Putin daha BUNU gizlədə bilmir – Sensasion GƏLİŞMƏ

“Vladimir Putin artıq Rusiya əhalisindən, xüsusilə də Moskva sakinlərindən Ukraynaya qarşı müharibənin hər kəsə təsir edə biləcək bir fəlakətə çevrildiyini gizlədə bilmir”.

Bunu şotlandiyalı strateji araşdırmalar üzrə professor Filips Payson Obrayn bildirib.

O qeyd edib ki, dörd ildən artıq müddətdə Kreml Moskvanı Ukraynaya qarşı işğalın nəticələrindən təcrid etməyə çalışıb:

“Rusiya paytaxtında festivallar və kütləvi tədbirlər davam etdirilib, hakimiyyət isə müharibənin rus orta təbəqəsi və elitası üçün hiss olunmasını minimuma endirməyə çalışıb. Lakin Ukraynanın bir sıra hücumlarından sonra vəziyyət dəyişməyə başlayıb. Bu il Moskvada keçirilən 9 May paradı belə Ukraynanın pilotsuz uçuş aparatlarının mümkün zərbələri qorxusuna görə qeyri-adi dərəcədə qısa olub və ağır texnika nümayiş etdirilməyib. Ukraynanın Moskva vilayətinə son zərbələri Rusiya paytaxtının zəifliyini nümayiş etdirib və bir çox moskvalını şoka salıb”. (Axar.az)

“Putinin yaratdığı və rus elitasını və orta təbəqəni narahat etməməli olan “xüsusi hərbi əməliyyat” narrativi artıq tamamilə dağılır”, - deyə Obrayn əlavə edib.

Şotland analitik haqlımı? Yaxın aylarda Rusiyanı həm cəbhədə, həm də daxildə nə gözləyir?

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Obraynın səsləndirdiyi fikirlər Qərb ekspert dairələrində artıq bir neçə aydır müzakirə olunan ümumi tendensiyanı əks etdirir:

“Rusiya-Ukrayna müharibəsinin cəbhə xətti ilə məhdudlaşdırılmış konflikt görüntüsü tədricən dağılır və onun təsiri daha geniş sosial, iqtisadi və psixoloji müstəviyə keçir. Amma məsələni emosional və ya tək bir hadisə fonunda qiymətləndirmək düzgün olmaz. Kreml 2022-ci ildən bu yana müharibəni mümkün qədər regional hərbi əməliyyat çərçivəsində saxlamağa çalışırdı. Məqsəd Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə sosial narazılığın yaranmaması, orta təbəqənin gündəlik həyatının minimum pozulması, iqtisadi və psixoloji şokun gecikdirilməsi idi. Bunun üçün informasiya nəzarəti, seçilmiş mobilizasiya dalğaları və müharibənin uzaqda gedən proses kimi təqdimatı əsas alət idi. Lakin son aylarda Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi dərinlik zərbələri bu balansı pozmağa başlayıb. Artıq müharibə təkcə cəbhə xəttində yox, Rusiyanın daxili məkanında da hiss olunur”.

rovsen.jpg (38 KB)

Rövşən Məhərrəmov bildirib ki, bu, hərbi baxımdan yeni mərhələdir:

“Müharibə nəzəriyyəsində ölkənin arxa zonalarının təhlükəsizliyi məsələsi var. Rusiya uzun illər bu üstünlüyə güvənirdi. Amma hazırda Moskva vilayəti hədəfə çevrilə bilir. Hava hücumundan müdafiə sistemləri tam təhlükəsizliyi təmin etmir, nəticədə kritik infrastruktura təzyiq artır. Bu, texniki problem olmaqla yanaşı, həm də psixoloji təsirdir. Çünki müharibə artıq uzaqda olan hadisə olmaqdan çıxır və potensial olaraq gündəlik həyatın bir hissəsinə çevrilir”.

Ekspertin sözlərinə əsasən, Rusiyada parad və kütləvi tədbirlərdəki dəyişikliklər də məhz bu psixoloji riskin nəticəsidir:

“Təhlükəsizlik imici artıq əvvəlki qədər sabit görünmür. Xüsusi hərbi əməliyyat narrativi artıq 3 sütuna dayanır. Bunlar müharibənin lokal və nəzarətdə olması, cəmiyyətin həyatına minimal təsir və Qərbə qarşı uzunmüddətli müqavimət modelidir. İndi isə bu sütunların hər biri müəyyən təzyiq altındadır. Narrativin zəifləməsi avtomatik olaraq siyasi sistemin daxildən çökməsi demək deyil. Rusiya kimi mərkəzləşmiş və təhlükəsizlik aparatına söykənən dövlətlərdə adaptasiya qabiliyyəti yüksək olur. Yəni Kreml iki istiqamətdə paralel işləyir - bir tərəfdən müharibəni normal həyatın içində görünməz saxlamaq üçün qüvvələri səfərbər ediblər. Digər tərəfdən təhlükəsizlik risklərini gücləndirməklə və nəzarəti artırmaqla vəziyyətdən çıxmağa çalışırlar”.

Hərbi ekspert “Rusiya-Ukrayna cəbhəsində yaxın aylarda nə baş verə bilər” sualına belə cavab verib:

“Mümkündür ki, eskalasiya və dərin zərbələrin sayı artacaq. Ukrayna uzaqmənzilli PUA və raket imkanlarını genişləndirdikcə Rusiya daxilində təzyiq artıracaq. Bu, xüsusilə Moskva ətrafında hava müdafiəsinin daha sərt rejimə keçməsinə səbəb ola bilər. Kreml cəmiyyəti daha çox nəzarət altına almağa, təhlükəsizlik tədbirlərini sərtləşdirməyə və informasiya məkanını daha da bağlamağa meyil göstərə bilər. Müharibənin taleyi təkcə arxa cəbhə ilə yox, əsasən Donbas və cənub istiqamətlərindəki hərbi balansla müəyyən olunacaq. Orada ciddi dəyişiklik olmadan daxili siyasi dönüş gözləmək çətindir. Müharibə artıq Rusiyanın daxilinə “sızır”. Amma bu prosesin nəticəsinin yaxın aylarda sistem böhranına çevriləcəyi barədə qəti fikir söyləmək tezdir. Rusiya kimi dövlətlərdə müharibə adətən cəbhədə və cəmiyyətin psixoloji idarə olunması istiqamətində gedir. İndiki mərhələ məhz bu iki xəttin toqquşma dövrüdür. Toqquşmanın nəticəsi hərbi vəziyyətdən yox, həm də Kremlin nə qədər daxili sabitliyi qoruyub saxlaya bilməsindən asılı olacaq”.

E.Məmmədəliyev,
Musavat.com

25.05.2026 17:08
964