. O, ilk əmək fəaliyyətinə kitab mağazasında satıcı kimi başlayıb. Məhz bu ərəfədə də Almaniya Kommunist Partiyasına üzv olub.

1929-cu ildə Rut Verner sovet hərbi kəşfiyyatına işləyən arxitektor Rudolf Hamburqerlə ailə həyatı qurub. 1930-cu ildə Hamburqer memar kimi Şanxaya dəvət olunub. Ailə Çinə getdikdən sonra Vernerin həyatında yeniliklər başlayıb. O, Şanxayda sovet xüsusi xidmət orqanları ilə əməkdaşlığa başlayıb.

Verner 1933-cü ildə Moskvaya dəvət olunub və iki illik kəşfiyyat hazırlığı kurslarında təhsil alıb. Kursları bitirdikdən sonra onu Baş Kəşfiyyat İdarəsinə xidmətə qəbul ediblər.

Tapşırıqları yüksək səviyyədə yerinə yetirməklə yanaşı Rut Verner həm də təşəbbüskarlığı ilə fərqlənib, rəhbərlik qarşısında təkliflər irəli sürüb. Bu təkliflərdən biri isə Baş Kəşfiyyat İdarəsi rəhbərliyini sözün əsl mənasında inanılmaz dərəcədə təəccübləndirib. Hətta bu haqda İsosif Stalinə də məruzə edilib.

7-56.jpg (64 KB)

Verner Adolf Hitleri fiziki cəhətdən məhv etmək imkanında olduğunu bildirib və buna icazə istəyib. Belə ki, Vernerə apardığı araşdırmalardan məlum olub ki, Hitler mütəmadi olaraq Münhendə yerləşən “Hofbroyhaus” restoranına gəlir, mühafizəçilərin müşayiəti altında o, ümumi zalda əyləşir. Hətta bu zaman restoran sahibi digər qonaqlardan siqaret çəkməməyi xahiş edir. Verner düşünüb ki, bir müddət Münhendə “lövbər” salmaqla Hitleri hədəfə götürmək olar. Onun bu təklifi Kremldə müzakirə olunub. Sonda Moskva bu təklifə müsbət cavab verməyib. Həmin ərəfədə, 1939-cu ildə Molotov-Ribbentrop paktının imzalanmasından sonra Stalin Hitlerə sui-qəsdi məqsədəuyğun saymayıb.

Vernerin ən böyük xidmətlərindən biri ABŞ-ın atom layihələrinin bir sıra məxfi sənədlərini SSRİ-yə ötürməklə bağlı olub. Kəşfiyyatçı xanım bu işdə bütöv bir agentura şəbəkəsini bu əməliyyata cəlb edib. Bu əməliyyata görə Stalin onu “Qırmızı Bayraq” ordeni ilə mükafatlandırıb və ordeni ona şəxsən özü  təqdim edib.

Baş Kəşfiyyat İdarəsinin polkovnik rütbəsini daşıyan Verner 1945-ci ildən başlayaraq Londonda ingilis fiziki Klaus Fuksu kəşfiyyat işinə cəlb edərək Britaniyanın məxfi “Tyub Elloyz” (Boru ərintisi) atom layihəsi ilə bağlı SSRİ-yə 475 səhifəlik məxfi materiallar göndərməyə nail olub. Sonralar öz xatirələrində həmin materiallar haqqında Verner fikirlərini aşağıdakı kimi bölüşüb:

“Təbii ki, atom layihələri ilə bağlı məxfi materialları ələ keçirmək olduqca mürəkkəb məsələ idi. Eyni zamanda bu olduqca təhlükəli idi. Mən hər saniyə “ilişməyimi” gözümün önünə gətirirdim. İstənilən məkanda Amerika və Britaniya xüsusi xidmət orqanları əməkdaşlarının “görünməyən” izlərini mən görürdüm. Artıq bu təhlükələrdən necə yayınmağın yollarını da bilirdim. Amma problem bununla bitmirdi. Məxfi materialların həcmi günü-gündən artdıqca onların ötürülməsi də çətinlik yaradırdı. Eyni yerdən, eyni qurğu ilə saatlarla işləmək təhlükəli olduğundan tez-tez yerimi dəyişməyə məcbur olurdum. Bu çətin bir iş olsa da mən onun nə qədər şərəfli olduğunu anlayıb bütün gücümü sərf edirdim...”

1950-ci ildə Vernerin informasiya mənbəyi sayılan fizik Klaus Fuks Amerika xüsusi xidmət orqanları tərəfindən həbs olunub. Məlum olub ki, fizik “naməlum” şəxsə mütəmadi olaraq informasiya və sənədlər ötürüb. Həmin “naməlum” – Rut Verner ələ keçməmək üçün ləngimədən Londondan Berlinə uçub. Hava limanında o, taksiyə əyləşərək Berlinin SSRİ-nin nəzarətində olan hissəsinə keçib.
Bu hadisədən sonra Verner kəşfiyyat karyerasına son qoyub. İstefada olan polkovnik sonrakı həyatını jurnalistikaya və yazıçılığa həsr edib. O, uşaqlar üçün kitab yazmaqla yanaşı, xatirələrini də çap etdirib. Vernerin 15 kitabı işıq üzü görüb.

e9632016a2a5b5ad7966e97b75fedb65.jpg (38 KB)

Mətbuata açıq olan Rut Vernerə jurnalistlər agent kimi müraciət edəndə o, özünü heç də agent saymayıb:

“Agent o şəxslərdir ki, onlar pul qarşılığında hansısa bir tapşırığı yerinə yetirirlər. Mən isə tamam fərqli olmuşam. Bu işi nasistlərə qarşı mübarizə aparmaq üçün və kommunist əqidəmə görə görmüşəm. Yaşadığım illər, gördüyüm işlər üçün peşman deyiləm...”

Rut Verner 2000-ci ildə, 93 yaşında vəfat edib. Vəfatından sonra Rusiya prezidenti Vladimir Putin Rut Verner haqqında danışarkən xidmətlərini yüksək qiymətləndirib, onu hərbi kəşfiyyatın superagenti adlandırıb.

İlham Cəmiloğlu, Musavat.com

07.06.2024 13:29
2023